Rusiyalı analitik: “Rus xalqı olmasaydı, bu gün Ermənistan olmazdı...”
“Dinc aksiyalar keçirib cinayətkarın cəzalandırılmasını tələb eləmək təbiidir. Ancaq vandalizm törətmək, Rusiya bayrağını ayaq altına atmaq, Gümrüdəki rus hərbi bazasına qarşı güc işlətmək – bunlar hamısı bizdə məyusluq doğurur. Bizcə, bu qara nankorluqdur”.
Musavat.com-un vesti-az-a istinadən verdiyi məlumata görə, bunu rusiyalı tanınmış politoloq, Moskvadakı Siyasi Təhqiqatlar İnstitutunun direktoru Sergey Markov Ermənistanda son günlər özünü göstərən anti-Rusiya ovqatını şərh edərkən deyib.
“Rusiya son 10 ildə Ermənistana çox kömək edib. Hətta son 10 ildə yox, 100 ildə. Rusiya dövləti və rus xalqı olmasaydı, bu gün Ermənistan mövcud olmazdı. Rusiyanın köməyi və minlərlə rus əsgərinin həyatı hesabına Ermənistan dövlət olaraq mövcuddur. Ona görə də nifrətlə yoğrulan sərt vandalizm, Rusiya əleyhinə çağırışlar bizi məyus edir. Biz gözləyirik ki, erməni dövləti və xalqı öz sözünü desin, xuliqanları cəzalandırsın”, - deyə politoloq vurğulayıb.
Musavat.com






