İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyadakı Qarabağ müzakirələrində inqilabi çağırış: Türk-Slavyan Birliyi ideyası - FOTOLAR

2373 18.10.2019 18:02 Reportaj A A

Qarabağ Azadlıq Təşkilatının (QAT) Rusiya səfəri davam edir. Səfərin növbəti günü Sankt-Peterburq şəhərində yerləşən Rusiya Təhsil Akademiyası Smolnı İnstitututunda “Rusiya ictimai fikri və Dağlıq Qarabağ münaqişəsi” mövzusunda Dəyirmi Masa keçirildi. Dəyirmi masada Azərbaycandan gəlmiş nümayəndə heyəti ilə yanaşı, Sankt-Peterburqun tanınmış elm və təhsil adamları, o cümlədən buradakı diaspor təşkilatının nümayəndələri iştirak edirdilər.

Əvvəlcə institutun yaranması, təhsil ocağında çalışan pedaqoji kollektiv və tələbələr, həmçinin Rusiyada mütəxəssislərin yetişməsində oynadığı rol barədə iştirakçılara məlumat verildi. Bu yerdə qeyd edək edək ki, Smolnı İnstitutunun rektoru, əslən azərbaycanlı olan alim, Avropa Təbii Elmlər Akademiyasının (Hannover şəhəri) akademiki, texniki elmlər doktoru Heydər İmanovdur.

Öyrənirik ki, Heydər İmanov vaxtilə buradakı forfor istehsalı ilə məşğul olan zavoda rəhbərlik edib. Daha sonra burada adi işçidən baş direktor vəzifəsindədək yüksəlib. Özəlləşdirmə zamanı zavodu alıb və onu özünün mülkiyyətinə çevirib. 20 il öncə isə burada Smolnı İnstitutunu təsis edib. İnstitutda 3 minədək tələbə təhsil alır, o cümlədən azərbaycanlılar. Azərbaycanlı tələbələrin sayı təqribən 20-dir, elə də çox deyil. Burada çalışan müəllimlər arasında da soydaşlarımız var...

Rektor dəyirmi masanı giriş sözü ilə açaraq hər kəsi salamladıqdan sonra diqqəti Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal olunmasına yönəltdi. Dedi ki, o, özü də qarabağlıdır, əslən Qubadlı rayonundandır və torpaqların işğalda qalmasından ciddi şəkildə narahatdır.

Rektor Rusiya ictimaiyyətinin də diqqətinin işğal faktına yönəldilməsini zəruri saydığını bildirdi: “Azərbaycanın öz ərazilərini işağldan azad etmək imkanları və qüdrəti var. Lakin rəsmi Bakı məsələnin sülh yolu ilə həllinə üstünlük verir, dünya birliyi bu faktı nəzərə almalıdır”.

40 ilə yaxındır, Sankt-Peterburqda yasadığını, burada çalışdığını deyən H.İmanov Rusiyanın Azərbaycana münasibətindən də bəhs etdi: “Mən Rusiya-Azərbaycan münasibətlərinin yüksək səviyyədə olmasına, prezident İlham Əliyevlə prezident Vladimir Putin arasındakı dostluq əlaqələrinə görə çox şadam. 1 milyon insan öz yurdunu məcburi şəkildə tərk edib. Beynəlxalq hüquq pozulub. Bölgədə ekoloji fəlakət yaşanır. Varvarcasına ərazidəki sərvətlər istismar olunur. Rusiyada 3 milyondan artıq azərbaycanlı yaşayır. Üstəlik, Rusiyanın müsəlman və türk əhalisini bunun üzərinə gəlsək, bunlar Rusiya əhalisinin 30 faizini təşkil edir. Kifayət qədər ciddi rəqəmdir. Buradakı azərbaycanlılar da işğalın davam etməsindən çox narahatdır. Rusiya ictimaiyyəti və dövləti bunu bilməlidir. Rusiya dövləti əhalisinin mühüm hissəsini təşkil edən türklərin marağını müdafə etməlidir. BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul edib ki, işğalçı qoşunlar dərhal əraziləri tərk etməlidir. Amma hətta Dağlıq Qarabağa aidiyyatı olmayan 7 rayon da işğal altında saxlanılır. Azərbaycanın bu əraziləri azad etmək üçün gücü var. Amma istəyir ki, dinc yolla məsələ həllini tapsın. Biz öz torpaqlarımıza qayıtmaq istəyirik. Şxsən mənim bütün doğmalarımın evləri dağıdılıb”.

H.İmanov qeyd etdi ki, Azərbaycan diasporu türk və slavyan xalqları arasında körpülərin qurulmasında önəmli rol oynayır: “ Artıq biz türklər və slavyanlar əsrlərdir bir yerdə yaşayırıq. Bu gün Rusiya və Türkiyə münasİbətləri çox yüksək səviyyədə inkişaf edir. Amma bu, yuxarı səviyyələrdədir. Aşağılarda münasibət bir başqadır. Ona görə xalqların da yaxınlaşmasına çalışmaq lazımdır”.

İnstitut rektoru ardınca çox mühüm bir təşəbbüslə çıxış etdi: “Mən 5 ildir Türk-Slavyan Universitetinin yaradılması təşəbbüsü ilə çıxış etmişəm. Həmçinin Türkiyə və Rusiyanın rəsmiləri, Rusiyanın Türkiyədəki səfiri ilə də görüşüb bu təşəbbüsümü çatdırmışam. Həmçinin prezident Ərdoğanın müşaviri İbrahim Kalınla görüşüb müzakirə etmişəm. Azərbaycan diasporu türk və slavyan xalqları arasında əlavə körpülərin atılması üçün bu, çox gözəl addım olardı. Lakin təəssüf ki, hələlik təşəbbüsümüzün nəticəsi yoxdur”.

Türkiyə-Azərbaycan münasibətlərindən bəhs edərkən bu iki ölkənin tarixi əlaqələrindən danışan H.İmanov dedi ki, əgər Rusiya olmasa, Türkiyəni parçalayıb bölüşdürəcəkdilər: “Dünya gücləri, bir hissəsini Ermənistana bağışlayamaq istəyirdi. Tarixi faktları və reallıqları nəzərə alıb pozitivləri götürmək və əlaqələri gücləndirmək lazımdır”.

Rektor ardınca Rusiyadakı azərbaycanlıların inteqrasiyasından bəhs etdi. “Rusiyada yaşayan 3 milyondan söhbət gedir. Bu insanların içərisindən kadrlar seçilib hazırlanmalıdır. Kim hazırlayacaq onları?” – deyən rektor diaspor daxilindəki problemlər haqda danışdı.

H.İmanov dedi ki, bu gün Azərbaycan diasporunu aktivləşdirmək olduqca zəruridir: “Lakin bu gün “banket diasporu” var. Azərbaycan diasporunu konsolidasiya etmək və Azərbaycan-Rusiya əlaqələrinin möhkəmlənməsi üçün çalışmaq lazımdır”.

QAT sədri Akif Nağı çıxış edərək, tədbirin təşkilinə görə institut rəhbərliyinə təşəkkürünü bildirdi. Eyni zamanda rektorun çox vacib məsələlərə toxunduğunu söylədi. A.Nağı Türkiyə, Rusiya və Azərbaycan arasında vaxtilə zərurətdən yaxınlaşmanın yarandığını dedi və indi də şəraitin bu əməkdaşlığı diktə etdiyini vildirdi.

A.Nağı ötən əsrin əvvəlində Türk-Slavyan əməkdaşlığı ilə bağlı təşəbbüslərin olduğunu da söylədi. QAT sədri H.İmanovun ideyasına dəstək verərək dedi ki, gecikmədən Türk-Slavyan universitetini yaratmaq lazımdır: “Bu, münaqişələrin həllinə də kömək edər. Yoxsa biz “kim günahkardır”, sualına cavab axtarsaq, nəticə əldə edə bilməyəcəyik. Gəlin bu ideyanı dəstəkləyək univerditet yaradaq, elm, təhsil və mədəniyyətin inteqrasiyası istiqamətində addımlar ataq. Belə bir universitet açılsa, əsl inqilab olar”.

QAT onu da xatırlatdı ki, Bakıda Slavyan Universiteti illərdir fəaliyyət göstərir. Rektor isə öz növbəsində “Sankt-Peterburq daim elm mərkəzi olub. 10 il sonra bu, belə olmayacaq. Ona görə də gecikmədən işə başlamaq lazımdır”, deyə, əlavə etdi.

QAT sədri Qarabağ mövzusuna diqqət çəkdi və səfərin məram-məqsədlərindən bəhs etdi: “Biz heç bir dövlətə, millətə qarşı deyilik. Ancaq əgər ermənilərin yalanları hər yerdə davam edirsə, biz nə etməliyik?” Ermənistanın indiki ərazisində dövləti Rusiya qurub. Ermənistandan Türkiyə və İrana qarşı düşmənçilik plasdarmı kimi istifadə edilib. Lakin indiki dopstluq münasibətləri şəraitində Rusiyanın İran və Türkiyəyə qarşı plazdarma ehtiyac yoxdur, körpüyə ehtiyac var”.

A.Nağı hər şeyi açıq danışmağa çağırdı: “Azərbaycanda deyirlər ki, Rusiyanın iştirakı olmadan Dağlıq Qarabağ məsələsini həll etmək mümkün deyil. Həm də bildirirlər ki, Rusiya Azərbaycana qarşı işğalçı mövqedə dayanıb, gərək bunu açıq deyəsən, belə bir mövqe var. Rusiyada da Azərbaycana qarşı ayrı-ayrı dairələrdə fərqli münasibət var. Əgər biz normal mövqe tutsaq, normal əlaqələr yaratsaq, böyük uğurlara nail olarıq. Bölgənin inkişafı Rusya, Türkiyə, Azərbaycan və İranın normal əlaqələrindən asılıdır”.
Bu yerdə rektor Heydər İmanov söhbətə müdaxilə edərək iştirakçıların diqqətini digər həqiqətlərə yönəltdi: “Ermənilər bu bölgəyə İran və Türkiyədən köçürülüb, Türkmənçay müqaviləsindən sonra. Qriboyedov ermənilərin Azərbaycan ərazlərinə köçürülməsini açıq yazıb. Mən özüm qarabağlıyam, yaxşı xatırlayıram, Dağlıq Qarabağda ermənilərin 150 il əvvəl köçürüldüyünü əks etdirən abidə var idi. Sonradan izi itirməkdən ötrü onu dağıtdılar”.

İnstitut rəhbəri bir daha öz ideyasının üzərinə qayıtdı: “Mən təklif edirəm ki, gəlin Türkiyə, Azərbaycan, Rusiya olaraq Türk-Slavyan universiteti, televiziyasının yaradılması üçün fond yaradaq! Mən AMEA-da oldum. Dedim gəlin biz dünyadakı alim azərbaycanlıların qurultayını keçirək ki, biz Azəraycan üçün nə edə bilərik? Şəxsən mən bunun üçün bir bina ayırmağa hazıram. Amma etiraf edirəm, mən oliqarx deyiləm”. H.İmanov ermənilərin katalizator rolunu oynamasından da bəhs etdi: “Türkiyə-Rusiya əlaqələrinə kim mane olur? Ermənilər. Çünki onlar hər bir türkü öldürməyə hazırdırlar. Ancaq biz də öz işlərimizi aparmalıyıq. Hanı bizim ideoloqlar? Bir nəfər mənə dedi ki, yüzlərlə kitab yazılıb, ermənilər öldürür, əraziləri işğal edir. O qədər deyiləcək ki, axırda sizə inanmayacaqlar. Amma siz desəniz ki, ermənilər Türk-Slavyan birliyinə mane olur, o zaman sizin dedikləriniz həssaslıqla qəbul olunacaq”.

Texniki elmlər və fəlsəfə elmləri doktoru, professor, kosmik qoşunların ehtiyatda olan polkovniki Aleksandr Subetto dünya reallıqlarından bəhs edərkən ABŞ-ın hərbi büdcəsinin 700 milyard dollara yaxın olduğunu xatırlatdı və ABŞ-ın siyasətini tənqid etdi: ABŞ dünyanı xaosla idarə etmək yolunu tutub. Bunun üçün Hantinktonun “Svilizasiyaların toqquşması” nəzəriyyəsini əsas tutur. Bu gün ABŞ, Ermənistan və Gürcüstana gəlmək istəyir. Gürcüstanda laboratoriyaları var”, deyə, o, bildirdi. Eyni zamanda Azərbaycan prezidenti İlham Əliyevin R.T.Ərdoğanı müdafiə etdiyini xatırladaraq “Ərdoğan kürdlərlə problemini həll etmək istəyir”, söylədi. Rusiya-Türkiyə münasibətlərindən bəhs edən A.Subetto Türk-Slavyan sinergiyası ideyasını tam dəstəklədiyini və ləngimədən həyata keçirməyin vacibliyini qeyd etdi. Qarabağ məsələsinin nizamlanmasından bəhs edərkən Rusiyanın rolunun həlledici olduğunu vurğulayan Subetto müharibədən çəkinməyə çağırdı. Bildirdi ki, əks təqdirdə region ikinci Suriyaya çevrilmək təhlükəsi ilə üzləşə bilər.

SSRİ-nin ilk və sonuncu prezidenti Mixael Qorbaçevin köməkçisi işləmiş fəlsəfə elmləri doktoru, professor İvan Fyodroviç Feklistov dəyirmi masada çıxış etdi. “Mənim hər iki oğlum illərdir azərbaycanlı gənclərlə dostluq edir. Hətta böyük oğlum tatar qızı alıb. Bu mənada hesab edirəm ki, inteqrasiya problemi yoxdur. Amma gəlin araşdıraq, görək niyə Smolnı institutunda azərbaycanlı tələbələr azdır?”

Feklistov Qarabağ məsələsindən bəhs edərkən Rusiya cəmiyyətinin Qarabağ həqiqətləri ilə bağlı məlumatlandırılmasının vacibliyinə diqqət çəkdi. O, “Rusiya üçün Ermənistan ərazisi çox vacibdir. Çünki orada bazalarını yerləşdirib. Ona görə də Rusiyanın Ermənistandan imtina edəcəyinə inanmaq olmaz. Odur ki, Azərbaycan Rusiya ilə münasibətlərində bu amili nəzərə almalıdır”-Qorbaçevin sabiq köməkçisi bildirdi.

Daha sonra tədbirdə “Elektrokeramika” Holdinqinin vitse-prezidenti, iqtisad elmləri namizədi, Nikolay Morozov, beynəlxalq münasibətlər üzrə mütəxəssis, psixologiya elmləri doktoru, professor Babək Əsədov, texniki elmlər namizədi, dosent Ramiz Quliyev, Smolnı İnstitutunun əməkdaşı, pedoqoji elmlər namizədi, dosent Natalya Radevskaya, Smolnı İnstitutunun ictimai işçlər üzrə prorektoru, Sankt-Peterburq bələdiyyəsinin üzvü Sabir Məsimov, psixologiya elmləri doktoru, institutun elmi işlər üzrə prorektoru, psixoloji elmlər doktoru, professor Semikin Viktor Vasilyeviç və digərləri çıxış etdilər.

Sonda A.Nağı institut rəhbərliyinə Qarabağ həqiqətlərindən bəhs edən, rus, Azərbaycan və ingilis dillərində nəşr olunmuş nəşrlər və xatirə hədiyyəsi bağıladı. Bununla da QAT rəhbərliyinin Sankt-Peterburq görüşləri başa çatdı. Növbəti görüşlər paytaxt Moskvada keçiriləcək.

Qeyd edək ki, səfər QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə reallaşdırılıb.

Elşad Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR