Rusiya İstintaq Komitəsi (RİK) müxalif siyasətçi Aleksey Navalnının təsisçisi olduğu Korrupsiya ilə mübarizə fondunun (KMB) regional qərargahlarında axtarış tətdbirlərinə başlanıldığını açıqlayıb.
“Kommersant” qəzertinin verdiyi məlumata görə, hazırda ölkənin 30 bölgəsində istintaq hərəkətləri həyata keçirilir.
RİK-dən verilən rəsmi məlumata əsasən, hüquq- mühafizə orqanları burada fond tərəfindən külli-miqdarda pul vəsaitinin mənimsənilməsi üzrə açılan cinayət işi ilə bağlı dəlillər axtarırlar.
Qurumun rəsmi nümayəndəsi Svetlana Petrenko axtarışların fond əməkdaşlarının evlərində də aparıldığını və burada polislər tərəfindən bütün sənəd və predmetlərin gözdən keçirildiyini təsdiqləyib.
Bundan başqa, KMB-nin bank hesabları da dondurulub. Qeyd olunur ki, Korrupsiya ilə mübarizə fondu xaricdən pul almaq iddiasına görə Ədliyyə Nazirliyi tərəfindən “xarici agent” elan edilib.
Lakin maraqlıdır ki, həmin “xaricdən gələn pullar” fondun bank hesablarını qapanmasından sonra, özü də olduqca şübhəli yerlərdən daxil olub. KMB nümayəndələri bunun rejimin əli ilə, onları “agent” statusuna daxil etmək üçün törədildiyinə əminliklərini ifadə edirlər.
Qeyd edək ki, Korrupsiya ilə mübarizə fondu Putin rejiminə yaxın şəxslərin korrupsiya əməllərini və dövlət əmlakının talanması faktlarını ifşa etməsi ilə tanınır.
Musavat.com






