Ankara bu ideyanı dəyərləndirəcəkmi? Ekspertdən maraqlı şərh
“Rusiya Krımı öz ərazisi hesab edir. Ukrayna ilə münasibətlərimiz Türkiyənin Yunanıstanla problemlərinə bənzəyir. Türkiyə-yunan məsələsinə qarışmadığımız kimi, Türkiyə də Ukrayna ilə mübahisələrə qatılmamalıdır. Türkiyə Krım məsələsindəki iddialarından imtina edərsə, Rusiya Şimali Kipr Türk Cümhuriyyətini qanuni bir dövlət olaraq tanıya bilər”.
Bunu Rusiya xarici siyasətinin nəzəriyyəçilərindən biri, professor Aleksandr Duqin Rusiya və Türkiyə prezidentlərinin Soçi görüşünün detallarından danışarkən söyləyib. Onun sözlərinə görə, Rusiya və Türkiyə bir daha hərbi və iqtisadi münasibətlər baxımından bir-biri ilə toqquşmayacaq.
Ekspertlər hesab edir ki Avrasiyaçı Diqinin bu fikirləri iki ölkəni toqquşdurub “bulanıq suda balıq tutmaq” istəyənləri, xüsusən də erməniləri və yunanları bərk məyus edəcək. Bəs bu ehtimallar nə dərəcədə gerçəyə yaxındır? Türkiyə buna gedərmi və Rusiya da Şimali Kipri qarşılığında tanıyarmı?
Siyasi şərhçi Oktay Qasımov “Yeni Müsavat”a bildirdi ki, Avrasiyaçılıq nəzəriyyəsinə görə, Duqin və onun kimi düşünən ideoloqlar Rusiyanın Türkiyə ilə əməkdaşlıq modelinə tərəfdar olanlardır: “O baxımdan bu yaxınlarda reallaşan Soçi görüşünün müəyyən detalları ilə bağlı onun açıqlamaları maraq doğurur. Duqin məlumatlı adam olduğu üçün hər halda onun fikirlərinə diqqətli yanaşmaq lazımdır. Şimali Kipr və Krım məsələlərinin eyniləşdirilməsinə gəlincə, burada müəyyən yanlışlıq var. Çünki Rusiyanı Kiprlə birləşdirəcək nə tarixi, nə də digər hansısa bir əlaqə olmayıb. Amma Krımla Türkiyəni tarixən birləşdirən çoxsaylı məqamlar var. Krım ərazisi uzun müddət Osmanlı dövlətinin tərkibində olub. Bununla bərabər Krım yarımadası tarixən Krım türklərinin vətənidir. Odur ki, iki problemin eyniləşdirilməsi hər halda doğru deyil. Duqinin ”Türkiyə Krım məsələsindəki iddialarından imtina edərsə, Rusiya Şimali Kipr Türk Cümhuriyyətini qanuni bir dövlət olaraq tanıya bilər" bəyanatı isə kifayət qədər ciddi bəyanatdır. Bu baxımdan bəyanat maraqla qarşılana bilər. Digər bir məsələ ondan ibarətdir ki, Duqin və onun kimi düşünən xeyli siyasətçilər, o cümlədən Kremldə sözü keçən xeyli məmurlarının bir qrupu Türkiyə ilə əməkdaşlığın tərəfindədir. Əslində Duqinin “bundan sonra Türkiyə və Rusiya iqtisadi, hərbi cəhətdən heç zaman toqquşmayacaq” fikri də olduqca maraqlı və müsbət yanaşmadır".

Oktay Qasımov
O.Qasımovun sözlərinə görə, Rusiya-Türkiyə münasibətlərinin ən azı son 30 ilinə baxsaq biz görəcəyik ki, hər iki dövlət arasında əməkdaşlıq ümumən yüksələn xətt üzrə inkişaf edib: “Xüsusilə son 20 ilə yaxın müddətdə bu münasibətlər daha intensiv hal alıb. Baxmayaraq ki, Türkiyənin və Rusiyanın həm regional, həm qlobal baxımdan müəyyən ərazilərdə maraqları toqquşur, amma bütün bunlara baxmayaraq önəmli olan məsələ budur ki, hər iki dövlət bu toqquşma və ziddiyyət yaradan məqamlardan yayına bilir, daha çox əməkdaşlıq edə biləcəkləri məsələləri önə çıxarmağa çalışırlar. Həm Türkiyə, həm də Rusiya Prezidentlərinin bu məsələlərdə iradəsi önəmli bir faktor sayıla bilər. Soçi görüşündən məlumatların xəsisliklə verilməsi də onu göstərir ki, hər halda təxminən 3 saat davam eləyən bu görüş Türkiyə Prezidentinin də qeyd elədiyi kimi məhsuldar və konstruktiv keçib. Burdan görünən odur ki, müəyyən ciddi qərarlar alınıb. Məncə, bu qərarların təsiri məhz elə 2 gün öncə Rusiyada xarici işlər naziri Sergey Lavrovun İran xarici işlər nazirinə verdiyi cavabda da öz əksini tapdı. Yəni İranın Güney Qafqaz, o cümlədən Azərbaycan və Azərbaycan-Ermənistan sərhədlərindəki məsələləri birtərəfli qaydada, düşməncəsinə təqdim eləməsinə çalışmasına baxmayaraq, Rusiya tərəfindən iranlı nazir əslində yerində otuzduruldu və İranın bu məsələlərə faktiki olaraq qarışmaması istəndi. Bildirildi ki, bölgədə proseslər 10 noyabr üçtərəfli bəyannaməsi ilə tənzimlənir. Yəni bu o deməkdir ki, İran bu məsələyə qarışmasın. Hər halda Türkiyənin Qarabağdakı sülh yaratma prosesində monitorinq mərkəzində iştirakı Rusiya tərəfindən qəbul edilib. Bu da hər iki dövlət arasında əməkdaşlığın bir faktoru sayıla bilər. O baxımdan mən də düşünürəm ki, həm Rusiya, həm Türkiyə qlobal miqyasda onlara qarşı olan təhdidləri nəzərə alaraq münasibətlərinin inkişaf etdirilməsində maraqlıdır”.
Siyasi şərhçi onu da vurğuladı ki, münasibətlərin inkişafına təkan verə biləcək xeyli amillər var və onlardan biri də regional məsələlərdə əməkdaşlıqdır: “Əlbəttə, bu iki dövlət arasında münasibətlərin intensiv inkişafı hal-hazırkı dövrdə xüsusilə Cənubi Qafqazda sülhün formalaşmasına təkan verə bilər. Rusiya-Türkiyə əlaqələrinin inkişafı İranla yanaşı, yunanları da narahat edir. Bu baxımdan Duqinin söylədiyi fikirlər kifayət qədər məntiqli və qəbul olunan müsbət bir fikir kimi dəyərləndirilə bilər. Türkiyə bu ideyanı müsbət dəyərləndirə bilər”.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”






