İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya-Ukrayna müharibəsində iştirak edən azərbaycanlıların vətəndaşlığı LƏĞV oluna bilərmi?

975 05.03.2024 15:18 Gündəm A A

“Suriya və İraqda döyüşən bir qrup azərbaycanlı kimi, Ukrayna savaşında hər iki səngərdə savaşanların da vətəndaşlığı ləğv olunmalıdır”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında İnsan hüquqları komitəsinin sədri Zahid Oruc “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2023-cü ildə ölkədə insan hüquqlarının qorunması haqqında illik məruzəsi”nin müzakirəsi zamanı deyib.

zahid esas.jpg (176 KB)

Komitə sədri bildirib ki, məruzədə İraq və Suriyada döyüş zonalarında qalan 469 qadın və uşağın ölkəyə qaytarılması - repatriasiyası əksini tapıb:

“Xüsusi vurğulayaq ki, terrorçu dəstələrə qoşulanlara və onların yaxınlarına münasibət dünyada birmənalı deyil. Yaxın Şərqdə qeyri-qanuni silahlı qruplaşmalarda iştirak edənlərin və qohumlarının öz ölkələrinə qayıtması təhlükə sayılır. Dövlət Təhlükəsizliyi Xidmətinin rəsmi məlumatına görə, Suriyaya gedən vətəndaşlarımızın sayı 1000-dən çox olub. Rusiya-Ukrayna müharibəsində də eyni vəziyyət yaranıb. Səngərin hər iki tərəfində bir-birinə güllə atanların həm də azərbaycanlılar olduğuna acıyırıq. Ona görə də Suriya və İraqda döyüşən bir qrup azərbaycanlı kimi, Ukrayna savaşında hər iki səngərdə savaşanların da vətəndaşlığı ləğv olunmalıdır. Sözügedən insanların, hətta uşaqlarının belə psixoloji durumunda dərin kök salan zədələr onların inteqrasiyası və reabilitasiyasını çətinləşdirir. Ona görə qanunvericilik sisteminin daha da sərtləşdirilməsinə ehtiyac var”.

Nəzərə almaq lazımdır ki, Rusiya-Ukrayna savaşında iştirak edən azərbaycanlılar həmin ölkələrin vətəndaşlarıdır. Buradan Suriyaya gedənlər isə Azərbaycan vətəndaşlarıdır. Üstəlik, sırf silahlı qruplaşmada iştirak üçün gediblər. Rusiya-Ukrayna ordusunda savaşanlar isə nizami ordudadırlar.

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə Musavat.com-a şərhində bildirib ki, istər Rusiya, istərsə də Ukrayna tərəfində döyüşən azərbaycanlılar həmin ölkələrin vətəndaşlarıdır.

CİNGİZ.jpg (28 KB)

Hüquqşünas vurğulayıb ki, vətəndaşlığı qəbul edən şəxslər həmin ölkələr qarşısında öhdəliklər götürür:

“Bu öhdəliklərdən biri də vətəndaşı olduğu ölkənin təhlükəsizliyini qorumaq, yaxud rəsmi hərbi tədbirlərdə iştirak etməkdir. Birinci Qarabağ müharibəsində rus mənşəli olsa da, bizim üçün döyüşən Azərbaycan vətəndaşı var idi. Rus millətindən olsa da, Azərbaycan vətəndaşı olduğu üçün döyüşlərdə iştirak etmişdi. Buna görə də vətəndaşı olduğu ölkə üçün müharibədə iştirak edənlərin vətəndaşlığının ləğv olunması məqsədəuyğun olmazdı. Bu, hüquq pozuntusu olar. Məsələ məhkəmə çəkişməsinə səbəb ola, hətta beynəlxalq məhkəmələrə qədər gedib çıxa bilər”.

Çingiz Qənizadə qeyd edib ki, ikili vətəndaşlığı olanlar barədə düşünmək olar:

“Əgər döyüşdə iştirak edən şəxs həm Azərbaycan, həm də Rusiya, yaxud Ukrayna vətəndaşıdırsa, bu barədə düşünmək olar. Yalnız döyüşən tərəfin vətəndaşı olan, Azərbaycanla heç bir bağlılığı olmayan şəxsin vətəndaşlığı hansı əsasla ləğv oluna bilər? Düşünürəm ki, Zahid bəyin təklifində söhbət ikili vətəndaşlığı olan şəxslərdən gedir. Onu da qeyd edək ki, Azərbaycanda ikili vətəndaşlıq anlayışı yoxdur”.

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR