Rusiyanın Güney Qafqaza yönəlik siyasəti getdikcə daha çox barıt qoxusu verməyə başlayıb. Moskva bir yandan Azərbaycanı və Ermənistanı “hərbi balans naminə” silahlandırırsa, ikinci yandan, Türkiyə ilə hərbi sahədə əməkdaşlığı genişlənirməyə kurs götürmüş kimi görünür. Söhbət Ankaraya ən modern S-4OO raketdən müdafiə sistemlərinin verilməsindən gedir.
Qeyd edək ki, bu ilin aprelində tərəflər arasında əldə olunan anlaşmaya əsasən, S -4OO-lərin iki divizionunun Türkiyə ərazisində istehsalı nəzərdə tutulub. Bundan isə ən çox narahatlıq keçirən Ermənistandır. İşğalçı ölkədə artıq təlaş keçirməyə başlayıblar ki, həmin silahlar ən əvvəl Naxçıvan istiqamətində, Ermənistana qarşı yerləşdirilə bilər.
Lakin silah ticarəti vasitəsilə öz büdcəsini əhəmiyyətli şəkildə zənginləşdirən və məkrli siyasət yürüdən Moskva öz satellitini də unutmur və onun Azərbaycan və Türkiyə qarşısında təhlükəsizliyi yönündə yeni-yeni addımlar atır. Məsələn, iki gün öncə Rusiya Dövlət Duması Ermənistanla Rusiya arasında birləşmiş qoşunların yaradılması haqda müqaviləni ratifikasiya edib.
Saziş 2016-cı ildə 5 il müddətinə avtomatik uzadılma şərti ilə bağlanıb və Rusiya ilə Ermənistan arasında ümumi müdafiə və təhlükəsizlik fəzasının formalaşdırılmasının beynəlxalq hüquqi əsaslarının müəyyənləşdirilməsinə yönəldilib. Qruplaşmanın idarə edilməsi üçün ortaq komandanlıq yaradılacaq. Komandan isə, Rusiya ali baş komandanı ilə razılaşdırmaq şətilə, Ermənistanın ali baş komandanı tərəfindən vəzifəyə təyin və azad ediləcək.
Qruplaşmaya Rusiyanın Ermənistandakı (Gümrü) 102 saylı hərbi bazası (şəxsi kontingenti 5 min nəfərə yaxındır), Ermənistanın 4-cü ordusu və Erebunidəki Rusiya hava bazası daxil olacaq. Musavat.com-un məlumatına görə, məsələni Dumada şərh edən Rusiya müdafiə nazirinin müavini Nikolay Pankov bu xüsusda deyib: “Dinc dövrdə qruplaşma Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinə, bilavasitə təcavüz və ya hərbi dövrdə də isə, vəziyyətdən asılı olaraq, ya Cənub Hərbi Dairəsinin komandanına, ya da Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinə tabe olacaq”.

*****
Diqqət edildisə, müharibə vəziyyətində komandanlıq əslində Ermənistana da verilə bilər. Pankovun təbirincə desək, “vəziyyətdən asılı olaraq” ortaq ordudan necə istifadə məsələsi bütünlüklə İrəvanın səlahiyyətinə keçə bilər. Bəs Rusiya müdafiə naziri hansı xüsusi vəziyyətə işarə edir ki, o halda qruplaşmaya rəhbərlik Ermənistana verilə bilər?
Sözsüz ki, nə Azərbaycan, nə də Türkiyə Ermənistana hücum etməyə hazırlaşmır – ta ki Ermənistan özü Türkiyə və Azərbaycana real təhlükə yaratmasa. Məsələ də elə ondadır ki, Ermənistan Qarabağ cəbhəsində hansısa hərbi üstünlük əldə eləmək naminə Naxçıvana zərbə endirmək fikrinə düşsə, o zaman Naxçıvan nahiyəsindən sarsıdıcı cavab zərbəsi almaqla yanaşı, önündə həm də Türkiyəni görə bilər. O halda, rus-erməni ortaq qruplaşmasının komandanlığı sırf Ermənistana həvalə edilə bilərmi?
Yaxud bəllidir ki, “İsgəndər”lər Ermənistana verilib, Dağlıq Qarabağdakı separatçı rejimə yox. Lakin Azərbaycanda müəyyən uzaq strateji obyektləri hədəf almaq üçün onun işğal altındakı ərazilərdə yerləşdirilməsinə ehtiyac yaranacaq. Rusiya buna icazə verəcəkmi? Verəcəksə, demək, özü də avtomatik şəkildə müharibəyə qatılmış sayılacaq. O zaman erməni-rus birgə qruplaşması Azərbaycan ərazisinə yeridilə bilərmi – necə ki, bir ara erməni general Makaryan arxayın şəkildə, hətta Putindən icazə almadan bunu mümkün saymışdı?..
*****
Əlbəttə, bu kimi sualları yüksək rütbəli Rusiya siyasilərinə və hərbçilərinə ünvanlasaq, belə bir şablon cavab alarıq ki, Dağlıq Qarabağ Rusiya-Ermənistan müqavilələrinin və KTMT-nin təsir və məsuliyyət zonasına daxil deyil. Lakin bu, kağız üzərində belədir. Rusiya isə sözü ilə, götürdüyü öhdəliklə əməli heç də həmişə üst-üstə düşməyən, beynəlxalq hüquqa bir elə sayğılı olmayan dövlətdir. Gürcüstan (2008) və Ukrayna, Krım (2013) nümunələrində bunu görmüşük. O üzdən Azərbaycan maksimum diqqətli olmaq zorundadır.
Hərçənd, Qarabağ məsələsinin özəllikləri də yaddan çıxarılmamalıdır. Bunlar:
1. Azərbaycanla Rusiyanın hər şeydən öncə silah ticarəti sahəsində yaxın əməkdaşlıq etməsi, Azərbaycanın Rusiyanın əsas silah alıcılarından olmasıdır;
2. Rusiya-Türkiyə əlaqələrinin xarakteridir: iki dövlət indi heç vaxt olmadığı qədər yaxın iqtisadi, hərbi münasibətlərdədir;
3. Türkiyə-Azərbaycan əlaqələrinin qardaşlıq səviyyəsində, Ermənistan-Rusiya yaxınlığı qədər möhkəm olmasıdır.
Qarabağa görə Ermənistan tərəfdə müharibəyə qoşulub-qoşulmamaq barədə düşünərkən Moskva bu 3 faktoru ciddiyə almaq, iki dəfə götür-qoy etmək, fikirləşmək zorundadır. Əks halda, Rusiya hər şeydən öncə mühüm iqtisadi tərəfdaşları olan Azərbaycan və Türkiyəni itirməklə yanaşı, nəticələri özü üçün çox neqativ ola biləcək hərbi avantüraya qatılmış olacaq.
*****

Sadalanan səbəblər toplusuna görə Rusiya belə görünür, Ermənistanla ortaq qruplaşma yaratmaqla daha çox bölgədə öz hərbi varlığını bir daha nümayiş etdirib möhkəmlətmək və istər Qarabağ məsələsi olsun, istərsə də başqa regional məsələlərdə özü üçün daha bir təhdidedici rıçaq əldə eləmək niyyətindədir – ki, bu rıçaqla ilk növbədə Ermənistanın hərəkətlərinə nəzarət eləsin, eyni zamanda Türkiyə və Azərbaycan qarşısında bölgədə hərbi prioritetlər baxımından zəif görünməsin.
Bu xüsusda bəzi siyasi və ekspert yanaşmalarına diqqət edək.
“Ermənistanı birləşmiş qruplaşmanın komandanlığına buraxmaq olmaz”. Bunu Dövlət Dumasının iclasında Rusiya Liberalı-Demokrat Partiyası (RLDP) fraksiyasının lideri Vladimir Jirinovski Rusiya və Ermənistan birgə qoşun qruplaşması barədə sazişin ratifikasiyası məsələsi üzrə müzakirələrin gedişində bildirib (Virtualaz.org).
Kremlin “danışan dilləri”ndən sayIlan V.Jirinovski hesab edir ki, Rusiya ərazisindən kənarda birləşmiş qoşun qruplaşmalarının və hərbi bazaların birgə idarə edilməsi yolverilməzdir. Onun sözlərinə görə, birləşmiş qoşun qruplaşması müstəsna olaraq Rusiya komandanlığı altında olmalıdır. “Bütün hərbi bazalar və birləşmiş qoşunlar qruplaşmaları üzərində komandanlıq yalnız müdafiə nazirinin baş qərargahının və bizim ali baş komandanın əlində olmalıdır. Birgə komandanlıq gözlənilməz mənfi nəticələrə gətirib çıxara bilər. Bizim xəbərimiz olmadan hansısa hərbi əməliyyatlara başlayacaqlar və biz də avtomatik olaraq həmin əməliyyata qoşulmalı olacağıq”, - deyə V. Jirinovski öz mövqeyini izah edib.
*****
Göründüyü kimi, ermənilərin bu ölkəni məqsədli şəkildə Azərbaycanla savaşa qatmaq istədiklərini anlayan siyasilər Rusiyada, hər halda, var. Bunu Jirinovski deyirsə, Kreml rəhbərliyi sürəcin yəqin ki, çoxdan fərqindədir.
Azərbaycanda isə rus-erməni ortaq qruplaşma ilə bağlı daha sərt mövqedə olan ekspertlər var.
“Ermənistanla birləşmiş qruplaşmanın yaradılması Rusiyanın Cənubi Qafqazdakı siyasi ambisiyalarının göstəricisidir”. Bu sözləri politoloq Qabil Hüseynli deyib (axar.az). O, Ermənistanla Rusiya arasında birləşmiş qoşunların yaradılmasının Qarabağ probleminə birbaşa təsir edən amil olduğunu deyib: “Açıq desək: bu, birbaşa Azərbaycan və Gürcüstanın əleyhinə çevrilmiş təhdiddir. Bu təhdid oyuncaq Ermənistandan istifadə etməklə, bölgədə süni gərginlik ocağı yaratmaq məqsədi daşıyır. Rusiya müdafiə nazirinin müavini Nikolay Pankov və digər çıxış edənlərin timsalında bunu açıq-aydın müşahidə edirik. Deyə bilərik ki, Rusiya quldurluq siyasəti yeridir. Bu siyasətlə Ermənistanı da əlində alətə çevirib. Bu addım digər suveren dövlətlərin hüququnu tapdalamaq, yeri gəldikdə onların torpaqlarını işğal etmək və sözün əsl mənasında, neoimperialist siyasət yürütməkdir”.
Politoloqa görə, ortaq qruplaşma tək Azərbaycan üçün deyil, bütün bölgə dövlətləri üçün təhlükədir: “Bütün bölgə dövlətləri bu məsələni beynəlxalq təşkilatların gündəminə daşımalı, müzakirəyə çıxarmalı və Rusiyanın hərəkətlərinə qiymət verilməsini tələb etməlidirlər. Rusiyanın bu müqaviləni imzalaması ciddi hüquqi, siyasi, mənəvi əsasları olmadığından, region dövlətləri birləşməli və birgə addım atmalıdırlar”.
*****

Ancaq məsələ də ondadır ki, Moskvanın bu addımı qarşısında Azərbaycan adekvat addım atmaq hüququ əldə edib. Söhbət Türkiyə ilə analoji qruplaşma yaratmaqdan gedir. Məsələn, Naxçıvanda belə bir hərbi strukturu yaratmaq üçün artıq heç bir hüquqi, siyasi əngəl görünmür. Naxçıvanın Qars müqaviləsindən irəli gələn statusu da buna imkan ver.
Üstəlik, Rusiyanın verəcəyi S - 400 kompleksləri bu qurumu daha effektli edərdi. Belə ki, S - 400 kompleksi “İsgəndər” kompleksinə qarşı güclü vasitə hesab edilir. Yəni, Türkiyə bu sistemlər hesabına nəinki Naxçıvanın, bütövlükdə Azərbaycanın hava məkanının daha yaxşı qorunmasına əlavə töhfə vermək iqtidarındadır. S - 400-lərin bir divizionunu Ankara Bakıya verə də bilər.
Yeri gəlmişkən, ermənilərin daha bir əndişəsi buradan qaynaqlanır. O sırada 1 in.am nəşrinin şərhçisi Akop Bədəlyanın narahatlığı diqqət çəkir. Musavat.com-un məlumatına görə, Akopyan yazır: “S - 400 kompleksləri “İsgəndər”lərə qarşı durmaq qabiliyyətindədirmi? Rusiyanın Türkiyəyə satdığı S - 400-lər Azərbaycana da məxsus olmayacaq ki? Türkiyə Ermənistandakı “İsgəndər”lərdən qorunmaq üçün Azərbaycana bir divizion S - 400 verə bilər. Rusiya Azərbaycana külli miqdarda silah, Ermənistana isə öz “incisini” – çəkindirici “İsgəndər” verib. Məntiq diktə edir ki, Moskva indi də Azərbaycana “İsgəndər”ə qarşı nəsə versin. Və bunu o, Türkiyə vasitəsilə edə bilər. Hər halda bu barədə düşünməyə və siyasi-diplomatik addımlar atmağa dəyər. Aqressiv düşməni qiymətləndirməmək olmaz”.
*****
Bəs, doğrudanmı Rusiya Ermənistana qarşı “S - 400 gedişi” eləmək istəyir? Bu suala hələlik birmənalı cavab vermək çətin olsa da, bir şey dəqiqdir ki, bu gün Rusiyanın Cənubi Qafqazı barıt çəlləyinə çevirib orada möhkəmlənməsində tək günahkar - Ermənistanın özü və onun öz qonşularına qarşı apardığı işğalçılıq, ərazi iddiası siyasətidir. Bu mənfur siyasətin altından nə vaxtsa bütün bölgə ölkələri pis-yaxşı çıxacaq, bircə Ermənistandan savayı. Keşkə, İrəvanda bunu bir an öncə dərk edəydilər – heç olmasa, erməni xalqının fiziki qurtuluşu naminə...
Analitik xidmət
Musavat.com






