Qarabağ münaqişəsi zonasında vəziyyətin gərginləşməsi Rusiyanın da diqqət mərkəzindədir. Son hadisələr və bunun doğurduğu nəticələr qonşu ölkədə müxtəlif platformalarda müzakirə olunur, fikir və rəylər səsləndirilir.
Musavat.com Rusiya mətbuatına istinadən Rusiya ekspertlərinin problemə yanaşma tərzini oxuculara çatdırır.
Moskva Dövlət Universitetinin informasiya-analitik mərkəzinin postsovet ölkələrinin öyrənilməsi üzrə eksperti Aleksandr Karavayev münaqişə zonasında obyektiv informasiyanın alınmasını problemli hesab etdiyini bildirib.
“Hadisənin Xocalı faciəsinin qeyd olunduğu günlərdə baş verdiyi o saat gözə batır. Hər iki tərəfin bu günlərdə qarşı tərəfə zərər yetirməsi üçün əsasları var. Ermənistan aprel döyüşlərindən sonra itirdiyi ərazilərlə bağlı yaranan situasiyanı yenidən öz xeyrinə dəyişmək istəyir. Azərbaycan orada bir kəndi bərpa etmək niyyətindədir, bu da Ermənistanın ictimai rəyində həyəcan siqnalı və meydan oxuma kimi qəbul olunur”.
Ekspert münaqişənin kəskinləşməsini Ermənistanda keçiriləcək parlament seçkiləri ilə bağlılığını istisna etməyib.
“Öz miqyasına görə son hadisələr ağır hərbi texnikanın işə salındığı aprel döyüşləri ilə müqayisə edilə bilməz. Lakin itkilər gözə çarpacaq dərəcədə böyükdür. Azərbaycan tərəfindən 5 nəfər həlak olub, Ermənistanın isə nə qədər əsgər itirdiyi hələ naməlum olaraq qalır”.
Buna rəğmən ekspert münaqişənin genişmiqyaslı müharibəyə aparıb çıxarmasını istisna edib.
“Müxtəlif fikirlərə rəğmən yekdil rəy bundan ibarətdir ki, cəbhədəki balans Rusiyanın Ermənistana verdiyi hərbi texnika, o cümlədən “İsgəndər” raketləri sayəsində bərpa edilib. Elə Azərbaycan da vaxt itirmir və güc toplamağa davam edir.
Karavayev münaqişə zonasında yalnız qısamüddətli toqquşmaların baş verəcəyini söyləyib: “Nizamlama prosesinin sponsoru olan dövlətlər nə Bakıya, nə də Ermənistana 2-3 sutkadan çox döyüşməyə imkan verməzlər. Əlbəttə qısa müddət ərzində iri uğur əldə etmək çətindir, lakin böyük itkilərdən qaçaraq əlsə olunan nailiyyətlərlə də öyünmək olar. Buna görə də qısamüddətli əməliyyatlar mümkün görünür”.
Rusiya Elmlər Akademiyası Mərkəzi Asiya və Qafqaz institutunun işçi qrupu mərkəzinin koordinatoru Aleksandr Skakov isə aprel münaqişəsindən sonra danışıqların kəsilməsinin günahının Azərbaycan tərəfində olduğunu bildirib.
O, bunu Azərbaycanın cəbhə boyu zonada insidentlərin araşdırılması mexanizmlərinin tətbiqinə razılıq verməməsi ilə əsaslandırıb.
Ekspert Azərbaycanın hədəfinin münaqişənin donmuş vəziyyətdən çıxarmaq və bu məqsədlə vasitəçiləri Ermənistana təzyiq göstəməyə məcbur etməkdən ibarət olduğunu qeyd edib.
“Məqsəd diplomatiya yolu ilə Ermənistandan hansısa güzəştləri qoparmaq, hansısa rayonları azad etmək, cəbhə xəttini hərbi yolla deyil, diplomatik vasitələrlə yarmaqdır. Təxribatlar, təzyiq və hərbi məcburiyyət yolları ilə bəlkə də buna nail olmaq mümkündür”, -Skakov bildirib.
Ekspert aprel ssenarisinin yenidən təkrarlana biləcəyini, lakin bunun yaxın aylarda baş verməyəcəyini söyləyib.
Skakovun fikrincə bunu əsas səbəbi tərəflər arasında hərbi texnika məsələsində yaradılan (Rusiya tərəfindən) balansdır.
Bundan başqa rusiyalı ekspert Azərbaycanın keçən ilki hücumunun arxasında iqtisadi problemlər, habelə Rusiya və Türkiyənin arasında məlum təyyarə vurulması hadisəsinə görə münasibətlərin pisləşməsi durduğunu söyləyib.
Indi belə faktorlar mövcud deyil. Buna görə də yeni ciddi və tammiqyaslı eskalasiyanın başverəcəyini güman etmək çətindir. Lakin xırda toqquşmalar və diversiya cəhdləri həmişə olacaq”, - Skakov qeyd edib.
Moskva dövlət beynəlxalq münasibətlər institutunun (MQİMO) Qafqaz araşdırmaları mərkəzinin elmi əməkdaşı politoloq Vadim Muxanov isə həmkarlarından bir qədər fərqli düşünür. O, münaqişənin artıq keçən ildən gərgin fazaya keçdiyini qeyd edib.
“Keçən ilin aprelindən etibarən artı yüngül atıcı silahlar deyil, ağır texnika “dillənməyə” başlayıb. Xüsusilə Bakının qətiyyəti anlaşılandır. Onlar bu istiqamətdə fəallıqlarını, daxili gündəm üçün də göstərmək istəyirlər”.
Ekspert keçən il apreldəki situasiyanın təkrarlanacağını bildirib.
“Toqquşmaların intensivliyi yaxın bir neçə ildə gərginliyin artacağını göstərir. Daha böyük miqyasda əməliyyatların baş verəcəyini də istisan etmək olmaz. Lakin bununla bağlı dəqiq informasiyalar çatışmır.”, ekspert bildirib.
Muxanov Azərabycanın keçən ilki hücumunu ölkədəki iqtisadi böhranla əlaqələnirdib.
Bundan başqa rusiyalı ekspert döyüşlərin ərazi miqyasının da genişlənəcəyini söyləyib. “Keçən il döyüşlər Ağdərə və Hadrut rayonlarında baş verdisə bu il Martuni rayonu cəlb edilib. Buna görə də eskalasiyanın müxtəlif nöqtələrdə böyüməsi mümkündür”, - ekspert bildirib.
Vaqif Hüseyn, musavat.com






