İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya ərazi bütövlüyümüzü tanıyırsa... – Şuşadakı Dəyirmi Masadan verilən mesaj

3459 14.11.2021 10:49 Yazarlar A A

Şuşa yaxınlığında hərbçilərimizə qarşı bugünkü terror aktı daha bir səbəbdən təsadüf sayıla bilməz. Məsələ ondadır ki, həmin gün mədəniyyət paytaxtımızda rusiyalı məşhur ekspertlərin (İqor Korotçenko, Sergey Markov və b.) və Prezident Administrasiyanın təmsilçiləri ilə Dəyirmi Masa nəzərdə tutulmuşdu və keçirildi. Bu, həm də onların Şuşaya ilk səfəri idi.

Azərbaycana, erməni işğalına münasibətdə həmişə ədalətli, prinsipial mövqeləri ilə fərqlənən, bu səbəbdən daima radikal erməni çevrələrinin psixoloji basqıları və təhdidlərinə məruz qalan bu dəyərli insanlar, Azərbaycan xalqının dostları terror aktından az öncə həmin ərazidən - postun yaxınlığından keçmişdilər.

Yəni erməni terrorçusunun bir hədəfi də Azərbaycan həqiqətlərini Rusiya auditoriyasına obyektiv şəkildə çatdıran bu insanları qorxutmaq, ümumiyyətlə, Şuşaya səfərlərin təhlükəsiz olmadığı barədə mesaj vermək idi.

Ancaq buna nail ola bilməyəcəklər. Birinci ona görə ki, Azərbaycan artıq özü-özünü qoruya bilən kifayət qədər güclü dövlətdir və nəinki Şuşanın və ora gedən xarici qonaqların, bütövlükdə azad edilmiş bütün ərazilərimizin təhlükəsizliyini yüksək səviyyədə təmin eləmək qabiliyyətindədir. Bu səbəbə, habelə terrorçular şirniklənib eləməsin deyə, 13 noyabr xain hücumunun cavabı artıqlaması ilə veriləcək. Heç darıxmasınlar.

İkincisi, Şuşada mehman olan rusiyalı politoloqlar “brız” deyən kimi qorxub qaçan insanlar deyil. İradəcə möhkəm, dünya görmüş şəxslərdir və qorxaq, ikiüzlü, yaltaq, nankor ermənilərə və onların xislətlərinə də yaxşı bələddirlər. Bilirlər ki, onlar yalnız soydaşları rusların arxasında belə “əjdaha”ya dönə bilərlər.

Heç təsadüfi deyil ki, İqor Korotçenko öz həmyerlilərin ortaq mövqeyini ifadə edərək, olaya dərhal reaksiya verdi və Rusiya sülhməramlılarına səslənərək, onları terrorçu Norayr Mirzəyanı Azərbaycana təhvil verməyə çağırdı. Əks halda, belə insidentlərin təkrarlana və hətta rus sülhməramlılarının da həyatının təhlükə altına düşə biləcəyi haqda xəbərdarlıq elədi.

Əfsus ki, rus hərbçiləri rus Korotçenkonu, Markovu eşitmədilər. Mirzəyan legitim məhkəmələri olan legitim Azərbaycan dövləti əvəzinə qeyri-legitim, kriminal və oyuncaq rejimin saxta “istintaq komitəsi”nə təslim edildi. Halbuki terror hücumu Azərbaycanın qanuni ərazisində, azərbaycanlı hərbçilərinə qarşı törədilib.

İndi nə deməkdir bu hərəkət? Məgər Rusiya bizim ərazi bütövlüyümüzü, dövlətimizi tanımırmı? Nədən terrorçuya mərhəmət göstərdi? Ona görə ki, radikal ermənilər hədə-qorxu gəlmişdilər ki, Mirzəyan Azərbaycana təslim edilsə, Rusiya səfirliyinə, rus sülhməramlılarına qarşı hansısa təxribatlar törədə bilərlər?

İnandırıcı deyil. Ermənistan adlı saxta dövlətin də, Qarabağdakı oyuncaq rejimin də tək qarantoru Rusiyadır. Onların bu dəqiqə nə gücü var ki, kimisə hədələyələr də?! Moskvaya qarşı belə addımlar ermənilərə baha başa gələr. Bunu ermənilər əla bilir. 44 günlük müharibədəki kimi Moskvanın yenə azca neytrallıq göstərməsi, əlini ermənin üstündən götürməsi yetər.

Ötə yandan, Paşinyan hökumətinin hünəri nədir ki, İrəvandakı Rusiya səfirliyinin təhlükəsizliyini təmin eləməsin. O zaman nədən bir qayda olaraq terrorçularla alverə getməyən Rusiya kimi hegemon dövlət hansısa hədələr qarşısında geri çəkildi və faktiki terrorçunun açıb buraxılması üçün zəmin yaratdı? Bununla da analoji halların təkrarlanması üçün separatçı-quldurlara, Ermənistandakı revanşistlərə güclü stimul, “dobro” verdi, onların çörəyinin üzərinə yağ sürtdü?..

Moskva bununla üstəlik, rusiyalı tanınmış söz sahibi olan simaları, ictimai xadimləri pis durumda buraxdı. Axı sosial şəbəkədə hədə püskürən ermənilər də elə terrorçu təfəkküründə olanlar, Mirzəyanın taylarıdır. Rusiya nə vaxtdan terrorçuların diktəsi ilə oturub durur?

Yəqin ki, bu suallara rəsmi Moskvadan cavablar almayacağıq. Şuşaya “İsgəndər” raketinin atılması olayındakı kimi yenə susacaqlar. Susmaq isə razılıq, həmfikir olmaz əlaməti sayılır. Ermənilərlə. O zaman Azərbaycanın sərt cavab tədbirlərinə də hazır olsunlar...

Zahid SƏFƏROĞLU

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR