İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya büdcəsinin neft-qaz gəlirləri 2 dəfə azalıb, kəsir isə rekord həddə çatıb

587 18.05.2023 13:33 Son xəbər A A

Rusiyanın maliyyə naziri Anton Siluanov etiraf edib ki, ölkə büdcəsinin neft-qaz gəlirlərində plandan kənarlaşma var. Prezident Vladimir Putinin yanında keçirilən müşavirədə çıxış edən nazirin sözlərinə görə, hələlik büdcənin neft-qaz gəlirləri proqnozlaşdırılandan azdır: “Qeyri-neft-qaz gəlirləri proqnoza uyğun olaraq artır. Biz hətta ilin yekununda bu gəlirlərdə əlavə artım da gözləyirik. Lakin neft-qaz gəlirləri ilə bağlı problemlər var. Mövcud diskont, bazar konyukturu şərtlərində bu gəlirlər planda nəzərdə tutulandan aşağıdır”.

2023-ci ildə Rusiya büdcəsinə neft-qaz sektorundan 8,9 trilyon rublun daxil olması nəzərdə tutulur. Bunun 8 trilyon dolları baza qiyməti əsasında, 900 milyard rublu isə ondan yuxarı qiymət fonunda əlavə daxilolmalardır. Qanunvericiliyə əsasən sonuncular Stabilləşmə Fonduna getməlidir.

Cari ilin yanvar-aprel aylarında Rusiya büdcəsi 2,3 trilyon rubl neft-qaz gəliri əldə edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə azdır. Dörd ayda büdcəyə baza qiyməti ilə hesablanmış gəlirlər 400 milyard rubl az daxil olub. Bu zaman ən çox azalma qaz gəlirlərindədir – ötən ilin eyni dövrü ilə mqayisədə 4,5 dəfə azalaraq(keçən il 760 milyard rubl olub) 172 milyard rubl təşkil edib. Yanvar-apreldə büdcəyə ən çox neft hasilatına tətbiq olunan ƏDV-dən gəlir daxil olub – 1,7 trilyon rubl. Qaz hasilatı üzrə ƏDV-dən gəlir bundan 7 dəfəyədək az – 253 milyard rubl olub.

Dörd ayda neft hasilatçılarına büdcədən dempfer ödənişi 360 milyard rubl təşkil edib. Ötən il bu göstərici 800 milyard rubl olmuşdu.

Dörd ayda ümumi büdcə gəlirləri ötən ilkindən 22 faiz aşağı olmaqla 7,782 trilyon rubl təşkil edib. Qeyri-neft-qaz sektorundan gəlirlər 5 faiz artmaqla 5,5 trilyon rubl olub. Büdcə xərcləri isə bu dövrdə ötən ilki göstəricidən 26 faiz yüksək olmaqla 11,206 trilyon rubl təşkil edib. Bunun 3,129 trilyon rublu apreldə xərclənib.

Yekunda yanvar-apreldə Rusiya dövlət büdcəsi 3,4 trilyon rubl kəsirlə icra olunub. Aprel ayında kəsirin həcmində 1 trilyon rubl artım baş verib. Büdcənin illik kəsirinin 2,9 trilyon olması proqnozlaşdırılır.
Rusiya Maliyyə Nazirliyinin məlumatına əsasən yanvar-apreldə əsas ixrac məhsulu olan Urals markalı neftin orta qiyməti 51,05 dollar təşkil edib ki, bu da ötən ilki qiymətdən 40 faiz aşağıdır. Aprel ayında orta qiymət 58,63 dollara qədər artıb, amma bu, ötən ilki qiymətdən 17 faiz aşağıdır.

Beynəlxalq Enerji Agentliyinin hesablamalarına əsasən aprel ayında Rusiyanın neft və neft məhsulları ixracı gündəlik 8,3 milyon barel təşkil edib: Bu, Ukraynaya qarşı işğalçı müharibə başlanandan bəri ən yüksək ixrac həcmidir. Xam neft ixracı ötən ilin apreli ilə müqayisədə 200 min barel azalsa da, neft məhsullarının ixracındakı 500 min barellik artım bunu kompensasiya edib.

Məlumat üçün bildirək ki, ümumilikdə Rusiya dövlət büdcəsi gəlirlərinin 2023-cü ildə 26 trilyon rubl, xərclərinin isə 29 trilyon rubl olması nəzərdə tutulur.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR