Ermənistanın xarici işlər naziri Edvard Nalbəndyan İtaliyaya səfəri çərçivəsində Romada öz italyan həmkarı Ancelino Alfano ilə görüşüb. Görüşdən sonra isə birgə mətbuat konfransı keçirilib.
Musavat.com-un xarici qaynağa istinadən verdiyi xəbərə görə, mətbuat konfransında Nalbəndyan ona Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sual ünvanlayan rusiyalı jurnalistə sərt cavab verib. Məsələ ondadır ki, Ermənistan XİN başçısı jurnalistin “işğal edilən Azərbaycan ərazilərini nə vaxt azad edəcəksiniz” sualı ilə çıxılmaz duruma düşüb. Bu üzdən də Nalbəndyan jurnalistə əsəbiləşib.
“Mən təəssüf edirəm ki, belə bir sualı mənə verdiniz. Bu sual ya redaksiyada yazılıb, ya da Bakıda”, - deyə o qəzəbini gizlədə bilməyib. Bundan sonra o, abstrakt şəkildə bəyan edib ki, onlar ATƏT-in Minsk Qrupunun münaqişənin həlli ilə bağı tövsiyələrinə qulaq asırlar.
Musavat.com






