Biz müasir Rusiyaya SSRİ kimi baxmaqdan vaz keçməliyik
44 günlük Vətən müharibəsində önə çıxan əsas qələbə simvolu heç şübhəsiz ki, bayraq oldu. Müharibənin ilk günündən Azərbaycan və Türkiyə bayraqları yanaşı asıldı, sonra bu sıraya bizə bu savaşdan da əvvəl daima ciddi dəstək verən Pakistan dövlətinin də bayrağı əlavə olundu.
Noyabrın 8-də Şuşanın alınması ilə bağlı keçirilən bayram yürüşündə bu siyahıya daha bir bayraq- İsrail bayrağı da qoşuldu. Şəxsən mən həmin yürüşdə İran və Hindistan, hətta Afrika ölkələrindən birinin bayrağını da gördüm. O bayraqları bizim qələbə sevincimizə şərik olan Bakıda yaşayan iranlılar, yəhudilər, hindlilər, yəqin ki, premyer-liqada oynayan afrikalı futbolçular meydana çıxarmışdılar.
Sonrakı qələbə yürüşlərində Rusiyanın bayrağının da yer almasını “qaşınyamayan yerdən qan çıxarmaq istəyən” siyasət dəllallarının niyə qabartdıqlarının səbəbini başa düşmək olar. “Rusiya faktoru” Azərbaycanın müəyyən siyasi qüvvələrinin “çörəklərinə sürtməyə yağ” kimidir. Bu səbəbdən də illərdir Rusiyanın müxalifət qüvvələri ilə belə yaxınlaşmaqdan çəkinirlər, ictimai qınağa tuş gəlməmək üçün hətta Moskvaya gəzməyə belə getmirlər, ya da bunu ictimailəşmədən ediblər.

Maraqlıdır ki, bu ehtiyatlılığa baxmayaraq, zaman-zaman bəzi müxalifət liderləri “Rusiyanın adamı”, “Primakovun maşası” kimi ittihamlarla üz-üzə qalıblar. Bəzilərinin 1990-cı illərdə Moskvadakı Lefortovo təcridxanasında “verbovka” olunduğu barədə hekayələr hələ də danışılır...
Rusiya özünü SSRİ-nin varisi elan etməklə, təkcə bu dövlətin hərbi-sənaye kompleksinə, nüvə silahına, eləcə də faşist Almaniyası üzərində qələbəsinə yiyələnmədi, həm də 15 respublikanı birləşdirən imperiyanın bütün pisliklərinə özünü şərik etdi. 1989-cu ilin 9 aprelində Tiflisə, 1990-cı ilin 20 yanvarında Bakıya, 1991-ci 11 yanvarda Vilnüsə qoşun yerdən faktiki SSRİ ordusu idi və onların tərkibində təkcə ruslar deyil, ən müxtəlif millətlərin nümayəndələri vardı.
Necə ki, Bakıya 20 yanvarda soxulan ordunun əksəriyyəti ruslardan (və digər millətlərdən) deyil, Krasnodardan gətirilmiş ermənilərdən ibarət olduğu bilinən faktdır. 1968-ci ilin avqustunda Çexoslovakiyaya qoşun yeritmək qərarı Kremlin, amma ovaxtkı SSRİ-nin paytaxtının qərarı idi, Praqa küçələrinə çıxarılan yüzlərlə tankın içərisindəkilərin hamısı da yəqin ki, ruslar deyildi. O cümlədən, 1979-cu ildə Əfqanıstana qoşun yeritmək kimi avantüranın arxasında duranların müasir Rusiya ilə hər hansı bağlılığı yoxdur.
Bəli, Azərbaycanın iki yerə parçalanmasını rəsmiləşdirən Türkmənçay müqaviləsi ovaxtkı Rusiyanın məsuliyyətidir, amma o Rusiyanın qarşısında da bir Çar sözü var. Yəni Çar Rusiyasının...
Bu kimi misalları tarixdən qurdalayıb tapmaq, qüsurlu müqayisələr, paralellər aparmaq olar. Rusiya da, Kreml də, Moskva da “süddən çıxmış ağ qaşıq” deyil, yüz illərdir ki, bu üç faktorun Azərbaycana da daima ciddi təsiri olub və olmaqda da davam edəcək. Amma biz müasir Rusiyaya SSRİ kimi baxmaqdan vaz keçməliyik, çünki bu, obyektiv yanaşma deyil. Əgər qardaş Türkiyə 1923-cü ildə özünü Osmanlı imperiyasının varisi elan edib bunu rəsmiləşdirsəydi, indi gərək Avropa da daxil, dünyanın yarısı ilə müharibə şəraitində olaydı. Ya da biz özümüzü Səfəvilər dövlətinin varisi sayardıqsa, gərək Osmanlı ilə Səfəvilərin arasındakı 1514-cü ildəki Çaldıran döyüşünə görə indi də bir-birimizin üzünə baxmayaydıq...
Rusiya da SSRİ dağılandan sonra ciddi iqtisadi-siyasi sınaqlardan keçdi, ərazisində illərlə davam edən silahlı münaqişə başladı, yüzlərlə vətəndaşı terror aktları nəticəsində həyatını itirdi.
Rusiyanın indiki siyasəti də aqressivdir- ordusuna güvənən, daima silah arsenalını gücləndirən dövlətdir. Çünki dünyanın özü qaba gücü və bu cür aqressiv siyasəti şərtləndirir. Baxın, Trampın 4 illik qeyri-ciddi siyasəti ABŞ kimi nəhəngi hansı yerə gətirdi ki, Co Bayden hələ Ağ Evə köçməmiş dünyanı yenidən güclənəcək ABŞ-la hədələməyə başlayıb.
Rusiya Norveç, Finlandiya, Estoniya, Latviya, Litva, Polşa, Belarus, Ukrayna, Gürcüstan, Azərbaycan, Qazaxıstan, Çin, Monqolustan və Şimali Koreya ilə həmsərhəd, Yaponiya və ABŞ-ın Alyaskası ilə də su sərhədləri olan nəhəng ölkədir.
Tarixən əldən-ələ keçmiş Krımın ilhaqından sonra dünyada müasir Rusiyaya münasibət ciddi şəkildə dəyişib. Bu, özünü təkcə tətbiq edilən iqtisadi sanksiyalarda göstərmir, həm də hər vəchlə Rusiyanın çökdürülməsinə, superdövlət kimi güclənməsinə maneələr var. Amma bu bizim yox, Rusiyanın öz problemidir. Bizim işimiz nəhəng Rusiya ilə qonşuluq siyasətini düzgün qurmaqdır. Son hadisələr təsdiq etdi ki, dövlət baba bu işi keyfiyyətli şəkildə həll edib və bu siyasəti heç nəyə baxmayaraq, davam etdirmək əzmindədir.

Son Vətən müharibəsində Rusiya Azərbaycanın haqq işinə mane olmadı. Azərbaycanın ərazi bütövlüyü məsələsi ən yüksək səviyyədə dilə gətirildi, “Rusiya Ermənistana həmişəki kimi yenə dəstək olacaq” kimi iddialar dağıldı, Moskva Bakının haqq işinə çomaq soxmadı. Kreml başçısının Vətən müharibəsində və ondan sonrakı dövrdə ortaya qoyduğu mövqeyi, açıqlamaları, xüsusilə Qarabağın Azərbaycanın daxili işi, ərazisi olduğunu təkrar etməsi, son müsahibəsindən Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu söyləməsi bu müharibədə qələbəmiz üçün siyasi baxımdan olduqca əhəmiyyətli yanaşma idi.
Daha bir mühüm məqamı unutmayaq: Rusiya noyabrın 10-da imzalanmış üçtərəfli sazişin bütün bəndlərinin icrasının qarantıdır. Laçının vaxtında qaytarılması Rusiyanın verdiyi sözə, imzalanmış sənədə sadiqliyini də göstərdi. Biz indi Rusiya bayraqlarına ən azı bu səbəbdən qıcıqlı, siyasi rəng və məna vermədən baxmalıyıq. Bu bayraq məsələsini lazım olmayan tonda gündəmə gətirib qisas üçün fürsət gözləyən düşmənlərimizə bəhanə verməməliyik ki, “Azərbaycanda anti-Rusiya meylləri” var deyib bizim əleyhimizə istifadə etməsinlər. Rusiyanın bölgədə də, Azərbaycanda da, Ermənistanda da ciddi maraqları var, bunu heç kim inkar edə bilməz. Amma bu maraqlar indilikdə Azərbaycanın dövlət maraqları ilə ziddiyyət təşkil etmir.
Uşaqlıqda SSRİ-nin xokkey komandasına azarkeşlik etmiş, əli avtomatlı sovet əsgərinin kinayəli baxışı, ermənilərin isə atəşi altında dəfələrlə Ağdamdan Şuşa getmiş, 1988-ci ilin dekabrın 5-də Azadlıq meydanında hərəkatı dağıtmış qoşunu görmüş, Bakıda 20 Yanvar qırğınına şahidlik etmişəm. Həm də rus ədəbiyyatının möhtəşəm yazarlarını oxumuşam. Rusiya mənim üçün Kreml deyil. Rusiya Puşkindir, Lermontovdur, Dostayevskidir, Kərim Kərimovdur, Fərman Salmanovdur, Müslüm Moqomayevdir, orada ailəsinə pul qazanan 2 milyon azərbaycanlıdır və sairə...

Bilirəm, indi həssas dönəmdir, ortada da bəzi su bulandıranlar var. Sülhməramlılarından sonra, Rusiya bayrağını az qala işğal simvolikası kimi qələmə vermək cəhdləri buna işarədir.
Məsləhətdir ki, Rusiya bayraqlarına bir də Azərbaycan tərəfdən dayanıb baxın. Məsələn, Vətən müharibəsində Azərbaycanın haqq davasını müdafiə edən yüzlərlə rus millətindən vətəndaşımız oldu. 44 günlük müharibədə biz milliyyətcə rus olan şəhidlər verdik. Biz Denis Pronin və Dmitri Solntsevi digər şəhidlərimizdən ayıra bilmərik...






