Rusiya Ermənistanı ovundurmaq üçün hərəkətə keçdi
Rusiyanın müdafiə naziri Sergey Şoyqunun Azərbaycana səfəri Ermənistanda o dərəcədə həyəcan doğurdu ki, işğalçı ölkənin mətbuatı dərhal Moskvanı şantaja başladı. Ermənilər bu dəfə də iddia etdilər ki, Rusiya Qarabağda aprel döyüşlərinin təkrar olunacağı halda Azərbaycana dəstək verəcək.
Ermənistanın rahatlığını pozan təkcə Moskvanın Azərbaycana silah satışını dayandırmayacağı barədə prezident Putin səviyyəsində verilən son qərar deyil. İşğalçı ölkə həm də Azərbaycanın müdafiə naziri Zakir Həsənovun Moskva səfərindən və rusiyalı həmkarı ilə görüşündən dərhal sonra S.Şoyqunun Bakıya gəlməsi, yüksək səviyyədə görüşlər keçirməsindən narahatdır.
Onsuz da son zamanlar düşmən ölkədə Rusiyanın Ermənistanı “satması” ətrafında ajiotaj yaşanır. Erməni ideoloqları iddia edir ki, Kreml Dağlıq Qarabağ ətrafındakı 5 rayonun azad edilməsinə qərar verib və bununla bağlı Serj Sərkisyana təzyiqlər göstərir. Erməni prezident Rusiya səfəri zamanı da V.Putindən Azərbaycanda aparılan danışıqların detalları barədə soruşmuşdu. Görünür, Putinin Sərkisyana dedikləri nə onun özünü, nə də erməni xalqını razı salmadığı üçün növbəti dəfə İrəvanın meydanlarında “Qarabağ bizimdir” şüarı eşidilməyə başlayıb. Hər halda, Sərkisyan “xalq etirazı” faktorundan yararlanmaqla güzəştlərdən yayınmaq istəyir. Ancaq Rusiya bu prosesdə həm özünə xal qazanmaq, həm də bölgədə uzunmüddətli sülhü təmin etmək üçün heç olmasa fərqli nəticəyə nail olmaqda iddialıdır. Hər halda, Putinin “hər iki xalq qalib olacaq” məzmunlu açıqlaması da masa üzərindəki layihədən xəbər verir. Ağır durumunu yaşayan ermənilərin isə Moskvaya qarşı çıxmaq şansı yoxdur. Onlar ən uzağı şantaja əl atmaqla vəziyyətdən çıxmağa çalışırlar.
Rusiya müdafiə nazirinin rəsmi səfərinə qarşı ən sərt təpki Ermənistanın radikal-millətçi KİV-ləri tərəfindən gəlib. Məsələn, lragir.am yazır ki, Şoyqu Bakıya Azərbaycanı müharibəyə hazırlaşdırmaq üçün gedib. Çox güman ki, Rusiyanın müdafiə naziri Ermənistandakı narahatlığı önləmək üçün Bakıdan sonra İrəvana uçub. Düzdür, nazir Ermənistan paytaxtında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) müdafiə nazirləri şurasının iclasında iştirak edəcək. Ancaq aprel döyüşlərindən sonra qurumun İrəvandakı toplantısı baş tutmamışdısa, bu dəfə iclasın keçirilməsinə qərar verildi.
Demək, Rusiya Ermənistanı nəzarətdən kənarda qoymamağa üstünlük verir. S.Şoyqu 16 avqustda erməni həmkarı Seyran Ohanyanla görüşüb. Görüşdə Cənubi Qafqazda təhlükəsizlik və ikitərəfli hərbi əməkdaşlıq məsələləri müzakirə olunub. S.Şoyqu Rusiya Müdafiə Nazirliyinin ali məktəblərində pulsuz təhsil alan erməni hərbçilərinin sayını artırmağa hazır olduqlarını da deyib. Bununla da Rusiya Ermənistanı hərbi dəstəkdən məhrum etmədiyinə dair mesaj verib. Məlumata görə, Ohanyan da öz növbəsində Rusiya ilə nəzərdə tutulan bütün hərbi planları yerinə yetirdiklərini diqqətə çatdırıb. Nazirlərin görüşünün təfərrüatları barədə danışan Rusiya müdafiə nazirinin müavini Anatoli Antonov isə bildirib ki, görüş zamanı Rusiyada Ermənistan silahlı qüvvələri üçün kadrların hazırlanması məsələsi müzakirə olunub. O qeyd edib ki, hazırda Rusiya Müdafiə Nazirliyinin 24 təhsil müəssisəsində 203 erməni hərbçi ödənişsiz təhsil alır: “Bu il daha 211 hərbçi qəbul olunacaq”.
“Rusiyanın Ermənistandakı hərbi bazası Qafqazda sabitliyin təminatçısıdır” deyən A. Antonov qeyd edib ki, hər iki ölkənin ordularından ibarət birləşmiş dəstə yaradılır: “Bu barədə razılaşmanın imzalanmasına hazırlıq yekunlaşmaq üzrədir”. O, indiyə qədər Ermənistan və Rusiya arasında 50 hərbi razılaşmanın imzalandığını bildirib. Yeri gəlmişkən, Rusiya bundan öncə Cənubi Osetiya və Abxaziya ilə vahid qoşun birliklərinin yaradılması haqqında müqavilə imzalayıb.
Rusiya və Ermənistanın birgə hərbi dəstələr yaratması isə əslində Azərbaycana təhdiddir. Əgər bu vaxta qədər Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının yaradacağı təhlükədən söhbət gedirdisə, sonuncu razılaşma ilə artıq iki ölkənin birgə silahlı birləşmələrinin yarada biləcəyi təhlükə müzakirə mövzusudur. Heç şübhəsiz, bununla Rusiya tam nəzarət altına aldığı Ermənistana “mənsiz yaşaya bilməzsən” mesajını verməklə bərabər, Qərb düşüncəsində olan erməniləri də yerində oturtmaq istəyir. Lakin son nəticə Azərbaycanın əleyhinə işləyir. Doğrudur, erməni ziyalıları ölkənin fəlakətli durumda olduğunu dərk edirlər. Ancaq hələ ki hakimiyyətdə Qarabağ terrorçuları və canilərdirsə, ziyalıların çağırışları da nəticə verməyəcək. “Ermənistanı sanki bütün regional hadisələrdən və layihələrdən kənarlaşdırırlar” deyən professor Vardan Bostancyanın fikirləri nümunədir.
Ermənilər arasında güzəştlərə etiraz ovqatı davam etsə də, bir məqam diqqətdən yayınmır. Belə ki, xüsusilə də Putinin son mesajlarından sonra hətta Qarabağ separatçılarında da mövqe dəyişikliyi hiss olunur. Separatçı qurumun rəhbəri Bako Saakyan deyib ki, biz güzəştə gedə bilərik, ancaq gərək Azərbaycan Qarabağın təhlükəsizliyinə problem yaratmasın. Düzdür, baş separatçı bir sıra absurd fikirlər də səsləndirib, həmçinin “ölkəmiz” dediyi Qarabağın danışıqlar masası ətrafında oturmasına razılıq verməyi təklif edib. Ancaq separatçının dedikləri ilə son zamanlar səslənən 5 rayonun azadlığı barədə müzakirələr arasında bir uyğunluq hiss olunur. Bu mənada güman olunur ki, ermənilər ətraf rayonların azad olunması müqabilində Dağlıq Qarabağda möhkəmlənməyi düşünürlər. Bu arada ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşikin də Xankəndinə gedərək separatçı rəhbərliklə görüşməsi maraq doğurur.
Sabiq xarici işlər naziri, təcrübəli diplomat Tofiq Zülfüqarov teleqraf.com-a maraqlı fikirlər söyləyib. Eks-nazir də təsdiqləyib ki, sanki Sankt-Peterburq və Vyana görüşündən sonra Ermənistana bir müddət vaxt verilib. “Söhbət 5 rayonun azad edilməsindən gedir. Bundan sonra proses davamlı olacaq. Azərbaycan tərəfi buna razılıq verib. İndi hamı gözləyir ki, Ermənistan normal hala gəlsin və bu addımlar atılsın. Bir sözlə, prosesə təkan verilib, indi Ermənistanın addımları gözlənilir”, - deyə, Zülfüqarov bildirib. Hər halda T.Zülfüqarov diplomatik kanallarla əlaqəli şəxsdir və onun dedikləri təsadüf ola bilməz. Bir məqamı da xatırlayaq ki, Rusiya XİN başçısı Sergey Lavrov aprel döyüşlərindən sonra bölgəyə səfər edərkən xalqların sülhə hazırlanmasına yönəlik mesaj vermişdi. Görünür, Moskva hərbi ritorikanın tam aradan qaldırılmasını və ictimai rəyin sülh planına hazırlanması planını “ev tapşırığı” kimi tərəflərə təqdim edib.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu dedi ki, Rusiya və Azərbaycan rəsmilərinin bir-biriləri ilə intensiv görüşləri və müzakirələri açıq-aşkar Ermənistan siyasi və ekspert dairələrini qorxudub: “Üstəgəl də Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğan Putinlə görüşdə Türkiyə-Rusiya-Azərbaycan üçtərəfli formatını yaratmağı təklif edib. İrəvanı həm də o qıcıqlandırır ki, Rusiya Azərbaycana silah satmaqda davam edəcək. Bunu prezident Putindən tutmuş müdafiə naziri Sergey Şoyquya qədər hamısı təkrarlayır. Azərbaycan Rusiya üçün potensial alıcıdır və Moskva bizim kimi alıcıdan imtina etməyəcək. Çünki ortada milyardlarla dollarlıq müqavilələr var. Heç bir dövlət bu cür gəlir imkanlarından imtina etmək istəməz. Ermənistan siyasi dairələri və cəmiyyəti məntiqsiz olaraq Rusiya hakimiyyətinə sual verir ki, ”sizin bölgədəki hərbi strateji müttəfiqiniz biz olduğumuz halda, düşmənimizə niyə silah satırsınız?" Daha anlamırlar ki, birincisi, Azərbaycan Ermənistanın düşmənidir, Rusiyanın yox. İkincisi də, Ermənistan Rusiyaya yükdür, silahlar pulsuz verilir, Azərbaycan isə milyardlarla dollar ödəməklə Rusiyaya xeyir verir. Əlbəttə, Rusiya-Azərbaycan və Rusiya-Türkiyə əlaqələrinin inkişafı və təmaslarının artmasının Qarabağ münaqişəsinin ədalətli həllini sürətləndirəcəyini söyləmək çətindir. Moskva hələ ki Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılması məqsədilə Ermənistan hakimiyyətinə təsir etmək istəmir. Ancaq Ermənistan rəsmilərinin sabaha inamı yoxdur. Odur ki, Ermənistanın siyasi dairələri ehtiyat edir ki, bir gün Moskva İrəvana təzyiqə üstünlük verəcək və belə olan halda Ermənistanın güzəştə getməkdən başqa çarəsi qalmayacaq".
***
Türkiyənin prosesə qoşulması ciddi hadisə sayılır. Hətta bu arada həmsədrlərin Ankaraya səfəri məsələsi yenidən aktuallaşıb və bunun baş verəcəyi istisna olunmur. Ermənişünaslıq Mərkəzinin rəhbəri, professor Qafar Çaxmaqlı isə “Yeni Müsavat”a açıqlamasında xatırlatdı ki, Türkiyə hər zaman Rusiya ilə danışıqlar prosesinə Qarabağ məsələsini daxil edir və bu məsələ müzakirə edilərkən Ermənistanın da Rusiya ilə müttəfiq olması nəzərə alınır: “Rusiyanın Qarabağ məsələsində son zamanlar mövqeyinin yumşalması fonunda bəzi irəliləyişlər gözlənilə bilər. Amma bunlar münaqişənin birdəfəlik həllinə təsir etməyəcək. Azərbaycanın Rusiya üçün önəmi coğrafi məna kəsb etdiyindən Moskva onu da Qərbin əlindən almaq planını işə salmaq istəyir. Avrasiya Birliyinin qurulması ideyasında Azərbaycan yer almaqdadır. Türkiyənin özü də buna müsbət yanaşarsa, iki türk dövləti bu ittifaqı daha güclü edə bilər. İranı da Rusiya bu ittifaqa cəlb edərsə, çox təsirli bir birlik qurmuş olar. Ermənistan bu məsələdə əl-ayağa dolaşacaq gücdə deyil. Ən azından Rusiya belə hesab edir. Ermənistandakı olaylar da sübut etdi ki, Rusiya istənilən an bu ölkəni qarışdıraraq və hətta Azərbaycanın cəbhədə üstünlüyünü təmin edə bilər. Bütün bunlar ABŞ-ın bu bölgədəki planlarını pozmaq üçündür. Amma düşünürəm ki, Türkiyə NATO kimi bir alyansdan çıxa bilməz. Baxmayaraq Türkiyədə bəzi siyasətçilər FETÖ-nün çevriliş cəhdinin arxasında Amerikanın durduğunu iddia edərək bu alyansdan çıxmaq kimi bir tələb irəli sürməkdədirlər”.
Bununla belə, Q.Çaxmaqlı hesab edir ki, yaxın aylarda Avrasiya İttifaqı məsələsi aktuallaşa bilər: “Bu ittifaqda Türkiyə və Azərbaycanı görməsi Rusiya üçün həyati əhəmiyyətli məsələ olardı. Hər halda, Moskva buna çalışacaq. Qarabağ məsələsinin həlli və Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsi də aktuallaşa bilər. Bu iki məsələnin bir-biri ilə əlaqəli olduğu bəllidir. Türkiyənin erməni ordusunun Azərbaycan ərazilərindən çıxarılması şərtini dəyişməsi mümkün olmadığından, bu iki məsələ birlikdə həll olunacaq. Buna isə hələ münbit şərait yoxdur, yəni məsələ yetişməyib. Çünki Türkiyə ilə Ermənistan arasında danışıqlar başlamayıb. Tərəflər heç buna hazır da deyil”.
Bu arada danışıqların növbəti raundu barədə də açıqlamalar səslənməkdədir. Özü də budəfəki açıqlamalar Qarabağda yeni hərbi əməliyyatların başlaya biləcəyi barədə xəbərlərdən sonraya təsadüf edir. Görünür, indiki halda hərbi əməliyyatların başlaması həmsədrlər üçün arzuolunan deyil.
ATƏT-in Minsk Qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə növbəti görüşün təşkili ilə bağlı Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sərkisyanla əlaqə saxlayır. Bunu “Ria Novosti” saytına açıqlamasında ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib. “Putinin və Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin qarantı kimi çıxış etməsi səylərini alqışlayırıq". Bunu da Uorlik söyləyib. O bildirib ki, Dağlıq Qarabağda təhlükəsizliyi təmin etmək məqsədilə beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsi həmişə münaqişənin həllinin bir hissəsi kimi nəzərdən keçirilib. Bu anonslardan da görünür ki, payız aylarında havanın temperaturu aşağı düşsə də, Qarabağ danışıqlarında hərarət yenidən qalxacaq...
Elşad PAŞASOY






