İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın ən zəif bəndi - Şimali Qafqazda terror Kremli daxilə fokuslayır...

486 25.06.2024 11:07 Ölkə A A

Dağıstanda 15-i polis olmaqla, 20 nəfərin terakt qurbanı olmasına görə matəm elan edildi, Azərbaycan Prezidenti Putinə məktub yolladı; Moskva terrorun arxasındakı “gizli əllər”in Kiyev və Qərb olduğuna işarə vurur - münasibət

Dağıstanda baş vermiş terror aktları nəticəsində 20 nəfər ölüb. “Yeni Müsavat” xəbər verir ki, hadisə zamanı azı 15 polis əməkdaşı, 1 keşiş, 1 kilsə mühafizəçisi və daha 3 naməlum şəxs öldürülüb. Daha 44 nəfərin yaralandığı qeyd olunur. 

Terrorçular Dərbənd və Mahaçqalada iki kilsə və bir sinaqoqa, o cümlədən polis postuna hücum ediblər, 68 yaşlı xəstə keşişi, o cümlədən kilsə mühafizəçisini öldürüblər. Sinaqoqa isə od vurublar. Bu mövzuda Axar.az yazıb ki, terror hücumunun motivi haqda ilkin ehtimal hələ ki yoxdur. Bilinən odur ki, bu terror hücumunda Dağıstanın Serqokalinski rayonunun başçısı Maqomed Ömərovun iki oğlu - Osman və Adil Ömərovlar, o cümlədən başçının qardaşı oğlu da iştirak edib. Osman Ömərov haqda olduqca maraqlı informasiya yayılıb. O, bizneslə məşğul olub, kafe və restoran işlədib, o cümlədən Türkiyə ilə də biznes əlaqələrinə malik imiş. Yayılan məlumatlara görə, Ömərov qardaşlarının heç bir maddi sıxıntısının olmadığı, hətta atalarının səlahiyyətlərindən istifadə edərək, geniş imkanlara sahib olduqları üzə çıxır. Eyni zamanda qətlə yetirilən digər terrorçu - Hacımurad Kaqirov da sıradan şəxs olmayıb. Həbib Nurməhəmmədovun yetirməsi olan MMA döyüşçüsü, titullu idmançı Kaqirov idman ustası imiş. Onları terrora nə məcbur edib? Nə baş verib ki, başçının oğlanları və qardaşı oğlu terakta əl atıb?

Ümumiyyətlə, Şimali Qafqaz ən həssas regiondur. Dini ekstremizm problemi həmişə bu bölgədə olub. Mahaçqala hadisəsinin sifarişçiləri təsadüfən bu yeri seçməyiblər. Rusiya dövlətinin ən həssaslıqla yanaşdığı Şimali Qafqazda xaos yaratmaq istəyiblər. Bundan əvvəl də İŞİD “Crocus”da terror törətdi. İndi də kilsə və sinaqoq hədəf götürülüb. Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Medvedyev bildirib ki, Dağıstanda qətliamı törədənlər ekstremistlərdir: “Ona görə də onların hamısının - Amerika hakimiyyəti, bandera rejimi və ağılsız fanatiklərin bizim üçün fərqi yoxdur”. Bununla Dağıstandakı qanlı qarşıdurmada xarici iz olduğuna eyham vurub. Rusiya Moskva terrorunu da Kiyevin üzərinə qoyub. Yeri gəlmişkən, eyni gündə ilhaq olunmuş Sevastopol vurulub. Həmçinin hər gün Rusiya şəhərlərinə PUA hücumları təşkil edilir, neft emalı zavodları hədəf alınır. Beləliklə, müharibə Rusiyaya transformasiya edilib və daxildə destabilizasiya yaradılır. Dağıstanda həyəcan təbili hələ ötən ilin oktyabrında çalınmışdı. İsrailin Qəzzada hərbi əməliyyata başlamasına etiraz edən yüzlərlə dağıstanlı gənc oktyabrın 29-da Mahaçqala hava limanına hücum etdi, təyyarələrin uçuş zonasını ələ keçirdilər, binada qapı və şüşələri qırdılar. Polis ortada yox idi. Radikal gənclər Mahaçqala hava limanına enən İsrail vətəndaşlarını axtarır, qarşılarına çıxanların pasportlarını yoxlayırdılar. İndi də sinaqoqun yandırılması yenidən bu məsələni gündəmə gətirir. Amma kilsə də hədəf alınıb və keşiş öldürülüb. 

“Bunun arxasında Ukrayna və NATO ölkələrinin kəşfiyyat xidmətləri dayana bilər. Çünki biz "xüsusi hərbi əməliyyat"da bütün cəbhələrdə uğur qazanırıq, bu da o deməkdir ki, onlara ölkəmizdə vəziyyəti qarışdırmaq lazımdır". Rusiya parlamentinin Dağıstanı təmsil edən deputatı Abdulhakim Hacıyev “Rossiya-1" kanalına açıqlamasında belə deyib. "İnanıram ki, əgər biz milli və dini dözümsüzlük, nifrət və rusofobiya ilə bağlı hər bir terror aktını Ukrayna və NATO-nun əməli ilə əlaqələndirsək, bu “çəhrayı duman” bizi böyük problemlərə aparacaq. Başqasının gözündə tükü görürük, amma öz gözümüzdə tiri görə bilmirik". Bunu isə Kremlin ən qatı təbliğatçılarından olan “Roskosmos”un sabiq rəhbəri, hazırda isə işğal edilmiş Zaporojye vilyəti ərazilərini təmsil edən Dmitri Roqozin deyib. Beləliklə, Dağıstandan olan deputat günahı “Krokus Siti Holl”dakı kimi Ukraynanın üzərinə yıxmağa çalışsa da, Roqozin, əksinə, bunun doğru olmadığını deyir. Bu isə ondan xəbər verir ki, Rusiyada Ukraynada davam edən müharibənin yaratdığı fəsadlar fonunda baş verən bu cür terror aktları cəmiyyətdə ciddi qeyri-müəyyənlik yaradıb...

Koordinasiyalı hücumun təşkilatçısı İŞİD terror təşkilatının Şimali Qafqaz qolu “Qafqaz Vilayəti” ola bilər. ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun (ISW) təhlilində deyilir. Təhlildə qeyd olunur ki, hücumdan sonra “Əl-Əzaim” qruplaşmasının Rusiya bölməsi “qafqazlı qardaşlar”ını mədh edən bəyanat yayıb. Vurğulanır ki, “Əl-Əzaim” məsuliyyəti üzərinə götürməyib, amma “qafqazlı qardaşlar”a istinad hücuma görə “Qafqaz Vilayəti”nin məsuliyyət daşıdığını qəti şəkildə deməyə əsas verir. ABŞ analitikləri Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) regional antiterror strukturunun martın 22-də İŞİD-ə bağlı qruplaşmanın Moskva vilayətində “Krokus” konsert zalında törətdiyi terror aktından sonra “Qafqaz Vilayəti”nin aktivləşməsi və Şimali Qafqazda işə qəbulla bağlı artan çağırışlarına dair xəbərdarlığına diqqət çəkib. İddiaya görə, Rusiyanın müsəlman azlıqlarla, xüsusən də Şimali Qafqazda getdikcə gərginləşən münasibətləri bölgədə “Qafqaz Vilayəti” və digər ekstremist qruplara marağı artıracaq.

Artıq Dağıstanda və Sevastopolda matəm elan olunub. Prezident İlham Əliyev də Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə başsağlığı məktubu ünvanlayıb. Məktubda deyilir: “Hörmətli Vladimir Vladimiroviç. Dağıstanda törədilmiş terror aktları nəticəsində dinc vətəndaşların və hüquq-mühafizə orqanlarının əməkdaşlarının həlak olması xəbəri məni dərindən sarsıtdı. Bu qanlı cinayətləri qətiyyətlə pisləyir, terrorizmin bütün forma və təzahürləri ilə mübarizəni dəstəkləyirik. Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir, bütün zərərçəkənlərin tezliklə şəfa tapmasını arzulayıram”. Prezident Dağıstan Respublikasının rəhbəri Sergey Məlikova da başsağlığı məktubu ünvanlayıb: “Hörmətli Sergey Alimoviç. Dərbənddə və Mahaçqalada törədilmiş və çoxsaylı insan tələfatı ilə nəticələnən terror aktları barədə xəbəri dərin kədər hissi ilə qarşıladım. Bu ağır itkinin kədərini bölüşərək, Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Dağıstan xalqına dərin hüznlə başsağlığı verirəm. Bütün yaralıların tezliklə şəfa tapmasını arzulayıram”.

Prezidentdən Qabil Hüseynli ilə bağlı sərəncam – Yeni Çağ Media

Qabil Hüseynli

Professor Qabil Hüseynlinin “Yeni Müsavat”a bildirdiyinə görə, Şimali Qafqaz ən təhlükəli ocaqlardan biridir: “Rusiya prezidenti Dərbəndə gedərək orada əlində Quran tutmuş, onu öpmüş və müsəlmanlara öz ehtiramını nümayiş etdirmişdi. Bu faktın özü təsdiq edirdi ki, Kreml sarayı regiona nə dərəcədə ehtiyatlı yanaşır. Ona görə bu terrordan sonra Dağıstanda təhlükəsizlik daha da gücləndiriləcək. Rusiyanın bizimlə sərhəd bölgədə nəzarəti artırmasına ehtiyac var. Azərbaycan da bu məsələdə tərəfdardır ki, sərhədlərimizdə xaos, terror, təhdidlər olmasın. Zənnimcə, bu terrorun sifarişçiləri Rusiyanın diqqətini içəriyə fokuslamaq istəyirlər. Bir yandan Rusiya şəhərlərinə hücumlar edilir, bir tərəfdən ekstremistlərlə daxildə terrora əl atılır”. Professorun fikrincə, Şimali Qafqaz idarəolunmaz vəziyyətə gəlsə, bölgəni alov bürüyə bilər: “Lakin bu ssenarini istisna edirəm. Artıq antiterror əməliyyatı başa çatıb. Bu terrorda sinaqoq və kilsənin hədəf alınması göstərir ki, İŞİD faktoru mümkündür. "Crocus" terrorunu da onlar etmişdilər. Bütün hallarda, cənab İlham Əliyevin dediyi kimi, sərhədlərimizin şimalında müharibə gedir..."

Natiq Cəfərli: "Cəmil Həsənlinin bu qədər səviyyəsiz vəziyyətə düşəcəyini  gözləmirdim"

Natiq Cəfərli

ReAl Partiyasının Siyasi Komitəsinin üzvü Natiq Cəfərli hesab edir ki, Rusiya qonşularına təhdid yaratmayan ölkəyə çevrilməlidir, amma dağılması böyük fəlakətlərə yol aça bilər: “Azərbaycanın şimal sərhədi boyu qeyri-sabit, kiçik və bir-biri ilə və hamı ilə düşmənçilik edəcək "ölkələrin", həmin “ölkələrdə” başıpozuq dəstələrin formalaşmasına səbəb olacaq ki, daim bizə qarşı təhdid yarada biləcək durum yarana bilər. Rusiya Çeçenistan da daxil, Şimalı Qafqaza ildə 9-10 milyard dollar dotasiya ayırır, həmin kiçik etnik muxtar qurumlarda iqtisadiyyat yoxdur, Rusiyanın mərkəzi büdcəsindən ayrılan vəsait olmasa, əvvəl bir-birilərinə, sonra ətraflarına saldıracaqlar, xaotik və qeyri-sabit bir coğrafiya ilə sərhəd olacağıq". 

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR