Rusiyada vəhşicəsinə öldürülən azərbaycanlının qatilləri məhkəmədə (VİDEO)
Rusiyada polis sistemində qalmaqala səbəb olan azərbaycanlı tələbə Seymur Ağayevin vəhşicə öldürülməsindən iki il ötür. Onun qətlində təqsirləndirilən 5 polis əməkdaşı bu gün hakim qarşısına çıxıb.
ANS TV-nin məlumatına görə, iki il öncə Moskvada rus polisləri tərəfindən vəhşicəsinə qətlə yetirilən azərbaycanlı tələbə Seymur Ağayevin işi üzrə növbəti məhkəmə prosesi bu gün başladı.
Saxlanılan polislərin bu cinayəti törətdikləri artıq heç kimdə şübhə oyatmasa da, onlara veriləcək cəzanın nə olacağı isə hələ bilinmir.
Moskva bölgə məhkəməsində keçirilən prosesə mətbuat nümayəndələri buraxılmadı. Təxminən 5 saat davam edən bugünkü prosesdə qətli torədən polis əməkdaşlarının ifadələri dinlənildi. Hakim prosesin 24 noyabrda davam etdirilməsinə qərar verdi.
Vəkil Sergey Simişenkonun sözlərinə görə, bütün şübhəlilər ifadə verdilər: “Onların ifadələrində tutarsızlıqlar vardı. Zərərçəkən tərəf olaraq biz maddi və mənəvi təzminat tələb etdik. Şübhəlilərin bu hadisə ilə bağlı günahları istintaq prosesində tamamilə isbatlandığını da diqqətə alaraq biz məhkəmənin ədalətli və sərt bir qərar verəcəyinə ümid edirik”.
77 bıçaq zərbəsilə vəhşicəsinə öldürülən azərbaycanlı tələbə Seymur Ağayevin atası Ağahüseyn Ağayev də qatillərə ən ağır cəzanın verilməsini istəyir:
“Bu gün də hiss olundu ki, onlar necə vəhşilik ediblər, necə vəhşicəsinə mənim oğlumu qətlə yetiriblər. Ona görə onlara ən ağır cəzanın tətbiq olunmasını tələb edəcəyəm və bunun üstündə dayanacağam”.
2012-ci ilin sentyabr ayında baş verən hadisə zamanı 4 polis əməkdaşı 22 yaşlı Seymur Ağayevə hücüm edərək onu işgəncə ilə qətlə yetirdikdən sonra bahalı maşınını oğurlayıb. Daha sonra onlar maşını satmaq istəyərkən yaxalanıblar.
Seymur Ağayevin meyiti isə meşədə tapılıb. Qatillərdən birinin Moskvanın şimal-qərb dairəsi üzrə polis idarəsinin rəisi Sergey Skubakın yaxın qohumu olması ehtimalı isə qalmaqalın daha da böyüməsinə səbəb olmuşdu.






