Rusiyada sahibsiz itlərin hansı səbəbdən əvvəlcə mavi, sonra isə yaşıl rəngə boyanması sirr olaraq qalır.
Musavat.com BBC Türkcə-yə istinadən bildirir ki, ilk dəfə Rusiyanın qərbində yerləşən Dzerjinsk şəhərində mavi rəngə boyanmış yeddi sahibsiz it tapılıb.
Bu haqda 11 fevral tarixində yerli xəbər saytlarında məlumat dərc edildikdən sonra itlərin şəkilləri sosial şəbəkələrdə də yayılaraq, geniş müzakirələrə yol açıb.
Məlum olub ki, sahibsiz itlərin qaldıqları yerin yaxınlığında bir fabrik yerləşir. Həmin fabrik akril şüşə istehsal edir. Ehtimal olunur ki, itlər məhz həmin fabrikin həyətində mavi toza bulaşıblar.
İtlərdən artıq analiz götürülüb. Rusiya mətbuatı itlərin sağlam göründüklərini və yaxşı qidalandıqlarını qeyd etsə də, onların zavod ərazisində mis, sulfat kimi zəhərli kimyəvi maddə yeyə biləcəklərini də ehtimal edir.
Ötən cümə axşamı günü isə Podolsk şəhəri yaxınlığında yaşıl rəngə boyanan itlər tapılıb. İtlərin tapıldığı yerin yaxınlığında tərk edilmiş bir anbarda yaşıl toz boya var imiş. Rusiya mediası yazır ki, bəzi şəxslər ola bilsin ki, mavi rəngə boyanan itlər kimi bu itlərin də diqqət çəkməsi üçün zarafatla onları yaşıl rəngə boyayıb.
Məsələ ilə bağlı araşdırmalar davam edir.
Xalidə Gəray
Musavat.com






