“Rusiya ən azı Avrasiya materikinə ağalıq etmək niyyətindədir”
Prezident Vladimir Putin zarafatyana şəkildə deyib ki, Rusiyanın sərhədləri heç yerdə bitmir. Rusiya liderinin bununla nələrə işarə etdiyi, nə demək istədiyi müzakirə mövzusuna çevrilib. Siyasi liderlərin bəzən çox ciddi məsələləri, planlarını zarafatla dilə gətirdiyi həmişə olub. Bu baxımdan düşünmək olarmı ki, Putin əslində bu açıqlama ilə Rusiyanın dünyaya ağalıq niyyətində olduğunu, sərhəd tanımadığını nümayiş etdirmiş olub. Bunu həm də kimlərəsə təhdid və ya mesaj saymaq olarmı?
Politoloq Elçin Mirzəbəyli bildirdi k, həqiqətən də bir çox hallarda zarafatyana deyilən fikirlər həqiqəti daha çox əks etdirir, özündə çox ciddi məsələləri saxlayır. Əslində Putin Rusiyanın geosiyasi iddialarını ciddi danışanda da gizlətmir. Rusiya prezidentinin çar Rusiyası və SSRİ haqqında bu günə qədər söylədiyi fikirlər buna misal ola bilər. Putin Rusiyanın geosiyasi hədəfi birinci mərhələdə Rus İmperiyasının sərhədlərinin bərpası, ikinci mərhələdə isə Avrasiya imperiyası yaratmaqdan ibarətdir: “Vladimir Putin hakimiyyətə gəldikdən sonra Rusiyada geosiyasət elminin və onun geoiqtisadiyyat kimi mühüm istiqamətinin populyarlıq qazanması da bu iddialarla bağlıdır. Geosiyasəti bir elm kimi Avropada söz sahibi olmaq imkanlarını itirdikdən sonra almanlar yaratdılar və alman geosiyasəti özünü daha sonralar faşist Almaniyasının işğalçılıq siyasətində büruzə verdi. Rusiyanı Almaniya ilə həm tarixi, həm də imperialist təfəkkürü baxımından çox şey birləşdirir. Rusiya da Almaniya kimi quru gücüdür, geosiyasi dildə desək tellurokratik dövlətdir. Bu baxımdan, Almaniyanın millətçi siyasi dairələrində Rusiyaya, xüsusilə də Vladimir Putinə isti münasibət bəslənməməsini təsadüfi saymaq olmaz. Almaniyanın millətçi geosiyasət nəzəriyyəçiləri heç vaxt Rusiya-Almaniya ittifaqını istisna etmirlər. Rusiya geosiyasətçiləri belə bir ittifaqın mümkünlüyünü istisna etmirlər. Bütün bunları qeyd etməkdə məqsədim, Rusiya prezidentinin zarafatlarının nə qədər ciddi olduğunu və konkret geosiyasi hədəflərə hesablandığını vurğulamaqdan ibarətdir. Çar Rusiyası bir zamanlar özünü Avropanın jandarmı hesab edirdi. İndi isə Rusiya Federasiyasının geosiyasi iddiaları daha da genişlənib və bütün Avrasiya məkanını əhatə edir. Rusiyanın buna nə dərəcədə nail olub-olmayacağı isə zaman məsələsidir. Aşırı imperiya iddiaları hazırda mövcud olanların da əldən çıxmasına səbəb ola bilər. Qarşımızda bununla bağlı yaşadığımız SSRİ təcrübəsi də var”.
Politoloq qeyd etdi ki, Putinin zarafatlarını Qərbdə artıq xeyli müddətdir ki, zarafat kimi qəbul etmirlər: “Rusiya ən azı Avrasiyaya ağalıq etmək niyyətindədir və dünyada iki, yaxud üç söz sahiblərindən biri olmaq istəyir. Odur ki, Putinin zarafatlarını Qərbdə artıq xeyli müddətdir ki, zarafat kimi qəbul etmirlər. Düşünürəm ki, bu zarafata NATO-nun baş katibi ”Rusiya Avratlantik alyansın genişlənməsi ilə barışmalıdır" bəyanatı ilə cavab verib. Amma barışacaqmı? İndiki halda bunun üçün zəmin yoxdur. Putin Qərb liderlərini Gürcüstanda, Ukraynada və nəhayət Suriyada dişinə vurub və onların bəyanatlarına qarşı güclü immuniteti var. Rusiyanı barışdırmaq, ən azı neytrallaşdırmaq üçün Kremlin qarşısına güclü lider çıxarılmalıdır. NATO üzvü olan Avropa ölkələri hərbi büdcələrini Rusiyanın narahat edə biləcək səviyyəyə çatdırmalıdırlar. Bu prosesin isə hələlik işartıları nəzərə çarpır".
Etibar SEYİDAĞA






