Rusiya ilə Azərbaycan arasında imzalanacaq saziş, əslində Azərbaycanın ərazi bütövlüyünün qorunmasına xidmət edir.
Bu saziş, indiyə qədər iki ölkə arasında aparılan yüksək səviyyəli və əhatəli danışıqların yekun nəticəsini əks etdirir. Strateji əməkdaşlıqla bağlı xeyli nüansların olduğu bu sənəddə xüsusən Qarabağla və açılacaq dəhlizlər, nəqliyyat, tranzit keçişlər, regionda təhlükəsizliyin qarşılıqlı təminatı kimi maddələr var.
Eyni zamanda, Rusiyanın Ukraynaya hərbi hücumu qaçınılmazdır, tərəflər arasında gərginlik artmağa davam edir, bu mənada, mən, müharibənin başlağıc tarixi kimi aprel ayını görürəm.
İki ölkə arasında başlayacaq müharibənin, çox cəbhəli 3-cü dünya müharibəsinə dönüşməsi də, labüd görsənir.

Ukrayna, əsas hədəfdir, lakin NATO açıq şəkildə hərbi dəstəyini nümayiş etdirərək, müharibəyə müdaxilə edərsə, Rusiya ordularının bir neçə xətt (Şimaldan Skandinaviya, xüsusən Finlandiya, həmçinin Baltikyanı ölkələr, cənubda isə Ukrayna və Moldova) boyunca Avropaya irəliləcəyini istisna etmirəm.
Putin Rusiyası üçün bu sazişin əsas məqsədlərindən biri, çoxcəbhəli müharibə ehtimalına qarşı, Cənubi Qafqazdan Rusiyaya NATO-nun hücumunun qarşısını almaqdır.
Azərbaycan, Rusiya sərhədlərinə hörmətlə yanaşır, üçüncü bir tərəfin ölkəmizin ərazisindən istifadə edərək Rusiyaya hərbi hücumunu qəbuledilməz görür.
Azərbaycan, qonşu olduğu bütün ölkələrlə bu prinsipi daima əsas alıb, hərbi tərəfsizlik missiyasına sadiq olub.
Bu gün, rus orduları sadəcə Donetskdə, Ukrayna sərhəddində cəmləşməyib, şimal və şərqi Avropa sərhədləri boyunca rus hərbi bazalarının olması, yeni fakt deyil.

Bu baxımdan, Putin başlayacağı böyük savaş öncəsində, potensial təhlükələri müəyyənləşdirməkdə, arxadan vurulacaq zərbələrini önləmə yaxud neytrallaşdırma prosesinə başlayıb.
Rusiyanın cənubi Qafqaza çoxsaylı ordu cəmləşdirməsi, region ölkələrini və Azərbaycanı ciddi narahat edəcək, buna görə də bu sazişin imzalanması və hərbi tərəfsizlik vurğusu şərtdir.
NATO üzvü Türkiyənin hərbi qarantorluğuyla Azərbaycan, regionda sabitliyin qorunmasında maraqlıdır, buna görə də, qərblə davamlı qarşıdurma yaşayan qonşu Rusiya və İranla bağlı hərbi tərəfsizlik mövqeyi, daima dəyişilməz və qəti olub.
Eyni zamanda Putinin artan aqressivliyi, Rusiyaya daha böyük zərbə vuracaq, bu isə artıq başqa mövzudur.

Son baş verən hadisələrin işığında, 2-ci Qarabağ müharibəsinin hansı risklərin əhatəsində baş verdiyini, qazandığımız tarixi zəfərin böyüklüyünü bir daha dərk edirik.
Ölkə başçısı cənab İlham Əliyevin əzmi, qətiyyəti, iradəsi, müdrikliyi və diplomatik bacarığının bu zəfərdə böyük rol oynadığının bir daha əyani şahidi oluruq.
Mürəkkəb bir coğrafiyada, fərqli qlobal maraqları olan qonşuların əhatəsində, öz ölkəsinin təhlükəsizliyini, stabilliyini qorumaq, əsl liderlik keyfiyyətlərindəndir.






