İnsanlara hürriyət, millətlərə istiqlal!

RUSİYADAKI LƏZGİ TƏŞKİLATI AZƏRBAYCANA HÜCUMA KEÇDİ

6382 20.02.2013 09:38 Gündəm A A
Qeyd edək ki, Federal Ləzgi Milli-Mədəni Muxtariyyəti Rusiyada rəsmi qeydiyyatı və statusu olan təşkilatdır, indiyədək Söyün Sadıqovun rəhbərlik etdiyi Rusiya Azərbaycanlıları Milli-Mədəni Muxtariyyətinin (“AzerRos”) analoqudur və prezident Vladimir Putinin rəhbərlik etdiyi Millətlərarası münasibətlər üzrə Şuranın üzvlərindən biridir. Məqalənin müəllifi kimi bu ləzgi təşkilatının Dağıstandakı nümayəndəsi Ruslan Gerayev göstərilir.
“Dağıstanın azərbaycanlı klanları. Bakı dağlar tərəfdə öz təsirini genişləndirir” başlıqlı məqalədə deyilir ki, Azərbaycan hazırda klanlar tərəfindən idarə olunur. 90-cı illərin əvvəllərindən başlayaraq Azərbaycanda klançılıq yenidən güclənib, üstəlik, Azərbaycan etnik azərbaycanlıların üstünlük təşkil etdiyi digər regionlara da klançılıq prinsipini “ixrac edir”. Müəllif yazır ki, böyük Rusiya ilə Azərbaycan arasında qalan Cənubi Dağıstan rəsmi Bakı tərəfdən böyük maliyyə və diplomatik dəstəyə malik olan etnik azərbaycanlı klanlarının nəzarətindədir. Bildirilir ki, hazırda Dağıstan Respublikasının Azərbaycandakı nümayəndəsi çox nüfuzlu olan Qurbanovlar klanının nümayəndəsidir. Bu klanın nümayəndələri Dağıstanın hakimiyyət sistemində mühüm vəzifələr tutur. Belə ki, klanın rəhbəri Qurban Qurbanov Dərbənd rayonunun rəhbəridir, Nəriman Qurbanov Dağıstan Xalq Məclisinin deputatıdır, Maqomed Qurbanov isə Dağıstan Respublikasının Bakıdakı nümayəndəsidir. Müəllif iddia edir ki, Dağıstanda fəaliyyət göstərən bir çox ictimai təşkilatların, xüsusən dini təşkilatlar kökü Azərbaycan, Türkiyə və İrana gedib çıxan agentura şəbəkəsidir. “Əgər Azərbaycanın Cənubi Dağıstandakı iştirakına nəzər salsaq və ilkin analiz aparsaq, o zaman aydın olar ki, azərbaycanlı klanlarının mübarizə arenası əsasən müxtəlif dövlət strukturlarındakı postlar, hər şeydən əvvəl prokurorluq və DİN-də, neft sənayesindəki postlardır” - deyə, müəllif yazır. Bildirilir ki, azərbaycanlı klanları həmçinin şərab və araq məhsullarının təchizatı, balıq ticarəti, ictimai iaşə, tikinti, məişət və sənaye elektrik avadanlıqları bazarında aparıcı mövqeyə malikdir.
“Bakı Dağıstanda öz təsirini çoxdan genişləndirməyə başlayıb. Lakin bu proses öz apogeyinə Dağıstanda Maqomedsəlim Maqomedovun prezidentliyi dövründə çatıb. Məhz onun vaxtında Azərbaycanın Dağıstanın cənub ərazilərində iqtisadi-siyasi ekspansiyası başladı. Böyük maliyyə imkanlarına malik olan Azərbaycan regionda öz iştirakını genişləndirdi, üstəlik, onun maraq sferası təkcə quru ilə məhdudlaşmadı və dənizi də əhatə etdi” - deyə ləzgi təşkilatının nümayəndəsi iddia edir. R.Gerayev iddia edir ki, “yoxlanılmamış mənbələr vasitəsilə” daxil olan məlumatlar dağıstanlı məmurların əksəriyyətinin Azərbaycanda aktivləri var: “Bəzi jurnalistlər iddia edir ki, praktiki olaraq Azərbaycanın ”Binə" tolkuçkası rayonundakı bütün iri ticarət bazarları dağıstanlı klanların nümayəndələrinə məxsusdur. Azərbaycan rəhbərliyi Dağıstan klanlarının nümayəndələrinə xüsusi olaraq şərait yaradır, Dağıstandakı işlərə təsir imkanları əldə etmək üçün onlara pul qazanmağa imkan verir". Məqalədə o da deyilir ki, Dağıstanın cənubu, yəni etnik azərbaycanlıların yaşadığı rayonlar yüksək dərəcədə korrupsiyalaşıb və regionun ümumi iqtisadi inkişafı yolunda əngələ çevrilib. “Dağıstanın indiki rəhbəri öz sələfinin yarıtmaz kadr siyasətini nəzərə alaraq hökumətdə rəhbər vəzifələrə nüfuzlu olmayan klanların nümayəndələrini, imkan olduqca ümumiyyətlə klanlara aid olmayanları cəlb edir. Bu isə Dağıstanın sərt siyasi reallıqlarında olduqca çətin, ancaq çox strateji vəzifədir” - deyə o yazır.
Məqalədə iddia edilir ki, Qurbanovlar klanı Azərbaycanın Dağıstandakı rəsmi və qeyri-rəsmi maraqlarının əsas ifadəçisidir. Bildirilir ki, Azərbaycan hakimiyyəti də müntəzəm olaraq Dağıstanın azərbaycanlı icmasının liderləri ilə təmas saxlayır. “Baxmayaraq ki, Dağıstanın heç bir rəhbəri bu vaxta qədər Azərbaycanın ləzgi, saxur, avar icmasının liderləri ilə bu cür təmaslar saxlamayıb” - deyə, müəllif yazır. R.Gerayev iddia edir ki, hazırda azərbaycanlı etnik qruplaşmalar Dağıstanın Dərbənd, Belici, Dağıstanskiye Oqni rayonlarında, Dərbənd şəhərində ciddi nüfuza, təsir imkanlarına malikdir. Müəllif hesab edir ki, Dağıstanda hakimiyyətə milliyyətcə avar olan Ramazan Abdulatipovun gətirilməsindən sonra yerli avar klanlarının azərbaycanlılara və Azərbaycana, habelə onun Cənubi Dağıstandakı nümayəndələrinə qarşı münasibəti dəyişəcək. Məqalədə daha sonra Azərbaycan etnik avarların, ləzgilərin hüquqlarını pozmaqda ittiham olunur. Bildirilir ki, Dağıstandakı azərbaycanlı klanlarının arxasında suveren dövlət - Azərbaycan dayanır: “Bir çox ekspertlər Cənubi Dağıstanda ən nüfuzlu oyunçunun da məhz prezident İlham Əliyev olduğunu göstərirlər”.
R.Gerayev onu da iddia edir ki, Dağıstanda və Rusiyada fəaliyyət göstərən güclü azərbaycanlı kriminal qruplaşmalarını da Azərbaycan xüsusi xidmət orqanları koordinasiya edir. “Qeyd etmək lazımdır ki, Azərbaycan xüsusi xidmət orqanları bütün Rusiya ərazisində azərbaycanlı qruplaşmaların və klanları dəstəkləmək üçün fəal işləyir” - deyə, o yazır.
Qeyd edək ki, Azərbaycana, Dağıstandakı etnik azərbaycanlılara və onların liderlərinə qarşı ittihamlarla dolu bu məqalənin Rusiyada rəsmi statusu olan təşkilat tərəfindən indiki məqamda ortaya atılması təsadüfi görünmür. Bütün bunlar sanki Azərbaycana qarşı həm də etnik zəmində başladılmış planların bir hissəsidir. Belə görünür ki, əvvəlcə Moskvada “Milyarderlər ittifaqı” adını alan, azərbaycanlı oliqarx-milyarderlərin birləşdiyi təşkilata R.Abdulatipovun üzv olması, daha sonra onun Dağıstana başçı göndərilməsi də eyni prosesin tərkib hissələridir. İndi isə Putinin rəhbərliyi ilə toplanan şuranın üzvü olan ləzgi təşkilatı Azərbaycanı “Dağıstanın cənubunu ələ keçirməkdə” ittiham edir və açıq-aşkar etnik zəmində qarşıdurma yaratmağa yönələn iddialar ortaya atır. Belə görünür ki, rəsmi Bakı bu məsələni araşdırmalı və adekvat reaksiyalar verməlidir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR