Rusiya Donetskə qoşun yeritməklə hədələdi
Virtualaz.org saytı xəbər verir ki, rəsmi Moskva Donetsk şəhərində Rusiyaya birləşmək tərəfdarları ilə Ukraynanın ərazi bütövlüyünün tərəfdarları arasında martın 13-də axşam baş vermiş toqquşma ilə bəyanat yayıb.
Bəyanatda deyilir ki, sağ-radikal qruplar özlərini Ukraynanın yeni hakimiyyəti sayanlara qarşı “dinc nümayiş” keçirənlərə dəyənək və pnevmatik silahlarla hücum edib, nəticədə bir nəfər həlak olub, onlarla adam yaralanıb.
Rusiya XİN bu insidentin Kiyev hakimiyyətinin ölkədə vəziyyətə nəzarət edə bilmədiyini sübut etdiyini bildirir.
“Biz dəfələrlə bəyan etmişik ki, Kiyevdə hakimiyyətə gələnlər silahlıları tərksilah etməli, əhalinin təhlükəsizliyini təmin etməli və insanların mitinq keçirmək hüququna təminat yaratmalıdır. Təəssüf ki, Ukraynada baş verən son hadisələr Kiyev hakimiyyətinin vəziyyətə nəzarət etmədiyini göstərir” - deyə bəyanatda bildirilir.
Rusiya XİN daha sonra bildirir ki, Rusiya Ukraynada yaşayan həmvətənlərin və həmvətəndaşların həyatının qorunması ilə bağlı məsuliyyətini dərk edir və insanları qorumaq üçün hərəkətə keçmək hüququnu özündə saxlayır.
Digər xəbərə görə, Rusiya Krıma “Uraqan” reaktiv yaylım atəşi sistemləri və ağır toplar yeridir. 12 “Uraqan” qurğusundan və 10 nəqliyyat-yükləyici maşından ibarət hərbi eşelon Kerç limanından Cankoy istiqamətində yola çıxıb. Daha sonra yedəyində ağır toplar olan “KamAZ” avtomobilləri Kerçdən Krımın içərilərinə doğru yola çıxıb. “KamAZ”ların mərmilərlə yükləndiyi, lakin tanınma nişanlarının olmadığı bildirilir.






