Rusiyada fəaliyyət göstərən tanınmış azərbaycanlı iş adamları İlham Rəhimov və Qod Nisanovun rəhbərlik etdiyi “Fut siti” şirkətlər şəbəkəsinin Ermənistana məxsus meyvə-tərəvələrin qəbulundan imtina etməsi ermənilərə böyük zərbə olub.
Ermənilər vəziyyətdən çıxış yolları aradıqları bir vaxtda növbəti zərbəni alıblar. Belə ki, Rusiyada daha bir nəhəng şəbəkə erməni mallarını boykot etdiyini açıqlayıb.
Musavat.com erməni mediasına istinadən bu barədə xəbər verir. Məlumata görə, bununla bağlı sosial şəbəkədəki “Ermənistanın ixracı” səhifəsində, Ermənistan İxracatçılar Birliyinin həmtəsisçisi Emil Stepanyan xəbər yayıb.
Bildirilir ki, bu dəfə erməni məhsullardan “Tvoy dom” (“Sənin evin”) mağazalar şəbəkəsi imtina edib, hansı ki, azərbaycanlı tanınmış iş adamı Araz Ağalarova məxsusdur. Ermənilər iddia edirlər ki, mağazalar şəbəkəsi bütün erməni məhsullarını – şirələri, mürəbbələri, araq və konyakı satmaqdan imtina edib. Bu məlumat ilk olaraq “Armtorq” kompaniyasından gəlib, hansı ki, Rusiyada erməni məhsullarına distryübiterlik edir.
Stepanyan özünü sındırmayaraq “Tvoy dom”un elə də nəhəng şəbəkə olmadığını, Moskvada, vilayətdə, həmçinin Voronejdə bir neçə mağazasının olduğunu deyib. O bildirib ki, Rusiya Sibirdən, Saxalinə qədər ucsuz-bucaqsız bazardır. O, iddia edib ki, erməni konyakı satmayan “Tvoy dom” özü uduzacaq.
Hələlik erməni iddiaları ilə bağlı A.Ağalarovun və ya “Tvoy dom“un digər rəhbər şəxslərinin açıqlaması yayılmayıb.
Musavat.com






