
Rusiya işğalını önləmək üçün ən vacib addım Hikmət Hacızadə: “Biz çox təhlükəli vəziyyətdəyik...”
Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin bolşevik Rusiyası tərəfindən işğalından 94 il ötür. 94 il öncəki kimi bu gün də Azərbaycanın müstəqilliyinə əsas təhlükə şimaldan gəlir. Rusiyanın bütün dünyanı qarşısına alaraq, Ukraynanın torpaqlarını işğal etməsi, daha sonra isə Moldova və Azərbaycanı ən müxtəlif formada təhdidə məruz qoyması təhlükənin yaxınlaşmaqda olduğunu düşünənlərin sayını xeyli artırıb.
Siyasi ekspertlər hesab edir ki, Moskvanın Gömrük və Avrasiya İttifaqına qoşulmaq üçün Ukraynanı “başa saldığı” dillə Azərbaycanla da danışacağı gün sanki uzaqda deyil. Azərbaycanda Krım yoxdur, ruslar da muxtariyyət yaradacaq qədər sıx yaşamırlar; lakin bədbəxtlikdən torpaqlarımızda ermənilər yaşayır və onlar da məhz Rusiyanın bilavasitə dəstəyi ilə torpaqlarımızı işğal edərək, orada qondarma dövlət elan ediblər.
İndi Rusiya Azərbaycanı bu faktorla təhdid edir. Dağlıq Qarabağda, Krım və Ukraynanın şərqindəki kimi, Rusiya pasportlarının paylanması, bu regionu işğal edən ermənilərin Rusiyanın tərkibinə qatılmaq təşəbbüsü ilə çıxış etməsi barədə iddiaların irəli sürülməsi vəziyyəti daha da dramatikləşdirir. Rusiyanın müxtəlif statuslarda olan bir sıra şəxslərinin dilindən də açıq təhdidlər səsləndirilir.
Ona görə də ekspertlərin fikrincə, Azərbaycan, istənilən halda, Rusiya təhdidi ilə üz-üzə qala bilər və bu an hər gün yaxınlaşır. Azərbaycan iqtidarının ermənilərlə sərhəd xəttini sürətlə gücləndirməsi, Türkiyə ilə ortaq ordu layihələrini gündəmə gətirməsi onu göstərir ki, rəsmi Bakı da təhlükənin fərqindədir.

Politoloq Hikmət Hacızadə isə hesab edir ki, Azərbaycan dövləti təhlükəni önləmək üçün ilk növbədə daxildə cəmiyyətin birliyinə, öz ordusunun güclənməsinə nail olmalıdır: “Xarici işlər Nazirliyi beynəlxalq səviyyədə dəstək qazanmağımız istiqamətində iş aparmalıdır. Siyasi hakimiyyət, Prezident Administrasiyası isə ölkənin daxilində milli həmrəyliyə nail olmaq üçün çox ciddi addımlar atmalıdır. Milli həmrəyliyə nail olunmalıdır. Yoxsa, növbəti ”11-ci qızıl ordu" gələndə yenə də tökülüşüb güllə-çiçəklə qarşılayanlar olacaq. Krım münaqişəsindən Rusiyanın qalib çıxması regiona yaxşı bir gələcək vəd etmir. Rusiyanın Ukrayna əməliyyatı uğurla nəticələnsə, Rusiya ürəklənib, eyni tərzdə digər respublikaları şantaj etməyə başlayacaq. Bu, Rusiyanın birinci addımı olacaq. Misal üçün, deyəcək ki, Gömrük İttifaqına gəlin, yoxsa Qarabağın müstəqilliyini tanıyacağıq və ya birləşdirəcəyik və s. Məsələ gərginləşsə daha güclü təzyiqlərə əl atmağa başlayacaq. Deyəcək erməni əhalisini Qarabağda qırırlar, ora qoşun yeritməliyik. Bundan başqa Azərbaycanın hansısa bölgələrində iğtişaşlar təşkil edəcək, sonra da deyəcək onları müdafiə edirəm. Bu baxımdan biz çox təhlükəli vəziyyətdəyik. Bu səbəbdən bütün ssenarilərə əməlli başlı hazırlaşmaq lazımdır. Ukrayna timsalında beynəlxalq güclərə arxayın olub gözləmək doğru deyil. Azərbaycan ilk növbədə özü özünü qorumağa hazır olmalıdır. Azərbaycan özünü qorumaq üçün xeyli imkanlara malikdir. Biz hazırlaşmalıyıq. Ordumuzu gücləndirməli, sərhədlərimizi möhkəmləndirməliyik, ən əsası bu ümummilli məsələdə iqtidarlı, müxalifətli cəmiyyətimizi birləşdirməliyik. Bu çətin vəziyyətdə hamı silahdaş olmalıdır. Çünki daxildən parçalanmış cəmiyyəti, xalqı tabe etmək çox asandır".
E.SEYİDAĞA






