Rusiya Qarabağda təxribata hazırlaşır?
Ermənistandakı 102 saylı (Gümrü) hərbi bazasının komandanı, polkovnik Andrey Ruzinskinin Azərbaycana ünvanlı hədələyici açıqlaması hələ də Azərbaycan və Ermənistan siyasi-ictimai və ekspert səviyyəsində müzakirə edilməkdədir.Xatırladaq ki, Rusiya Müdafiə Nazirliyinin orqanı olan “Krasnaya Zvezda” qəzetinə müsahibəsində zabit Azərbaycanın Dağlıq Qarabağ üzərində nəzarəti hərbi yolla bərpa etməyə çalışacağı təqdirdə Rusiyanın KTMT müqaviləsi çərçivəsində Ermənistan tərəfdə konfliktə müdaxilə edəcəyini bildirib. Bu isə münaqişə tərəfləri olan ölkələrdə birmənalı qarşılanmayıb.
Hər iki ölkədə səslənən rəylərdə qırmızı xətt kimi belə fikir keçir ki, sırf əmri yerinə yetirməli olan rus zabitinin siyasi bəyanatla çıxış eləməsi heç də onun öz iradəsindən doğmayıb və daha yüksək dairələrin mövqeyi ilə bağlıdır. Başqa bir qənaət belədir ki, bununla Rusiya öz forpostu Ermənistanı sakitləşdirmək və son vaxtlar Azərbaycana özünün müasir döyüş maşınlarını verməsi sarıdan onun narahatlığını azaltmağa ümid edir.
Ancaq bu versiyaya da opponentlik edən erməni politoloqları var. Sonuncuların zənnincə, Moskva yenə siyasi riyakarlıq edir, çünki o, Azərbaycana satdığı müasir hərbi texnikanın hərbi əməliyyatlar zamanı uğursuzluğa uğramasını istəməz, zira, söhbət həm də Rusiyanın hərbi imicindən, silah bazarına inamdan gedir. Bu xüsusda tanınmış erməni ekspertlərindən biri Andrey Ruzinskinin açıqlamasını erməni cəmiyyətinə ünvanlı “psixoterapevtin alınmayam seansı” adlandırıb. Bu qəbildən maraqlı və orijinal dəyərləndirmələr fonunda Azərbaycanın yeni müdafiə naziri Zakir Həsənovun ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə srağagünkü görüşdə konkret olaraq rusiyalı vasitəçi İqor Popovdan 102 saylı bazanın komandanının məlum açıqlaması ilə bağlı izahat istəməsi də təbii ki, diqqət çəkir. Məlumatlara görə, rusiyalı həmsədr bunun bir anlaşılmazlıq olduğunu (?!) söyləyib və məsələnin araşdırılacağına söz verib.
Kreml qarşısında belə bir tələbin qoyulması və izahat istənilməsi əlbəttə ki, təqdirəlayiqdir. Bunu əslində bir qədər gecikmiş də olsa, rəsmi Bakının reaksiyası kimi qəbul eləmək lazım gəlir. Qalır insidentə Rusiya tərəfinin sərgiləyəcəyi reaksiya.
Mövzunu davam etdirən erməni politoloqu Armen Qriqoryan da öz növbəsində “Aravot” qəzetinə verdiyi açıqlamanda maraqlı fikir söyləyib. Qriqoryana görə, zabitin sözləri “Ermənistanın təhlükəsizliyinin təminatı versiyasını gücləndirmək üçün acı həbi şirinləşdirmək cəhdinə oxşayır”. Onun qənaətincə, Moskva ilə vassal münasibətlərin qalması və dərinləşdirilməsi tərəfdarı olanlar, bununla belə, bir iddiada bulunmaq şansı qazanıblar ki, Rusiya guya Azərbaycanla genişmiqyaslı hərbi qarşıdurma zamanı Ermənistanın qarantı kimi çıxış edəcək: “Ancaq düşünürəm ki, Ruzinskini dedikləri Azərbaycana növbəti mesajdır ki, Gömrük İttifaqına üzvlük barədə ciddi düşünsün. Bakı imtina edərsə, hadisələrin başqa cür inkişafını istisna eləmək olmaz”.
Kremlin yeni ilədək rəsmi Bakıdan Gömrük İttifaqına üzvlüklə bağlı “hə” cavabı almağa çalışması bəllidir. Lakin cavabın neqativ olacağı təqdirdə Kremlin Qarabağda hərbi təxribata əl atacağını söyləmək çətindir. Söhbət təkcə ondan getmir ki, bu gün, Ermənistan rəhbərliyi geniş miqyaslı müharibəyə gətirəcək belə bir təxribata çətin ki, asanca razılaşsın. Müharibə İrəvana lazım deyil.
Ermənistanın Gömrük İttifaqına könülsüz girməsi də məsələdə yanakı motiv sayıla bilər, ciddi stimul sayıla bilməz. Ona görə ki, Azərbaycanın qurumdan kənarda qalması əslində İrəvanın Rusiya qarısında manevr imkanlarını və dəyərini artırır, üzvlüyü isə - əksinə.
Bunlar öz yerində. İş ondadır ki, 2014-cü ilin fevralında Soçidə qış olimpiya oyunları başlayır və bu beynəlxalq tədbirin tamtəhlükəsiz və sakit yekunlaşması Rusiya üçün imic məsələsidir. Bu mənada ən azından yaxın 4-5 ayda cəbhə zonasında vəziyyətin kritik həddədək gərginləşməsi və vəziyyətin kontroldan çıxmasında Moskvanın maraqlı olacağı ağlabatan deyil. Hər halda, əlahəzrət məntiq bunu diktə edir.
Z.SƏFƏROĞLU






