Rusiyanın Kosmik fəaliyyət üzrə dövlət korporasiyasının rəhbəri Dmitri Roqozin və onun müavinlərinin adı növbəti korrupsiya qalmaqalı ilə üzləşib.
Rusiyanın “Baza” saytı Roskosmosun Baş direktorunun Orbital qruplaşma və perspektiv layihələr üzrə birinci müavini Yuri Urliçiçlə bağlı maraqlı faktlar açıqlayıb.
Jurnalist qrupu tərəfindən aparılan təhqiqat nəticəsində əldə olunan sənədlərə əsasən, Yuri Urliçiçin 2011-cü ildə ABŞ-ın Florida ştatındakı Bellerli-Biç şəhərində qızının adına bahalı torpaq sahəsi aldığı üzə çıxıb.
Diana Urliçinin həmin vaxt cəmi 14 yaşı olmasına rəğmən daşınmaz əmlakı hansı pulla əldə etdiyi bilinmir. Alqı-satqı müqaviləsində ərazinin ümumi sahəsinin 817 kvadrat metr olduğu qeyd edilib. Buna görə rusiyalı məmur 150 min dollar pul ödəyib.
“Baza” saytı Diana Urliçiçin Floridadan çəkdirdiyi bir çox yeni fotoşəkilləri də nümayiş etdirib.
Yuri Urliçiçin keçmiş xanımı Alina isə 2006-cə ildə Floridada daha bir ev alıb. Vergi sənədlərində onun Hyuston şəhərində Hazelhörst küçəsində evdə yaşadığı bildirilir. Həmin evin dəyəri 1,2 milyon dollar olaraq ölçülür.
Qeyd etmək lazımdır ki, Yuri Urliçiç kosmos sahəsində 35 ildən çox çalışır. O, bu vəzifəyə təyin olunana qədər “Rusiya kosmik sistemləri” müəssisəsi tərəfindən hazırlanan, ölkənin əsas qlobal naviqasiya peyk sistemi sayılan “Qlonass”ın baş konstruktoru kimi fəaliyət göstərib. 2012-ci ildə hüquq-mühafizə orqanları dövlət korporasiyasından 6,5 milyard rubl (təqribən 10 milyon 150 min ABŞ dolları) məbləğində yeyinti aşkar edib. Bununla bağlı qaldırılan cinayət işinin nəticəsi olaraq Y.Urluçiç vəzifəsindən azad edilib.
Lakin Dmitri Roqozin 2018-ci ildə “Roskosmos”un baş direktorluğuna təyin olunan kimi onu özünə birinci müavin olaraq götürüb.
Yuri Urliçiçin bəhs olunan və bilinən malikanəsindən başqa Moskvada bir neçə mənzilə, Moskva vilayətinin İstrinsk rayonunda villaya, habelə İspaniyada iki mənzilə sahib olduğu bilinməkdədir.
Bundan daha öncə Aleksey Navalnının Korrupsiy ilə mübarizə fondu “Roskosmos”un rəhbəri Dmitri Roqozinin Moskva kənarında 200 milyon rubla (təqribən 3 milyon 130 min ABŞ dolları), həmçinin qaynatasının adına 150 milyon rubl (2 milyon 340 min ABŞ dolları) dəyərində malikanələrə malik olduğunu ortaya çıxarmışdı.
Aleksey Navalnı hətta ixtisasca jurnalist olan Dmitri Roqozinə hansı səbəbdən ABŞ-ın NASA adı ilə tanınan Milli aeronavtika və kosmik məkanın araşdırılması agentliyinin baş direktorundan daha çox maaş almasına təəccübünü ifadə edib.
Musavat.com






