Həbs olunan soydaşlarımız arasında Azərbaycan vətəndaşları da var; onlardan birinin qabırğası qırılıb; ermənilərsə narahatdır və azərbaycanlı ağsaqqallara müraciət edirlər
Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində hazırda nisbi sakitlik hökm sürür. Amma işğalçı ölkənin davranışlarından görünür ki, hər an yeni təxribat hərəkətləri baş verə bilər. Bunu nəzərə alan ordumuz ayıq-sayıqdır və iki gün əvvəl düşmənin təxribatçı hərəkətlərinə tutarlı cavab verilməsi və bir muzdlunun məhv edilməsi də bunun sübutudur.
Ermənistan hakimiyyətinin danışıqları sonsuza qədər uzatmaq, status-kvonu saxlamaq və Qarabağın de-yure ilhaqına nail olmaq cəhdlərinə qarşı dünyanın müxtəlif ölkələrində soydaşlarımızın keçirdiyi etiraz aksiyaları isə davam edir. İyulun 28-də daha bir möhtəşəm aksiya Londonda keçirildi. Erməni təxribatçıların müdaxilə cəhdləri qətiyyətlə alındı, Türkiyə və Azərbaycan bayraqları, işğalçı Ermənistan əleyhinə şüarların qaldırıldığı, təcavüzə son qoyulması tələblərinin səsləndirildiyi möhtəşəm aksiya hər birimizi qürurlandırdı.
Ötən həftə Rusiya paytaxtı Moskva ermənilərlə münaqişənin mərkəzinə çevrildi, qarşılıqlı toqquşmalar zamanı xəsarət alanlar oldu, həbslər var. Rusiyanın böyük şəhərlərində, xüsusən də Moskvada gərginlik xeyli səngisə də, davam edir. Azərbaycan hakimiyyəti soydaşlarımıza müraciətlə onları təmkinli olmağa, erməni təxribatlarına yalnız və yalnız hüquqi müstəvidə cavab verməyə çağırıb, səfirliyimizin də bu istiqamətdə müraciəti olub. Rusiya həm çoxsaylı azərbaycanlıların, həm də ermənilərin yaşadığı ölkədir. Üstəik, ermənilər tərəfdən gərginliyi tətikləyən rəsmi, qeyri-rəsmi dairələr mövcuddur. Bu prosesin etnik toqquşma halında Rusiyanın şəhərlərinə keçməsi, böyüməsi ehtimalı nə qədərdir? Bu ölkədəki Azərbaycan icmalarının rəhbərləri, diaspor təşkilatlarımız ermənilərə qarşı nə edirlər? Ermənilər Moskva, Peterburq kimi şəhərlərdə Los Ancelesdəki kimi güclüdürlərmi?

Şamil Tağıyev
“Artıq iki gündür, demək olar ki, heç bir hadisə baş verməyib, qarşıdurmalar yoxdur, vəziyyət sabitdir”. Bu fikirləri Moskva Azərbaycanlıları İcmasının sədri Şamil Tağıyev “Yeni Müsavat”a açıqlamasında bildirdi. Diaspor təşkilatı rəhbərinin sözlərinə görə, Rusiyadakı ermənilər Los-Ancelesdəki kimi, gücə malik deyillər: “Buradakı ermənilərin gücü yalnız media və biznes sahəsindədir. Ancaq insanların kütləvi yaşadıqları yerdə bu gücü müşahidə etmirik. Məsələn, 3 erməninin yaşadığı yerdə bir azərbaycanlı yaşayırsa, orda ermənilər heç vaxt təxribata getməz, azərbaycanlıdan ehtiyat edər. Moskvada bu gün əksər avtomobillər Ermənistan nömrələri daşıyır, tranzit nömrələrlə gəzirlər, Ermənistandan ucuz alıb, gətirib burda sürürlər. Bu aralar harada ki, davalar düşmüşdü, ondan sonrakı bir həftə ərzində demək olar ki, paytaxtda erməni nömrə nişanlı maşınlar itib, sürmürlər. Erməni ailələrindən həmin rayonlarda yaşayan azərbaycanlılara müraciətlər var, ağsaqqallara müraciətlər edirlər ki, sizdən xahiş edirik, bizim ailəmizin təhlükəsizliyinə diqqət yetirin. Moskvada elə rayonlar var ki, orda azərbaycanlılar çoxluq təşkil edir. Rusiyada 3 milyon azərbaycanlı yaşayırsa, onların yarısı Moskvadadır. Özü də Moskvada hər cəhətdən oturuşmuş azərbaycanlılardır”. Ş.Tağıyev qeyd etdi ki, polis tərəfindən iğtişaşlarda iştirak edənlər araşdırılaraq saxlanılır: “Vəkillər bizə dedilər ki, iyulun 27-də 7 nəfər barədə 2 aylıq həbs qətimkan tədbiri seçilib. 3 nəfər 10 günlük saxlanılıb. Müvəqqəti saxlanılnalar da var, onların iştirak edib-etməməsi araşdırılır. Əksəriyyət isə buraxılıb”. Ş.Tağıyevin sözlərinə görə, saxlanma zamanı zorakılığa məruz qalanlar da olub: “Ailə üzvlərindən aldığımız məlumata görə, Azərbaycan vətəndaşı olan bir nəfərə qarşı zorakılıq edilib, onun qabırğası qırılıb, indi xəstəxanada mülicə alır. Polis evə soxulub onu tutanda deyəsən, vurub və qabırğası sınıb”.

Bundan sonrakı gözləntilərə gəldikdə, təşkilat rəhbəri bildirdi ki, həmvətənlərimizin hüquqi müdafiəsini təmin etməkdən ötrü vəkillər tutulub: “Vəkillər həm icma, həm də səfirlik tərəfindən ayrılıb, məsələ diqqət mərkəzindədir. Məqsəd günahsız yerə tutulan, iştirakı olmayan insanların həbsə düşməsinin qarşısını almaqdır. Tutulan 7 nəfər kameraya düşənlərdir, indiki halda onları həbsdən çıxartmaq imkanı yoxdur. Sadəcə gözləməliyik ki, məsələ yatsın, bir az zaman keçsin. Çünki baş verənlər prezidentə qədər gedib çatmışdı. Moskvada 3 gün dayanmadan qarşıdurmalar oldu. Özü də əvvəlki illərə baxanda çox qəddarcasına baş verdi bu qarşıdurmalar, ”linç məhkəməsi"nə bənzəyirdi. Ona görə də yuxarıdan tapşırıq və nəzarət var. Məsələn, biz dünən vəzifəli şəxslərlə görüşməliydik, harada ki, bunlar tutulub, saxlanılıb, əvvəlcə razılıq verdilər, sonra isə görüşmək istəmədilər. Onlar özləri də qorxurlar ki, birdən nə isə söz-söhbət gəzər".
Ş.Tağıyev qeyd etdi ki, bu dəqiqə Moskvadakı ermənilər yox şəklindədirlər: “Yəni qabaqkı illərə baxanda görürsən ki, bunlar burda aqressiya ritorikasından xeyli çəkiliblər. Erməni diasporunun daxilində də problemlər çoxdur, Paşinyan hakimiyyətə gələndən sonra Rusiyadakı erməni diasporu 3-4 yerə bölünüb və çox zəifləyiblər. Keçmişdəki gücləri olmadığından bu saat daha çox sülh yolundan danışmağa başlayıblar. Ermənilər özləri regionlardan zəng edirlər ki, bax, bizim regionda sakitlikdir, Moskvada da məsələləri yoluna qoyun, orada erməni ailələri yaşayır, biz istəmirik onlar zərər çəksin. Yəni belə sözlər deyirlər. Bir qrup radikal həmişə olur. Onlar da quldur dəstəsi kimi, gündüzlər gizlənirlər, gecələr üzə çıxırlar, elə bir nəticəyə də nail ola bilmirlər”. Ş.Tağıyev dedi ki, ermənilərdən 5 nəfər saxlanılıb, xuliqanlıq və quldurluq maddələri ilə ittiham olunur: “Daha 2 nəfər barədə məhkəmə qarşısında vəsatət qaldırılıb ki, onlar da saxlanılsın. Orda məsələ belədir ki. kiminsə həbsi üçün gərək rəsmi ərizə ilə müraciət edilsin. Boş-boşuna adam tutmurlar. Biz tərəfdən də ərizə yazan yoxdur. Tutulan ermənilər də ”1001 gecə" restoranına basqına görə saxlanılıb. Biz o restoranın sahibinə izah etdik ki, ərizə yazamasan, heç bir erməni tutulmayacaq. O da rəsmi müraciət etdi. Bu dəqiqə ermənilər həmin ərizənin əsasında saxlanılanlardır və restorana basqında iştirak edənlərdir. Amma ermənilər ərizələr yazırlar, həm BWM-nin sürücüsü, həm digərləri. Azərbaycanlılar ərizə yazmaqdan çəkinirlər. Ona görə də saxlanılan azərbaycanlıların sayı daha çoxdur, nəinki ermənilərin".
Təşkilat sədri dedi ki, indiki durumda Rusiya hakimiyyəti yerli vətəndaşların aksiyalarına belə, qadağan edir, odur ki, milli azlıqların hər hansı aksiyasına imkan verilmir. Ona görə də azərbaycanlıların mitinq, piket keçirməsi gündəmdə deyil: “Avropa, Amerikaya baxanda Rusiyadakı vəziyyət bir az fərqlidir. Amma Rusiya daxilində görülməsi zəruri olan nə işlər varsa, onların hamısını həyata keçirəcəyik”. Ş.Tağıyev Azərbaycan diasporunun hələ də pərakəndə olduğunu təəssüflə vurğuladı: “Amma milli məsələlərdə hamı birdir. Bu gün bir çox insanlarımız iş adamı Füzuli Məmmədovun ətrafına toplaşırlar”. Diaspora fəalı Azərbaycan dövlətindən, Rusiyadakı səfirliyimizdən gözləntilərini də bölüşdü: “İndiki situasiyada onlardan başqa bir istək yoxdur. Sadəcə olaraq belə bir duruma düşən Azərbaycan vətəndaşlarının dayağında dursunlar vəssalam. Bəzi iş adamlarımız da var ki, onlar tərəfindən kömək təklifi edilib. Ancaq indiki halda hələ ki, buna ehtiyac yoxdur. Çünki səfirlik özü də bu da məsələyə həssas yanaşır, bu işə qoşulub. Bizim özümüzün də gücümüz çatır”.
Rusiyanın paytaxtının Nikulinsk məhkəməsi Moskvanın müxtəlif yerlərində kütləvi münaqişələrdə iştiraka görə 4 erməninin həbsi barədə qərar verib. Oxu.az-ın məlumatına görə, bu barədə “TASS”a məhkəmənin mətbuat xidmətindən bildiriblər. Məlumatda deyilir: “Nikulinsk məhkəməsi beş nəfər üçün həbs qətimkan tədbiri seçib. Bunlar Nikoyan Artak, Apreyan Arsen, Apreyan Armen, Nikoyan Seyran, Petrosyan Argişt adlı şəxslərdir. Onların hamısı Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 213 maddəsinin 2-ci hissəsi üzrə ittiham olunurlar”. Bundan əlavə, Nikulinsk məhkəməsində hazırda Narek Petrosyan və Razmik Saakyanın həbsi ilə bağlı işə baxılır.
E.PAŞASOY,
“Yeni Müsavat”






