Xəbər verildiyi kimi, Sibirdə Mixail Popkov adlı keçmiş polis əməkdaşı 78 qadının öldürülməsində ittiham edilir.
“Sibir qulyabanısı” kimi təqdim olunan Popkov hələ 2015-ci ildən 22 nəfərin qətlində günahlandırılırdı. Lakin məhkəmə onun daha 56 nəfərin qatili olduğuna hökm verib.
İsveçrənin “Neue Zürcher Zeitung” qəzetinin yazarı Yelena Panaqiotidis Rusiyada daha bir manyak, Aleksandr Piçuşkinin 2007-ci ildə 48 qətl hadisəsinə görə ömürlük həbs cəzasına məhkum edildiyini xatırladır. Piçuşkin “obyekt seçimində” tamamilə sərbəst davranıb. O məktəb yoldaşlarından tutmuş, həmkarlarına, evsiz adamlara , əlillərə, tənha yaşlılara qədər xoşuna gəlmədiyi hər kəsi öldürüb. Qatil özünə məşhur Rostov yırtıcısı Andrey Çikatilonu nümunə götürdüyünü deyib.
“Seriya qatillərinin motivi müxtəlif olur. Bir çoxları bunu həzz almaq üçün, digərləri isə özlərini qüdrətli hiss etmək üçün törətdiyini deyir”,- müəllif qeyd edir.
Yazıda Almaniya tarixində ən qəddar qatil sayılan Nils Hegelin də nümunəsi göstərilib. Xəstəxanada sanitar işləyən bu manyak 332 epizod üzrə cinayətdə günahlandırılıb. 2015-ci ildə keçirilən məhkəmə prosesində o, hələ 100 nəfəri də öldürdüyünü etiraf edib. Hegelin sevdiyi iş xəstələrə ölümcül dozada dərman verib sonra onları diriltməyə çalımaq imiş.
Bu ilin yazında isə ABŞ-da Kalifornya ştatında keçmiş polis Cozef Ceyms di`Ancelonun etdiyi cinayətlərin üstü açılıb. Tutulana qədər onun hesabında 1975-1980-ci illərdə törətdiyi 13 qətl, 45 zorlama hadisəsi, onlarla soyğun işi olub.
Yazıda qadınlar arasında seriya qatillərin az olduğuna diqqət çəkilərək, bunun bir sıra səbəblərinin olduğu deyilir.
Psixoloq Coni Constonun bildirdiyinə əsasən, qadınların hədəf obyektləri kişilər qədər “geniş” deyil və onlar əsasən qarşı cinsin nümayəndələrini qətl edirlər. Bundan başqa, qadın seriya qatilləri hədəf dairəsi yalnız tanışları ilə məhdudlaşdığı halda kişilər üçün belə bir hüdud mövcud deyil.
Buna rəğmən yazıda istisna hallar da göstərilib. Məsələn, XIX əsrdə Ameliya Dayer adlı ingilis qadın 20 il ərzində 200-dən 400-ə qədər azyaşlı və körpə uşaqları öldürüb.
Musavat.com






