Belə ki, onun hakimiyyət başına gətirilməsindən sonra Dağlıq Qarabağda xəfiyyələrin nəzarəti altında əsl polis üsul-idarəçiliyi tətbiq edilir. “Orakarq” adlı qəzetin yazdığına görə, 2007-ci ildə separatçı rejimin “milli təhlükəsizlik xidmətinin” rəhbəri olan Bako Saakyan “DQR prezidenti” olduqdan sonra qondarma “respublikanın” daxilində ciddi dəyişikliklər baş verməyə başladı. Güc strukturlarının rolu artdı və Saakyan yüksək rütbəli zabitləri müxtəlif inzibati vəzifələrə təyin etdi. Qəzet yazır ki, azadlıqlar ciddi şəkildə məhdudlaşdırıldı, korrupsiya mərkəzləşdirildi, vəsaitlərin xərclənməsində irimiqyaslı korrupsiya baş alıb getdi, Qarabağa yatırım qoymaq istəyənlərə qarşı vergi terroru tətbiq edildi.
***
Qəzet yazır ki, Amerikanın nüfuzlu “Freedom House” təşkilatının ilk dəfə bu il Dağlıq Qarabağı “qeyri-azad ərazi” kateqoriyasına daxil etməsi də Saakyan rejiminin siyasətinin nəticəsidir. O vaxta qədər təşkilat Dağlıq Qarabağı “qismən azad” ərazi sayırdı. Məqalədə bildirilir ki, erməni ordusunun generalı Vladik Xaçatryanın “təhsil naziri” təyin edilməsi Qarabağda hərbi-polis rejiminin mövcud olmasının bir əlamətidir.
Bildirilir ki, hazırda Dağlıq Qarabağda “milli təhlükəsizlik xidməti” əsas hakimiyyət qurumudur, bu qurumun çoxlu sayda rəsmi və qeyri-rəsmi agentləri var. Bu təşkilat sovet komsomolu kimi həm də separatçı rejim üçün kadr bazası rolunu oynayır, onun əməkdaşları tez-tez müxtəlif vəzifələrə irəli çəkilir. Qəzet yazır ki, Saakyan öz hakimiyyətini möhkəmləndirmək üçün Dağlıq Qarabağda əsl polis rejimi yaradıb. Onun həyata keçirdiyi dəyişikliklərdən biri də “mərkəzi seçki komissiyasının” sədri vəzifəsinə polis generalı Rəşid Petrosyanı təyin etməsidir.
Həmçinin Saakyan xüsusi xidmət və ordu zabitlərini işğal altındakı ərazilərdə administrasiya rəhbərləri təyin edib.
***
Məqalədə bildirilir ki, hazırda Qarabağdakı rejim daxilində hakimiyyət uğrunda gizli intriqalar da gedir. Belə ki, “baş nazir” Araik Arutyunyanın gələnilki “seçkilərdə” qondarma “prezident” kürsüsü uğrunda mübarizəyə qoşulacağı gözlənilir. Xəbərlərə görə, onu Ermənistan hakimiyyətindən bəzi oliqarxlar dəstəkləyir. Arutyunyan Ermənistaın ən iri oliqarxlarından Barseq Bəyləryanın biznes ortağıdır, onların işğal altındakı Azərbaycan ərazilərində ortaq biznesləri var.
İstisna deyil ki, gələnilki “seçkilərdə” Ermənistan hakimiyyəti məhz Arutyunyanın namizədliyini irəli sürə bilər. Bu səbəbdən Saakyan öz rejimini möhkəmləndirir və xəbərlərə görə, İrəvana mesaj göndərir ki, hakimiyyətdən getmək niyyətində deyil. Qeyd edək ki, xaricdəki erməni diasporu tez-tez Dağlıq Qarabağda “demokratik erməni dövləti”inin qurulduğu barədə təbliğati tezisdən istifadə edir. Bu tezis xüsusən ABŞ Konqresindəki erməni dəstək qrupunun üzvləri tərəfindən gündəmə gətirilir. Dağlıq Qarabağda “demokratik dövlət”in qurulduğu haqda təbliğat ermənilərə ona görə lazımdır ki, bölgənin Azərbaycanın tərkibinə qaytarılmasının mümkün olmadığını əsaslandırsınlar. Bu məqsədlə tez-tez xarici mətbuatda erməni lobbisi tərəfindən Dağlıq Qarabağdakı rejimi təbliğ edən məqalələr, telesüjetlər sifariş edilir. Orada guya azad seçkilərin keçirildiyi və demokratik yolla yerli hakimiyyət orqanlarının formalaşdığı haqda təbliğat aparılır. Ancaq son vaxtlar elə erməni mediasında bu təbliğatı alt-üst edən materiallara rast gəlmək mümkündür.
***
İşğal edilmiş ərazilərdə 90-cı illərin ortalarından etibarən qurulan hərbi-kriminal rejim indi yeni forma alıb və ermənilərin özlərinin də təsdiq etdiyi kimi xəfiyyə-polis rejiminə çevrilib. Bu rejimə rəhbərlik edən şəxsin təkcə Ermənistandan yox, həm də Rusiyadan göstərişlər aldığına dair ötən saylarımızda yazmışıq.
2007-ci ilin sentyabrında Dağlıq Qarabağdakı qondarma rejimin rəhbərliyinə gətirilən Bako Saakyanın Rusiya və onun xüsusi xidmət orqanları ilə ilişkiləri barədə xeyli məlumatlar var. B.Saakyan hələ sovet ordusunda hərbi xidmətdə olarkən KQB ilə əməkdaşlığa cəlb edilib. Sonradan o, Dağlıq Qarabağdakı erməni qüvvələrinin təchizat üzrə qərargah rəisi olub, 1997-ci ildə Ermənistana milli təhlükəsizlik nazirinin köməkçisi vəzifəsinə işə keçib. 2000-ci illərin əvvəllərindən isə separatçı rejimin “təhlükəsizlik naziri” olub.
Erməni mətbuatında “seçki kampaniyası” zamanı onu təbliğ edən yazılardan birində deyilir ki, B.Saakyan 90-cı illərin əvvəllərindən başlayaraq Dağlıq Qarabağdakı erməni qüvvələrini silah-sursatla təchizatını təşkil edən əsas şəxs idi. Bildirilir ki, onun günü təyyarələrdə keçib, silah-sursat dalınca dəfələrlə Rusiyaya uçub. 90-cı illərin sonlarında Ermənistan milli təhlükəsizlik nazirinin köməkçisi olarkən Saakyan Rusiyanın bu ölkəyə əvəzsiz olaraq verdiyi 1 milyard dollarlıq silahs-sursatı və hərbi texnikanın daşınmasını şəxsən təşkil edib, aeroportda hərbi yükləri qarşılayıb və Qarabağa yola salıb. Heç bir şübhə yoxdur ki, Saakyanın Rusiyadan Ermənistana və Dağlıq Qarabağ ermənilərinə verilən silahların daşınmasının təşkilində bilavasitə iştirakı onun nə dərəcədə Moskvanın sadiq adamı olduğunu təsdiqləyir.
***
Azərbaycanın işğal altındakı ərazilərində baş verənlərə dair digər xəbərlərdən isə məlum olur ki, ermənilər Xankəndi yaxınlığında inşa edilmiş hava limanını istifadəyə vermək yönündə yeni cəhdlər edirlər. Ermənistan mətbuatının məlumatına görə, ötən həftənin sonlarında aeroportun uçuş-enmə zolağının gecə işıqlandırma sistemi sınaqdan keçirilib.
Hava limanının uçuş-enmə zolağının uzunluğu 2300 m, eni isə 20 metrdir. Xankəndi hava limanından ilk dövrdə İrəvana reyslərin təşkili planlaşdırılır. İlin əvvəlindən aparılmış işlər nəticəsində hava limanına böyük təyyarələrin enməsi üçün uçuş-enmə zolağı genişləndirilib, həmçinin yaxındakı təpənin zirvəsi hamarlanıb.
Ermənilər 2008-ci ildə aeroportun əsas binasının tikintisinə başlayıblar. Aeroportun açılışı bu il may ayının 9-na planlaşdırılsa da texniki səbəblər əsas gətirilərək açılış qeyri-müəyyən vaxtadək təxirə salınıb. Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyası isə bəyan edib ki, işğal altında olan Azərbaycan ərazilərində aeroportun tikintisi və Xankəndinə digər ölkələrdən rəsmi Bakının icazəsi olmadan təşkil olunacaq uçuşlar qeyri-qanunidir. Rəsmi Bakı icazə olmadan Xankəndinə uçan təyyarələrə qarşı fiziki məhvetmə də daxil olmaqla, qanunvericilikdə nəzərdə tutulan tədbirləri görəcəyini bildirib.
***
Rəsmi Bakının sərt reaksiyalarından və müvafiq beynəlxalq təşkilatların məsələyə qarışmasından sonra Ermənistan aeroportun açılışını “texniki səbəblərdən” təxirə salmışdı. Lakin separatçı rejimin “mülki aviasiya idarəsinin” rəhbəri Dmitri Atbaşyanın “Regnum”a bildirdiyinə görə, aeroportdan ilk uçuşları gələn ilin yazında həyata keçirmək planlaşdırılır.
Onun dediyinə görə, aeroport saatda 100 sərnişinə xidmət edə biləcək, daşımalar isə yerli aviaşirkət tərəfindən həyata keçiriləcək.
Dağlıq Qarabağda hava limanı açılması ermənilər üçün prinsipial əhəmiyyətə malikdir. Çünki bununla bir tərəfdən Xankəndi ilə İrəvan arasında mövcud olan yeganə əlaqə vasitəsindən - yüksək dağlıq bölgələrdən keçən Xankəndi-Şuşa-Laçın-Gorus yolundan asılılıq aradan qaldırılır, digər tərəfdən, işğal edilmiş ərazilərə hava yolu ilə hərbi yüklərin təcili daşınması üçün imkan açılır. Belə ki, ermənilərin Xankəndi aeroportunda iri hərbi-nəqliyyat təyyarələrini qəbul etmək üçün uçuş-enmə zolağı tikdiklərinə dair xəbərlər var. Bu baxımdan Azərbaycan üçün düşmən ölkənin bu planlarının qarşısını almaq strateji əhəmiyyət kəsb edir.






