“Rusiyanın Ermənistana hərbi dəstəyi məsələsi BMT-də müzakirəyə çıxarılmalıdır”
Rusiya sözdə özünü neytral vasitəçi kimi təqdim eləməyə çalışsa da, faktiki olaraq işğalçı Ermənistana hərbi dəstəyini artırmaqdadır. Qarabağ münaqişəsi mövzusunda son günlər müzakirə olunan məsələlərdən biri də Rusiya ilə Ermənistan arasında ortaq hərbi qruplaşmanın yaradılması ideyasıdır.
Artıq məlumdur ki, Rusiya prezidenti Vladimir Putin belə qruplaşmanın yaradılması yönündə Müdafiə Nazirliyinə Xarici İşlər Nazirliyi ilə birgə işləmək barədə müvafiq göstəriş verib. İşğalçını silahlandırmaqla kifayətlənməyən Rusiya artıq onunla birgə hərbi qruplaşmalar yaratmaq işinə girişib. Bu isə Azərbaycanda haqlı narazılığa yol açmaya bilməz.
Bu barədə danışan politoloq Qabil Hüseynli bildirdi ki, hadisələr çox təhlükəli səmt alır. Rusiya Cənubi Qafqazda ekstremal şəraitin yaranmasını istəyir və bunu açıq şəkildə həyata keçirmək üçün müxtəlif təhrikedici addımlar atır. Bu addımların bir qismini çoxdan idi gizli şəkildə həyata keçirirdisə, son zamanlar açıq şəkildə təhrikedici addımlar atmağa başlayıb: “Vaxtlilə Ermənistan sərhədlərinin Rusiya sərhəd qoşunları tərəfindən qorunmasına əhəmiyyət vermirdik. Amma bu, Rusiya qoşunlarının Ermənistanda yerləşdirilməsinin başlanğıc mərhələsi idi. Daha sonra Ermənistanla Rusiya 20 illiyə hərbi saziş imzaladılar. Həmin sazişə uyğun olaraq Rusiya hərbi bazalarının Ermənistanda yerləşdirilməsi prosesinə başladılar. Onda da susduq. Burnumuzun dibində Ermənistan sürətlə militarisləşdirildi və KTMT-nin Hava Hücumundan Müdafiə Sistemlərinin yaradılması da Ermənistandan başladı. Daha sonra bu təşkilatın Akademiyasının Ermənistanda yaradılmasına start verildi, Ermənistana əl altından silahlar göndərilməsini də Rusiya həyata keçirdi. Məsələn, ”İsgəndər-M" raketlərinin işğalçı ölkəyə göndərilməsi çoxdan həyata keçirilibmiş. Kredit adı altında Rusiya Ermənistana 200 milyon dollar dəyərində silahlar verib. Təkcə “İgəndər-M”in qiyməti 500 milyon dollardır. Ermənistana verilən “İsgəndər-M”lər 2 milyard dollar edir. Bundan başqa, “Miq-31" aviasiya təyyarələri, ”Solntse" tipli odsaçan silahlar, pilotsuz təyyarələr, tanklar, müasir hərbi texnikalar Ermənistana göndərilib. İndi də Rusiya Ermənistanla birgə ordu qruplaşmalarının yaradılması haqqında sərəncam imzalayıb. Bu, artıq misli görünməmiş bir hadisədir. Heç bir dövlətin praktikasında belə bir hala rast gəlinmir".
Azərbaycanın Rusiyanın bu addımlarına hansı şəkildə cavablar verməsi məsələsinə gəlincə, politoloq dedi ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün vasitəçilik edən ATƏT-in Minsk Qrupunun həmsədri olan bir ölkənin işğalçı tərəfə bu qədər hərbi dəstəyi, işğalçı tərəflə birgə ordu qruplaşması yaratması analoqu olmayan, qəbul edilməsi mümkün olmayan haldır.
Vasitəçi sayılan bir dövlət işğalçı ilə hərbi ittifaqdadırsa, onun vasitəçiliyi artıq sona yetmiş olur. Ona görə də Azərbaycan bu məsələni çox ciddi şəkildə qaldırmalıdır: “Ermənistanla birgə hərbi qruplaşmalar yaratdıqdan sonra Rusiya Minsk Qrupunun həmsədri olmaq kimi öz hüquqi və mənəvi haqqını artıq itirib. Azərbaycan bu faktın hüquqi reallaşması üçün cəhdlər etməlidir.
Azərbaycanın Rusiyaya yaxın qonşuluq münasibətlərinə əsaslanan yanaşması fonunda Rusiyanın atdığı addımlar heç bir siyasi, etik və hüquq normalarına sığmır. Bir tərəfdən bizə guya sülh yaradılması haqqında nəğmələr oxuyurlar, hətta böyük sülh sazişinin ilin sonuna qədər imzalana biləcəyi barədə fikirlər irad edirlər, o biri tərəfdən də Ermənistana dağıdıcı silahlar göndərirlər, birgə hərbi qruplaşmalar yaradırlar.
Bunlarla bağlı Azərbaycanın müəyyən addımlar atmasına zərurət var. Əvvəla, nota ilə Rusiyaya bu hərəkətlərinin beynəlxalq hüquq normalarına zidd olduğunu, Azərbaycanla yaxın qonşuluq münasibətlərinə uyğun gəlmədiyini bildirmək lazımdır.
Məsələ hətta elə həddə çatıb ki, Rusiyanın Ermənistanı silahlandırması, işğalçı dövlətlə birgə hərbi qruplaşmalar yaratması məsələsi BMT Təhlükəsizlik Şurasında da müzakirəyə çıxarılmalıdır. Çünki faktiki olaraq söhbət Minsk Qrupu həmsədri olan dövlətlərdən birinin təcavüzkar tərəfə hərbi dəstəyindən gedir. Bu, analoqu olmayan haldır və BMT bu məsələyə hüquqi-siyasi qiymət verməlidir".
Q.Hüseynli vurğuladı ki, digər tərəfdən, artıq Azərbaycan cəmiyyəti də hərəkətə gəlməlidir, Rusiyaya öz etirazını bildirməlidir: “Qarabağ Azadlıq Təşkilatı, digər ictimai qurumlar, siyasi partiyalar Rusiya səfirliyi qarşısında piketlər, mitinqlər təşkil etməlidir və ictimai etiraz ifadə olunmalıdır ki, Moskva Azərbaycan cəmiyyətinin onun Ermənistana hərbi dəstəyinə biganə qalmayacaq. Qarabağ məsələsi bəlkə də yeganə məsələdir ki, iqtidarla müxalifətin mövqeyi üst-üstə düşür-hər iki tərəf Qarabağın azad olunmasını istəyir. Odur ki, iqtidarlı müxalifətli bütün siyasi partiyaların bir araya gələrək Dağlıq Qarabağ məsələsi və Rusiyanın Ermənistana hərbi dəstəyi ilə bağlı ciddi mövqe ortaya qoymasının zamanı yetişib. Bütün partiyalar Rusiyanın addımlarına etirazlarını birgə ortaya qoymalıdırlar”.
Etibar SEYİDAĞA






