Azərbaycan Müdafiə Nazirliyinin Qarabağ ərazisinə qanunsuz daxil olan maşınlarla bağlı Rusiyaya ünvanlanan müraciətdə “xahiş edirik” ifadəsi birmənalı qarşılanmayıb. Bir çoxları iddia edir ki, Azərbaycan tərəfi bunu tələb etməli idi.
Əslində necə olmalıdır? Rusiyaya nota verilməlidir? Bəlkə şimal qonşumuza müharibə elan edərdik? Hazırkı diplomatik, siyasi və hərbi şərtlərə görə necə davranmalıyıq?
YAP-çı deputat Hikmət Babaoğlu Rusiya ilə bağlı məsuliyyətin ağırlığına daha çox diqqət çəkdi: “Sosial şəbəkələrdə istənilən məsələnin ictimai-siyasi etika çərçivəsində müzakirəsi aparıla bilər və bu, demokratik cəmiyyətdə vətəndaşlarımıza tanınan azadlıqlardan irəli gəlir. Ancaq məsələ ondadır ki, bu müzakirədə iştirak edən şəxslər, yaxud müxalif fikirli insanlar müzakirə etdikləri məsələnin real müstəvidə ciddiyyəti və onun doğuracağı nəticələrilə bağlı heç bir məsuliyyət daşımırlar, ya da olsa-olsa mənəvi-ictimai məsuliyyət daşıyırlar. Ona görə də hər hansı məsələyə münasibətdə bu qədər sərbəst olurlar. Ancaq nəzərə almaq lazımdır ki, dövlətlərarası münasibətlər xüsusi protokol və siyasi-diplomatik alətlərlə tənzimlənir.

Hikmət Babaoğlu: “Hazırki mürəkkəb tarixi mərhələ və şəraitdə məqsəd və vəzifələrimiz populist məzmunda məktub göndərib, ya da nota verib, cəsarətli görünmək deyil”
Eyni zamanda özünəməxsus üslub və üsullarla aparılır. Ona görə də hazırkı mürəkkəb tarixi mərhələ və şəraitdə bizim məqsəd və vəzifələrimiz kiməsə populist məzmunda məktub göndərib, ya da nota verib, cəsarətli görünmək deyil, yaranmış problemi milli maraqlarımız çərçivəsində həll etməkdir. Hesab edirəm ki, çoxsaylı və çoxpilləli siyasi-diplomatik vasitələrdən hazırkı vəziyyətdə ilkin olaraq belə bir formanın seçilməsi doğru və təmkinli qərardır. Biz məhəllə davasından yox, ciddi dövlətlərarası münasibətlərdən danışırıq. Azərbaycanın siyasi qətiyyətinə və cəsarətinə gəldikdə isə tarixi zəfərimizlə başa çatan 44 günlük Vətən müharibəsində bunu hamı əyani şəkildə görüb”.

Əhəd Məmmədli: “Bakı Ankara və İslamabadı yanına alıb...”
Siyasi şərhçi Əhəd Məmmədli isə fərqli mövqeyə sahibdir: “Niyə xahiş edirik ki? Biz məgər suveren dövlət deyilik? Kim hazırlayıb bilmirəm, amma Müdafiə Nazirliyinin çox uğursuz müraciətidir. Bundan sonra bu cür məqamlarda diqqətli olmalıyıq. Artıq neçənci dəfədir ki, Rusiya və vassalı Ermənistan 10 noyabr razılaşmasını pozurlar. Azərbaycan Rusiyaya son xəbərdarlığını edib və əgər bundan sonra bu cür və ya buna oxşar hal təkrarlansa, Azərbaycan dərhal 10 noyabr razılaşmasından çıxmalıdır və antiterror əməliyyatına başlamalıdır. Əgər biz davranışlarımızla ruslara göstərsək ki, onların qorxusundan Xankəndi və ətrafında hərbi əməliyyatlar keçirməyəcəyik, Moskva və İrəvan hələ çox üstümüzə gələcək. Yox, əgər biz konkret mesaj versək ki, rus sülhməramlılarının olmasına rəğmən Azərbaycan Xankəndi və Laçın dəhlizində hərbi əməliyyat keçirəcək, ancaq belə olan halda Moskva Bakı qarşısında geri çəkiləcək. Bakı Ankara və İslamabadı yanına alıb, gecikmədən sentyabr ayında Xankəndi, Laçın dəhlizi və ətrafı yurisdiksiyasına qaytarmalıdır”.
![]()
Elşən Mustafayev: “Üçtərəfli sazişdən sonra bölgədə baş verən hadisələr, Rusiya sülhməramlılarının fəaliyyəti heç də ürəkaçan deyil”
Beynəlxalq əlaqələr üzrə ekspert Elşən Mustafayev isə hesab edir ki, xahiş yox, tələb olmalı idi: “Dağlıq Qarabağda Azərbaycanın nəzarət etmədiyi ərazilərə qanunsuz girişlərin olması çoxdandır ki , müzakirə mövzusudur. Burada söhbət nə daşıdığı məlum olmayan yük maşınlarından, silahlı terroristlərdən gedir. Üçtərəfli sazişə görə ərazidə giriş-çıxışa Rusiya sülhməramlıları cavabdehdir və buna görə məsuliyyət daşıyırlar. Yəqin ki, Azərbaycan tərəfi indiyədək ikitərəfli danışıqlarda bu qanunsuz hərəkətlərlə bağlı etirazlarını bildirib. Amma görünən odur ki, bu danışıqlardan sonra da müsbətə doğru dəyişiklik olmadığından Azərbaycan Müdafiə Nazirliyi rəsmi şəkildə Rusiyadan bu işlərlə bağlı tədbir görməyi xahiş edib. Əslində isə müraciət xahiş yox, tələb şəklində olmalı idi. Çünki ərazidə qanunsuz fəaliyyətlərin olmamasına qarant kimi Rusiya öhdəlik götürüb. Əgər bunu bacarmayacaqsa, o deməkdir ki, üçtərəfli sazişə əməl olunmur. O halda Azərbaycan ultimatum şəklində koridorun Laçın və Ermənistan arasında olan sərhəd hissəsinə nəzarəti özünün həyata keçirəcəyi ilə bağlı rəsmi bəyanat verməlidir. Rusiya ilə yumşaq dildə danışmaqla indiyədək heç kim heç nə əldə etməyib. Ümumiyyətlə, üçtərəfli sazişdən sonra bölgədə baş verən hadisələr, Rusiya sülhməramlılarının fəaliyyəti heç də ürəkaçan deyil. Artıq parlamentdə deputatlar açıq şəkildə Rusiya sülhməramlılarının mandatlarından kənara çıxdıqlarını, əraziyə razılaşdırılmış saydan dəfələrlə çox canlı qüvvə və texnika gətirdiyini bildirirlər. Bütün bunlar ondan xəbər verir ki, ərazidə olan hərbi qüvvələr sülhməramlı missiyasından artıq çıxmaq üzrədirlər. Acığı, mən üçtərəfli bəyanatdan sonra bölgədə monitorinq aparmaq səlahiyyəti olan Türkiyə tərəfinin açıqlamalarını görməmişəm. Bunun səbəbləri də çox maraqlıdır. Hesab edirəm ki, təxirəsalınmadan bölgəyə ikitərəfli sazişimiz çərçivəsində ən azı Rusiya sülhməramlıları sayında türk hərbiçiləri yerləşdirilməlidir. Əminəm ki, Türkiyə tərəfi buna hazırdır. Buna kimsə etiraz edərsə, dərhal cavabı verilməlidir. Çünki bu bizim suveren hüququmuzdur. Hansı ki, bu ifadələri axır vaxtlar Rusiya Xarici İşlər Nazirliyinin sözçüləri tez-tez istifadə edirlər”.
Cavanşir ABBASLI,
“Yeni Müsavat”






