Rusiya müxalifəti bu gün qeyri-adi aksiyaya imza atıb.
“Novaya qazeta” qəzetinin verdiyi məlumata görə, iqtidara müxalif qüvvələr “youtube” platformasında “Həyat uğrunda” şüarı ilə onlayn mitinq təşkil edib. Mitinq “Yox!” kampaniyasının təşkilatçıları tərəfindən gerçəkləşdirilib.
Onlayn tədbirin iştirakçıları hakimiyyətdən böhran günlərində konstitusiyaya dəyişiliklər aparmaq yerinə, insanların həyatını xilas etməyə çağırıblar. Tələblər arasında bölgələrdə çalışan həkimlərin bütün zəruri vəsaitlərlə təmin olunması, koronavirusdan zərər çəkən vətəndaşlara birbaşa müavinətlərin ödənilməsi və kiçik biznesə yardım göstərilməsi, habelə epidemiya ilə mücadilə zamanı rusiyalıların hüquqlarını qorunması və konstitusiya islahatlarından imtina edilməsi yer alıb.
“Youtube”dakı aksiya 20 minə yaxın insan tərəfindən dəstəklənib və 3 saat davam edib. Mitinqin aparıcıları “Novaya qazeta” qəzetinin əməkdaşları İlya Azar və aktrisa Yulia Auq olublar. Burada siyasətçilərdən Dmitri Qudkov, jurnalist Maksim Şevçenko, “Dissernet” saytının təsisçisi Andrey Zayakin, iqtisadçı Sergey Quriyev, siyasi icmalçı Stanislav Belkovski və başqaları çıxış ediblər. Bundan başqa, reper Noize MC onlayn mini-konsert verib.
Musavat.com






