İnsanlara hürriyət, millətlərə istiqlal!

“Rusiya Gürcüstana hücum edəndə Avropa ayılmalıydı” - Finlandiyanın baş naziri

1448 01.10.2014 18:21 Dünya A A

Finlandiyanın baş naziri Aleksandr Stubb Almaniyanın “Frankfurter Allgemeine” qəzetinə verdiyi müsahibədə Qərbin anti-Rusiya xarakterli sanksiyalarını dəstəklədiyini bildirib: "Finlandiya Avropa Birliyinin bir hissəsidir və buna görə də ardıcıl şəkildə Rusiyaya qarşı sanksiyalara əvvəldən birmənalı olaraq, dəstək verib", - deyə o, vurğulayıb. 

"Rusiya Almaniya və İsveç ilə yanaşı bizim əsas ticarət tərəfdaşımızdır. Ancaq buna baxmayaraq, Finlandiya öz prinsiplərinə və məxsus olduğu alyansa sadiqdir və bunu hər şeydən, o cümlədən, öz maraqlarından üstün tutur" , - deyə cənab Stubb bildirib. 
Siyasətçiyə görə, "Finlandiya 1995-ci ildə öz komandasını seçdi və bu komanda ilə bir yerdə olmağa üstünlük verir. Elə bu səbəbdən də  Avropa Birliyi və Rusiya arasında vasitəçi ola bilmərik". 

Baş nazirin düşüncəsinə görə, "vəziyyət gərgin olaraq qalır, baxmayaraq ki, Finlandiya münaqişənin diplomatik həllinə ümid edir". 

“Sanksiyaların ikinci paketi tətbiq edildikdən sonra gərginliyin daha da genişlənməsinə yol verilmədi. Ancaq gərginliyin azalması da müşahidə olunmadı: Rus əsgərləri Şərqi Ukrayna ərazisində hələ də qalır”, deyə Aleksandr Stubb bildirib. O, vurğulayıb ki, rus əsgərlərinin Şərqi Ukraynada olmasını anlamaq üçün hərbi ekspert olmaq lazım deyil. 

Həmçinin cənab Stubb müsahibəsində bildirib ki, Rusiyaya münasibətin yenidən nəzərdən keçirilməsi zamanı gəlib: "1990-2013 arasındakı zaman kəsiyində Qərb incə bir dillə Rusiyanın Avropaya inteqrasiyası ilə bağlı danışıqlardan nəticə əldə etməyə cəhd göstərib. Amma bu, bir illüziya idi”. 

Baş nazir sözünə davam edərək, daha sonra deyib: “Rusiya Qərbdə qəbul olunmuş qaydalara tabe olmaq istəmədi. Əksinə, onlar öz qaydalarını yaratmağa üstünlük verdilər. Biz istəyirdik ki, ruslar da Qərb modelini tətbiq etsin. Lakin belə olmadı. İndi Qərb bu həqiqəti etiraf etməlidir və Rusiyaya münasibətinə yenidən nəzər salmalıdır. Əlbəttə, ilk dəfə həyəcan təbili 2008-ci ilin avqustunda Rusiya-Gürcüstan müharibəsi zamanı çalındı. Bax, biz onda ayılmalıydıq”. 

Finlandiyanın baş naziri Almaniya qəzetinə müsahibəsinin sonunda deyib ki, Qərbin Rusiya ilə strateji tərəfdaşlıq münasibətlərində əvvəlki səviyyəyə qayıtmaq üçün uzun zaman tələb olunacaq...

Elbəyi Həsənli, 
Sürix 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR