İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Türkiyə və İsraili barışdırır - Azərbaycan da uduşda

8802 18.12.2015 08:30 Siyasət A A
“Su-24" olayı Türkiyə-Rusiya münasibətləri tarixində yeni mərhələ açmaqla yanaşı, Ankaranı öz regional siyasətinə təzədən baxmaq zorunda qoyub. Belə bir siyasəti ən əvvəl qardaş ölkənin Rusiyadan 55 faizlik qaz asılılığını mümkün qədər qısa zamanda aradan qaldırmaq zərurəti diktə edir. 

Artıq qonşu Azərbaycan, Qətərlə bu yöndə ilk anlaşmalar əldə olunub. Siyasi münasibətlər nə qədə problemi olsa belə, qonşu İran da bu yöndə etibarlı mənbədir - hər halda, Tehran o halda böyük iqtisadi qazanc əldə edə bilər. Nəhayət, mediada yayılan səhih informasiyalara əsasən Türkiyə İsraildən və Kiprdən də mavi yanacaq alaraq Rusiyadan asılılığını azaltmaq fikrindədir. 


***
“Türkiyə-İsrail münasibətlərinin normallaşdırılması Ankaraya Rusiyadan enerji asılılığını azaltmaq üçün bu ölkədən təbii qaz almağa imkan verəcək”. Bunu nüfuzlu “Bloomberg” agentliyinə Türkiyə hökumətindəki iki məlumatlı qaynaq bildirib. Onlar deyib ki, Rusiya hərbi təyyarəsinin vurulmasından sonra Ankara ilə Təl-Əviv arasında gizli təmaslar intensivləşib.

Məlumatlara görə, bundan başqa, Türkiyə Kipr adasının birləşməsinə də tərəfdardır və bunun üçün həm türk, həm də yunan icması ilə danışıqlar aparır. Ona görə ki, perspektivdə həm İsraildən, həm də Kiprdən təbii qaz idxalı Türkiyənin öz mənbələrini müxtəlifləşdirməsi və Şərqlə Qərb arasında əsas tranzit məntəqəsinə çevrilməsinə şərait yaradacaq. 

Mənbələr İsraillə Türkiyə arasında qısa müddətdə kompromis əldə oluna biləcəyini söyləyib. 
Belə görünür, Kremlin Ankaraya qarşı aşırı aqressivliyi Kipr məsələsinin həllinə də təkan verəcək. O zaman yunan Kiprində Rusiya hərbi bazasının yerləşməsi planlarının öz əhəmiyyətini itirəcəyi, eyni zamanda qardaş ölkənin Avropa Birliyinə üzvlük yolunun asanlaşacağı istisna deyil. Çünki Ankara qarşısında qoyulan üzvlük şərtlərindən biri məhz Kipr problemi ilə bağlıdır.    

*** 
Xatırladaq ki, az öncə Rusiya yunan Kipri ilə aparılan danışıqlarda Türkiyəyə adadan hərbi təzyiq göstərmək və Şimali Kipr Türk Cümhuriyyətini təzyiq altında saxlamaq üçün adanın yunan kəsimində hərbi baza yaratmaq istəyini bəyan edib, qarşı tərəfdən də buna müsbət cavab alıb. Hazırda tərəflər arasında bununla bağlı danışıqlar aparılır. 


Yunan Kipri ilə yanaşı, Moskva Türkiyəyə qonşu daha iki ölkədə - Suriya və Ermənistanda hərbi kontingentinin sayını artırmaqdadır və bir növ qardaş ölkə arasında hərbi mühasirə yaratmağa çalışır. Təbii ki, rəsmi Ankara bütün bunları görməyə və ciddiyə almaya bilməz. 
Artiq bu yöndə praktik kontur-addımlar var. Belə ki, bu arada Türkiyənin Fars körfəzi ölkələrindən olan Qətərdə hərbi baza yaradacağı məlum olub. Qətərdəki səfir Əhməd Demirok bildirib ki, müxtəlif təyinatlı bazada ümumilikdə 3 min hərbçi qalacaq. Burada hərbi dəniz və hava qüvvələri ilə bağlı xüsusi təyinatlı birliklər də xidmət keçəcək. Bildirilir ki, iki ölkə arasında yüksək səviyyəli hərbi əməkdaşlıq 2014-cü ildə imzalanan sənədlə daha da möhkəmlənib və bu, hərbi bazada 1 il əvvəl əldə edilmiş razılaşmanın əsasında formalaşdırılır. Hazırda Qətərdə Türkiyənin 100 hərbçisi var. Onlar qətərli həmkarlarına təlim keçirlər.

***
Ayrı sözlə, Ankara indi Rusiyadan qaz asılılığını minimuma endirmək üçün intensiv addımlar atmaqla yanaşı, paralel surətdə Moskvanın onun ətrafında yaratmağa çalışdığı hərbi mühasirə həlqəsini əhəmiyyətsiz edən praktik tədbirlərə girişib. Nəhayət, Türkiyə hökumətinin vaxtilə elan elədiyi “qonşularla sıfır siyasəti”nə qayıdışın elementləri özünü göstərməkdədir. 


Bir daha vurğulayaq ki, bu kimi proseslər Türkiyənin ən yaxın müttəfiqi kimi Azərbaycanın maraqlarına da tam uyğundur. Ən azı ona görə ki, Türkiyənin Rusiyadan energetik asılılığının azalması və onun bölgədə siyasi-hərbi cəhətdən daha da güclənməsi, habelə İsraillə əlaqələrinin normal məcraya qayıtması ölkəmizin Rusiyaya qarşı immunitetini və manevr imkanlarını genişləndirir. 

Saxta erməni soyqırımı ilə yanaşı, Qarabağ məsələsində də güclü yəhudi lobbisinin dəstəyinə zəmin yaradır. Azərbaycan ətrafındakı hazırkı mürəkkəb durumda bu, olduqca qiymətlidir. 
 
*** 
Yazı hazırlanarkən məlum oldu ki, İsrail Xarici İşlər Nazirliyinin (XİN) nümayəndə heyəti Bakıda səfərdədir. Demokratik İslahatlar Partiyasından mətbuata verilən xəbərə görə, partiya sədri Asim Mollazadə ilə nümayəndə heyəti arasında baş tutan görüşdə Azərbaycan-İsrail əlaqələri, postsovet məkanı ölkələrinin, o cümlədən, Cənubi Qafqaz, Orta Asiya və Rusiyanın regional strateji maraqlarının siyasi-iqtisadi aspektləri, Qarabağ münaqişəsinin həlli, qlobal və regional enerji təhlükəsizliyi müzakirə edilib.

Görüşdə İsrail XİN Siyasi Araşdırmalar Mərkəzinin Asiya və İqtisadi məsələlər bürosunun rəhbəri Benjamin Krasna, İsrail XİN Siyasi Araşdırmalar Mərkəzinin Avrasiya və Enerji məsələləri üzrə analitiki Vita Avrahamov, İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dan Stav və İsrail səfirliyinin missiya rəhbərinin müavini Amir Rom iştirak ediblər.
Bu səfər sözsüz ki, yazının kontekstindəki məzmuna,  Türkiyə-İsrail yaxınlaşmasına yönəlik proseslərin ruhuna tamamilə uyğundur. Bakı, heç şübhəsiz, köhnə müttəfiqlərin barışmasına məxsusi töhfə verə bilər.

Siyasət şöbəsi


Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR