“Rusiyada ərazaqların qiymətlərinin bahalaşması Azərbaycana da təsir edəcək” - Vahid Əhmədov
“Rusiyada ərzaqların qiymətinin artması Azərbaycana da təsir edəcək”.
Bu fikri musavat.com-a açıqlamasında millət vəkili Vahid Əhmədov deyib. O bildirib ki,
Azərbaycanın ticarət əlaqəsində olduğu istənilən ölkədə baş verən devalivasiyanın müəyyən mənada ölkəmizə də təsiri olur:
“Baş verən siyasi hadisələr, Rusiyaya qarşı aparılan sanksiyalar, kəskin devalivasiya təbii ki, qiymətlərə də öz təsirini göstərir. Rusiya ilə Azərbaycanın ildə təxminən 2 milyard dollara yaxın ticarət əlaqələri var. Oradan müəyyən məhsullar Azərbaycana göndərilir. Eyni Rusiyada bizim vətəndaşlarımız da yaşaylrlar ki, onlar da ölkəyə pul vəsaiti göndərirlər. İstər Rusiya, istər Qazaxıstan və ya digər ölkələrdə olan devalivasiyanın Azərbaycana az da olsa təsiri olur. Məhsulların qiymətində dəyişiklik varsa, həmin ölkələrin ixrac qiymətlərində də müəyyən dəyişiklik olacaq”.
Qeyd edək ki, Rusiya Statistika Komitəsinin açıqladığı məlumata görə, cari ilin yanvar-iyul aylarında Rusiyada ərzağın qiyməti ötən ilin eyni dövrü ilə müqayisədə 10,6% artıb.
Rusiyanın Qərb ölkələrindən ərzaq idxalını dayandırması və rublda müşahidə olunan devalvasiya qiymət artımına səbəb olub.
Statistikaya əsasən, ilin əvvəlindən bütün ərzaq məhsullarında bahalaşma qeydə alınıb. Yanvar-iyul aylarında meyvənin qiyməti 25,4% artımla ilk sırada yer alıb. Balıq və dəniz məhsullları 17,8%, şəkər, bal 16,3% bahalaşıb. Çörəyin qiymətində 11,6% artım, ətdə 7% artım müşahidə olunub.
Əli Rais, musavat.com






