Xarici işlər naziri Elmar Məmmədyarovun Tiflisdə “Şərq tərəfdaşlığı” ölkələrinin VI Qeyri-rəsmi Nazirlər Dialoqu Toplantısındakı çıxışı zamanı səsləndirdiyi bəzi fikirlər suallar yaradıb. XİN rəhbəri bildirib: “Hazırda Rusiya tərəfindən irəli sürülmüş təkliflər üzərində işləyirik”.
Şimal qonşumuzun təkliflərinin detallarının açıqlanmaması bir sıra sualların yaranmasına səbəb olub. Əsas məsələlərdən biri təkliflərin Rusiya-Türkiyə münasibətlərində son günlərdə yaşanan gərgin münasibətlərlə bağlıdır. Hər iki ölkə üçün Azərbaycanın strateji dövlət olduğu hər kəsə məlumdur. Bu baxımdan gələcəkdə münasibətlər gərginləşərsə, ölkəmizin mövqeyi də bu məsələdə mühüm rol oynayacaq. Məhz buna görə də Rusiyanın Türkiyə ilə münasibətlərinin gərginləşməsindən sonra Azərbaycana təklif verib-vermədiyi maraq doğurur.
Təkliflərin nədən ibarət olması isə əsas müzakirə mövzusuna çevrilən məsələdir.
Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər təkliflərin mahiyyətinin nədən ibarət olması barədə fikir bildirməyin çətin olduğunu söylədi: “Məsələnin mahiyyəti bundan ibarətdir ki, Ukrayna böhranından sonra Rusiya keçmiş sovet ərazisində təşəbbüsü ələ almaq istəyir. ”Yad ünsürlər"i öz tərkibindən çıxarmağa çalışır. Əsas məsələlərdən biri də regiondakı konfliktlərdir. Rusiya regional konfliktlərin həllini öz kontroluna almaq istəyir.

Ukraynada Krımın bir hissəsini azad edib. Gürcüstana təcavüz edib, Abxaziya və Cənubi Osetiyanı işğal edib. Osetiyanı ilhaq edərək, öz bazalarını qurub. Azərbaycanın Gürcüstana keçən nəqliyyat, enerji yollarını təhdid edir. Çalışırlar ki, Azərbaycan proseslərdə hərbi mövqedən çıxış etsin. Əks təqdirdə, Ukrayna və Gürcüstan kimi, təcavüz etmək zorunda qalacaq. Bu baxımdan Rusiyanın təkliflərinin arxasında duran niyyətlərlə bağlı onu deyə bilərəm ki, sülhməramlı qüvvələr adı altında Azərbaycanda legitim hərbi iştirakını təmin etmək istəyir. Dünyada baş verən proseslərin fonunda Rusiyanın hərbi konfliktinin Azərbaycan-Ermənistan arasındakı problemlərin həllində maraqlı olmadığı qənaətindəyəm. Neçə ki, Cənubi Qafqaza Rusiyanın təsiri güclüdür, bu problemin həlli mümkün deyil.
Konflikt, sadəcə, ağırlaşa bilər. Əgər Rusiya sülhməramlı qüvvələr adı altında Qarabağa öz silahlı qüvvələrini yeridərsə, bu, Qarabağın birdəfəlik itirilməsi deməkdir. Bu da Azərbaycanın müstəqilliyinin itirilməsi anlamına gəlir. Azərbaycan bununla həm öz müstəqilliyini, həm də Qarabağı itirəcək. Hakimiyyət bunu anlamalıdır. Beş rayonun azad edilməsindən Azərbaycan şirnikləşə bilər. Bu da Qarabağın itirilməsinə gətirib çıxarar".

Sabiq MTN zabiti, politoloq İlham İsmayıl hesab edir ki, Rusiyanın təklifləri özlərinə daha çox sərf edir: “Azərbaycanın Xarici İşlər Nazirliyinin rəhbəri diplomatik cavab verib ki, təkliflər üzərində işləyirik. Birbaşa ölkəmizin maraqlarına cavab vermiş təkliflər olsaydı, diplomatik cavab vermədən müsbət reaksiya verərdi. ”Şərf tərəfdaşlığı"nda Azərbaycanın xeyrinə olmayan məsələlər var. Rusiya kimi dövlətdən birdən-birə imtina məsələsi çox çətindir. Problemlər yarada bilər. Bu baxımdan Elmar Məmmədyarovun diplomatik cavabı düzgündür. Bu cavabları illərlə vermək olar".
İ.İsmayıl “Şərq tərəfdaşlığı”nda Rusiyanın Dağlıq Qarabağla bağlı heç bir təklifinin olmadığını qeyd etdi: “Həmişə olduğu kimi, Rusiyanın bu məsələdə bir fikri olacaq ki, hər iki dövlət danışıqlarla razılığa gəlsinlər. Bu təkliflərdən müsbət heç nə gözlənilmir. Təkliflər indinin deyil. Çoxdan bu təkliflər Rusiya tərəfindən verilib. Qazaxıstan, Belarus və Ermənistana verilən təkliflər kimidir. Azərbaycandan başqa digər ölkələrə də belə təkliflər verilib. Diplomatiya rəhbərimizin fikirləri dolayı yolla bunu təsdiqləyir. Rusiya-Türkiyə münasibətlərində Azərbaycana xoş olmayan nəzərlərlə baxırlar. Onların reaksiyalarından bu hiss olunur”.
Cavanşir ABBASLI