İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya və Türkiyədə ev almaq istəyənlərə XƏBƏRDARLIQ - “Onların başqa çıxış yolu yoxdur”

2947 12.04.2023 14:41 İqtisadiyyat A A

Uzun illərdir ki, azərbaycanlıların Türkiyə, Rusiya və Gürcüstanda mənzil alışı yüksələn xətlə artır. Lakin ötən ilin fevralında başlayan müharibə, bu ilin fevralında Türkiyədə baş verən dəhşətli zəlzələlər istər-istəməz dinamikaya təsir göstərib.  

Bəs bu təsir nə dərəcədədir? 

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı Musavat.com-a açıqlamasında bildirib ki, azərbaycanlılar onsuz da zəlzələ olan bölgəyə investisiya qoymurdular.

ramil.jpg (54 KB)

Ekspert qeyd edib ki, azərbaycanlılar adətən icarə üzrə gəlirlər yüksək olan mərkəzi şəhərlərə və turizm bölgələrinə investisiya yatırırlar:

“Ona görə də düşünmürəm ki, fevralda baş verən zəlzələlər Türkiyəyə investisiya axınına kəskin şəkildə təsir göstərəcək.

Statistikaya əsasən, Gürcüstan investisiya axını baxımından ilk yerdədir. Azərbaycanlıların Gürcüstana investisiya qoyuluşu daha çoxdur. Bu da Gürcüstanda iş mühitinin daha əlverişli, əlçatan olması ilə bağlıdır.

Rusiyada isə bu göstərici daha çox fiziki statistika ilə bağlıdır. Yəni orada yaşayan azərbaycanlıların sayı o qədər çoxdur ki, onsuz da onların başqa çıxış yolları yoxdur. Azərbaycan bazarı məhduddur. Bu bazara böyük investisiya yatıra bilmirlər. Ona görə də geniş bazar kimi Rusiyanı seçirlər. Həm də uzun illər orada yaşadıqlarından artıq öyrəşiblər. Müharibədən sonra vəziyyət qismən dəyişib, mövcud durumun nə vaxta qədər davam edəcəyini söyləmək çətindir”.

menzil.PNG (987 KB)

Ramil Osmanlı xatırladıb ki, bir müddət Şərqi Avropa ölkələrinə axın çox oldu:

“Bu, viza rejiminin qismən asan olması, həm də yaşayış şərtlərinin daha asan olması ilə bağlı idi. Lakin hesab etmirəm ki, bu səbəblər kəskin investisiya axınına gətirib çıxardı. Azərbaycanlılar statistik baxımdan daha çox Rusiya və Türkiyədə yaşayırlar. Eyni zamanda bəzi MDB ölkələrində - məsələn, Ukraynada, Qazaxıtanda və s. işləyən, yaşayan azərbaycanlılar var.

Son 10 ilin statistikasında daha çox axın Kanadaya müşahidə olunur. Mərkəzi şəhərlərin müqayisəsi baxımından götürsək, müharibəyə qədərki dövrdə Rusiya daha əlverişli idi. Rusiyada əmlakın gəlirliliyi Türkiyə ilə müqayisədə daha yuxarı idi. Məsələn, bir insan 10 milyon dollar investisiya yatırırdısa, bunun qarşılığında Rusiyada il ərzində təqribən 3,5-4 faiz, Türkiyədə isə 3 faiz gəlir götürürdü - istər evlərin kirayəsi, istərsə də qeyri-yaşayış obyektlərinin kirayəsi baxımından.

istanbul.PNG (1.46 MB)

Lakin son illərdə Rusiyada azərbaycanlılar üçün hüquqi istiqamətlərdən kənar problemlər ortaya çıxmaqda idi. Bu da nəticə etibarilə azərbaycanlıların tədricən Türkiyəyə axınına təsir göstərdi. Orada təhsil alma məsələləri, iş mühiti, dil, din, mədəniyyət amilləri də bu məsələyə öz təsirini göstərdi. Nisbi də olsa, gəlirlilik əmsalı Rusiyanın xeyrinə dəyişsə də, hesab edirəm ki, Türkiyə daha əlverişlidir. Çünki Türkiyədə qanunlar Rusiya ilə müqayisədə daha liberaldır”.

Aytən Novruz
Musavat.com    

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR