Azərbaycan Dağlıq Qarabağ konfliktinin həllində heç bir uğura nail olmayan ATƏT-in Minsk Qrupunun başqa formatla əvəzləməyə çalışır. Bu da təbiidir, ona görə ki, əraziləri işğal altında olan tərəf məhz Azərbaycandır və status-kvonanın qalması ən çox bizim dövlətin maraqlarına ziddir.
Minsk Qrupu həmsədrləri isə əfsuslar olsun ki, təcavüzkar ölkənin cəzalandırılması və BMT Təhlükəsizlik Şurasının Qarabağa dair məlum qətnamələrinin yerinə yetirilməsi yönündə faktiki, əngələ çevrilib. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev bir daha IV Qlobal Bakı Forumunun açılışında çıxışı zamanı deyib.
“Ermənistan işğalı davam etdirdikcə isə özünü daha da təcrid vəziyyətinə salır. Nəticədə yoxsulluq artır. Dağlıq Qarabağ Azərbaycanın əzəli torpağıdır, bütün dövlətlər, beynəlxalq təşkilatlar Qarabağı Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanıyır. Torpaqlarımızın 20 faizi işğal altındadır. BMT Təhlükəsizlik Şurasının qətnamələrində işğalçı qoşunların torpaqlarımızdan çıxarılması tələb olunur” - deyib dövlət başçısı.
Onun sözlərinə görə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsi mexanizmi müzakirə mövzusu olmalıdır: “BMT Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə dəqiqəyə, saata icra olunur, bizə gələndə isə yerinə yetirilmir. Ermənistan status-kvonun dəyişməz qalmasını istəyir. Ancaq status-kvo dəyişməlidir, dəyişməməsi mümkün deyil. ATƏT-in Minsk Qrupunun həmsədrləri də status-kvonun dəyişməli olduğunu bildirirlər. Bunun üçün Ermənistan işğal olunmuş torpaqları azad etməlidir. 21-ci əsrdə qonşu dövlətin torpaqlarını işğal altında saxlamaq yolverilməzdir”.
***
Təəssüf ki, bu acı gerçəkdir: XXI əsrdə qonşu ölkə öz qonşusunun ərazisini on illərdir işğal altında saxlaya bilir. Daha betəri və təhlükəlisi odur ki, bunu dünya birliyinin işğalçıya göz yumması hesabına edir. Yəni presedent məsələsi. Heç şübhəsiz ki, beynəlxalq təşkilatlar, aparıcı güclər, Qərb erməni işğalına zamanında ciddi reaksiya versəydi, 2008-də Rusiya Abxaziya və Cənubi Osetiyanı, ardınca isə Krımı və Donbası işğal eləməzdi.
Paradoks da elə ondadır ki, guya vasitəçi missiyası daşıyan Minsk Qrupunun üç həmsədr ölkədən biri - Rusiyanın özü Ermənistan kimi işğalçıdır. İki ildir sanksiyalar tətbiq edilən bu dövlətdən görəsən Qarabağ məsələsində hansı ədalətli yanaşmanı gözləmək olar?
Cavab əlbəttə ki, neqativdir. Təsadüfi deyil ki, şimal qonşumuzun rəsmiləri bir dəfə də olsun, Ermənistanı öz adı ilə çağırmayıb, ona “işğalçı” deməyib, heç olmasa, “Dağlıq Qarabağ ətrafındakı rayonlar işğaldan azad edilməlidir” tipli şablon bəyanat səsləndirməyiblər. Halbuki, Moskva rəsmiləri “Azərbaycan bizə strateji tərəfdaş ölkədir” deməkdən yorulmurlar.
***
Dağlıq Qarabağ məsələsində status-kvonun qalması sözsüz ki, indi ən çox Ermənistan və onun əsas müttəfiqi Rusiyanın maraqlarına cavab verir. Bunu Ermənistan prezidenti Serj Sərkisyanın iki gün öncəki Moskva səfəri bir daha təsdiqləmiş oldu. Belə ki, prezident Vladimir Putinlə görüşdə Sərkisyan Qarabağ məsələsindəki “mövqeyinə və dəstəyinə” görə Rusiya prezidentinə təşəkkür edib. “Mən Rusiyanın Qarabağ probleminin həlli istiqamətində göstərdiyi səylərə görə Sizə təşəkkür etmək istəyirəm. Biz münaqişənin sülh yolu ilə həllinə sadiq olduğumuzu bir daha bəyan edirik”, - deyə Sərkisyan əlavə edib.
Serj Sərkisyan əlbəttə ki, blef edir. Ona görə ki, Moskva konfliktin həllinə həqiqətən səy eləsəydi, o çoxdan yoluna qoyulmuşdu. Rusiya sadəcə, Moskva və İrəvana sərfəli şəkildə status-kvonu saxlamaqla məşğuldur. Kremlin Qarabağ məsələsində “mövqeyi və dəstəyi”nin qayəsində elə bu dayanır. Problemin həlli yolunda ən böyük maneə məhz Rusiyadır və dünya da çoxdan bunu belə qəbul edir.

Bu xüsusda Ukraynanın sabiq prezidenti Viktor Yuşşenkonun Bakı Qlobal Forumunda postsovet məkanındakı münaqişələrdə Rusiyanın destruktiv rolu barədə söylədiyi ibrətamiz sayıla bilər. Sitat: “Ukraynanın şərqində baş verənlərlə bağlı Rusiya bəyan edir ki, guya bu, ukraynalılar arasında yaşanan münaqişədir. Lakin bu cəfəngiyyatdır. İnsanların beynində belə bir fikir yer alıb ki, niyə Ukraynanın ilhaq olunmuş ərazisində Rusiya ordusu var? Bu, böyük bir ordudur, bir çox Avropa ölkələrinin ordusundan böyükdür - 12 minə yaxın peşəkar Rusiya ordusu, yarımhərbi qruplar Ukraynada müharibə aparır. Ola bilər Ukraynada baş verənlər o miqyasda deyil ki, Avropada sülh yaşayışına təsir göstərsin. Avropada insanlar bunu hiss etmir. Bunun ölçüsünü müəyyən etmək üçün Dağlıq Qarabağ, Abxaziya, Cənubi Osetiya, Denstryanında olan münaqişələrə baxmaq lazımdır. Bunlar milli münaqişələrdir. Və bu münaqişələrin hamısı Rusiyanın məsələsidir. Bu münaqişələrin hamısının bir ssenarisi var: bütün münaqişələr əvvəl yaradılır, sonra isə dondurulur. Dağlıq Qarabağ və ya Dnestryanı münaqişələr illərdir uzanır. Bizim və sizin azadlıqlarınız bir-biri ilə bağlıdır. Bütün bu problemləri həll etmək üçün birləşmək lazımdır”.
***
Beləliklə, dünya Dağlıq Qarabağ ixtilafı da daxil, postsovet məkanındakı münaqişələrin etnogenezini, onlar idarə edən və həllinə əngəl olan əsas qüvvəni artıq yaxşı tanıyır. Bu - Rusiyadır. Qalır həmin qüvvənin beynəlxalq birliyin səyləri ilə neytrallaşdırmaq - hansını ki, öncəliklə yeni Avropa təhlükəsizlik sistemi tələb edir.
Rusiyanı ram eləmək üçünsə, bütün azadlıqsevər insanların birləşməsi, beynəlxalq təşkilatların eyni mövqe sərgiləyərək, işğalçıya aman tanımaması gərəkdir. BMT Təhlükəsizlik Şurasının, digər mötəbər təşkilatların Dağlıq Qarabağa dair qəbul elədiyi qərar və qətnamələrinin əsas çərçivə sənədləri kimi nizamlama stolu üzərinə qoyulması lazımdır.
24 illik sülh danışıqlarının acı təcrübəsi həm də onu deyir ki, təcavüzkar Ermənistan sanksiyalarla üzləşməyincə və ya belə bir təhlükəsi hiss etməyincə danışıqlarda konstruktiv mövqeyə gəlməyəcək - hansı format olur-olsun.