İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyadan Türkiyəyə “Su-35” təklifi: ABŞ-ın reaksiyası nə olacaq?

1996 19.07.2019 19:39 Gündəm A A

Ekspert: “Bu dartışmanın sonunda qalib tərəf Türkiyə olacaq”

Türkiyənin Rusiyadan S-400 zenit-raket komplekslərini alması, birinci tərəfindən ABŞ-la olan münasibətlərini bir qədər də gərginləşdirib. Artıq ABŞ tərəfi konkret olaraq sanksiya hədələrini səsləndirir və bundan sonra nələrə qadağa qoyacağını açıqlayır. Belə iyulun 17-də Ağ Evin verdiyi bəyanatda bildirilib ki, Türkiyənin Rusiyanın S-400 zenit-raket komplekslərini almaq qərarı onun “F-35” proqramında iştirakını mümkünsüz edir. Qeyd edilib ki, “F-35” kəşfiyyat məlumatlarının toplanması üzrə Rusiya platforması ilə birlikdə mövcud fəaliyyət göstərə bilməz. 

Lakin bu bəyanata Rusiya tərəfinin də cavabı gecikməyib. Belə ki, Rusiyanın “Rostex” dövlət şirkətinin rəhbəri Sergey Çemezov bildirib ki,  Türkiyənin maraqlarına uyğun gələrsə, bu ölkəni “Su-35” qırıcıları ilə təchiz edə bilər:

“Əgər bizim türkiyəli həmkarlarımızın belə bir istəyi olarsa, biz “Su-35”in çatdırılması ilə bağlı hazırlıq görə bilərik”, - Çemezov qeyd edib. 

Картинки по запросу “Rostex” dövlət şirkətinin rəhbəri Sergey Çemezov

Sergey Çemezov 

Eyni zamanda Türkiyə Xarici İşlər Nazirliyi isə ABŞ-a müraciət edərək ölkəni “F-35” proqramından çıxarma qərarından imtina etməyə çağırıb. Türkiyənin Müdafiə Sənayesi naziri İsmail Dəmir ABŞ-ın “F-35” qırıcıları ilə bağlı qərarını qınayıb. Nazir qərarın qanunsuz olduğunu bildirərək, “Bizə göndərilən rəsmi bir qərar yoxdur, rəsmi qərarı gözləyirik.  Türkiyə üzərinə düşən bütün öhdəlikləri yerinə yetirir. Təktərəfli qəbul edilmiş qərardır”,- deyə bildirib. O, həmçinin qeyd edib ki, əgər “F-35”lərlə bağlı problem yaranarsa, Türkiyə alternativ yollara baş vuracaq. Nazir “bütün seçimlər masadadır”, - deyə söyləyib.

“Yeni Müsavat”a danışan hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, “Su-35” kifayət qədər müasir qırıcıdır: “Əslində Türkiyə-ABŞ münasibətləri elə bir səviyyədədir ki, heç kim normal proqnoz verə bilmir. Çünki münasibətlər gah istiləşir, gah da gərginləşir. Amerikanın son zamanlar apardığı siyasət də anlaşılan deyil. Yaponiyada Trampla Ərdoğanın görüşündən başa düşmək olardı ki, Amerika S-400 məsələsində Türkiyəyə qarşı ədalətli davranacaq. Lakin biz bunun şahid olmadıq. Əksinə, üzdə gülüb öz günahlarını etiraf etdilər ki, Barak Obama vaxtında səhvə yol verib, Türkiyəyə lazımı dəstəyi göstərməyib. Ancaq eyni zamanda Türkiyə də iki il öncə Rusiya ilə imzaladığı sənədə  sona qədər əməl etdi. Artıq 4 diviziondan biri Türkiyəyə gətirilib və qalanları da oktyabr ayında gətiriləcək. Bütövlükdə isə Türkiyənin hava məkanını S-400-lər qoruyacaq. Bütün bunlardan sonra amerikalılar “F-35”dən Türkiyənin uzaqlaşdırılmasını bəyan etdilər. Bəyan etdikdən sonra isə müxtəlif versiyalar səsləndirirlər ki, sanksiyalar hələ qəti deyil, 2020-ci ildə qüvvəyə minəcək və sairə. Sözsüz ki, bu fonda Rusiya da “F-35”lərin əvəzinə, “Su-35” təyyarələrini təklif etdi. “Su-35” əslində 5-ci nəsil yeni silahlara aid olan bir təyyarədir. Bu, bütövlükdə demək olar ki, elektronika ilə təchiz edilib. Həm aşağı uçan, həm də dəniz hədəflərini məhv etmək gücünə malikdir. Düşünmürəm ki, Amerika Türkiyə kimi müttəfiqini “F-35”lərlə incitsin. Xarici mətbuatda yer alıb ki, Tramp Türkiyənin acığına erməni lobbisinin dəstəyini almaq üçün 2020-ci il üçün bəzi hədəflər müəyyənləşdirib”. 

Картинки по запросу hərbi ekspert Üzeyir Cəfərov

Üzeyir Cəfərov

Ekspert bildirib ki, burada siyasi amil ondan ibarətdir ki, Tramp 2020-ci ildə də prezident olmaq istəyir:  “Ona görə də “F-35”lərlə bir növ alverə başlayıb. Hər halda Türkiyə təyyarələrə görə 1 milyard 400 min dollar pul ödəyib. 4 təyyarə artıq Türkiyə Silahlı Qüvvələrinin arsenalındadır. Amerika tərəfi bildirib ki, ödənilən pulun geri qaytarılması ilə bağlı danışıq apara bilərik. Ancaq görünən budur ki, Amerika Türkiyə kimi müttəfiqini itirmək istəmir. Ötən gün NATO-nun baş katibi bəyanat verdi ki, heç bir halda Türkiyənin NATO-dan çıxarılması məsələsi gündəmə gələ bilməz. Qeyd edildi ki, bu, mümkün deyil. Eyni zamanda bu mövzuda Türkiyə tərəfi də bəyan etdi ki, NATO ilə münasibətləri fonunda “F-35”lərin Türkiyəyə verilməməsi, eyni zamanda NATO-nu xeyli dərəcədə zəiflədəcək. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu isə bəyan etdi ki, bu, normal bir haldır. Qeyd etdi ki, əgər “F-35”lər satılmırsa, biz digər ölkələrdən analoji silahları alacağıq və bunu da heç kim Türkiyəyə qadağan edə bilməz. Bir sözlə, hələ ki, söz müharibəsi gedir. Bəzi hallarda bu müharibə müxtəlif addımların atılmasına gətirib çıxarır. Təhlillərimə görə deyə bilərəm ki, bu dartışmanın sonunda qalib tərəf Türkiyə olacaq. Amerika nə qədər dirəniş göstərsə də, qazanc olmayacaq. Bu dirəniş də əslində daha çox Rusiyaya görədir. Türkiyə ilə o qədər də Amerikanın problemi yoxdur. Sadəcə olaraq Rusiyanı cəzalandırmaq üçün Amerika tərəfi müxtəlif addımlar atıb, bəhanələr ortaya qoyur. Əslində Türkiyə onların bütün bəhanələrini kəsib. Bildirirlər ki, S-400-lə bağlı nə sizə qaranlıqdırsa, gəlib baxa bilərsiniz. Türkiyə tərəfi bəyan edir ki, əslində S-400-lərin alınması NATO-nun da gücünü artıracaq. Doğrudan da bu, belədir. Çünki S-400-də 5-ci nəsil silah-sursatdır. Bu gün bütün parametrlərə cavab verir. Bəziləri yalnız müəyyən məsafədən uçanları məhv edə bilir. Ancaq bu zenit-raket kompleksi həm aşağıdan uçan, həm dənizdən uçan hədəfləri asanlıqla müəyyən edib, məhv etmək gücünə malikdir”.

Əli Rais,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR