Rusiya bayrağı ilə Avropaya etiraz edən təşkilat sədri danışdı
“Hafiz Hacıyevin ayrı, bizim ayrı yerimiz var”
Ötən həftə Beynəlxalq Diaspor mərkəzi Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qətnaməyə etiraz olaraq Bakıda piket keçirib. Piketdə Rusiya bayrağının dalğalanması, eləcə də yəhudi əsilli doktor Aleksander Şapiro-Sülimanın çıxış etməsi mediada və sosial şəbəkədə müzakirə predmeti olub. Beynəlxalq Diaspor Mərkəzinin rəhbəri İsmayıl Ağayev aksiya ilə bağlı “Yeni Müsavat”ın suallarını cavablandırıb.
- Beynəlxalq Diaspor Mərkəzi Azərbaycanın dünyanın 20-yə yaxın ölkəsində nümayəndəliyi var. O sıradan Türkiyədə, Rusiyada, İsraildə, Yaxın Şərqdə, Şərqi Avropa dövlətlərində. Bir neçə gün öncə xaricdəki nümayəndəliklərimizin təmsilçilərini Azərbaycana dəvət etmişdik. PKK terrorunun güclənməsi ilə bağlı Türkiyəyə dəstək, eyni zamanda Qafqaz İslam Ordusunun Bakını erməni-bolşevik birləşmələrindən azad etməsinin növbəti ildönümü ilə bağlı aksiyalara hazırlaşırdıq. Belə bir vaxtda Avropa Parlamenti Azərbaycanla bağlı qətnamə qəbul etdi. Düşündük ki, bu məsələyə də münasibətimizi bildirməliyik. BDM üzvləri piketə fəaliyyət göstərdikləri ölkələrin bayraqları ilə çıxmışdı. Biz rusiyapərəst qüvvə deyilik.
- Piketdə Rusiya bayrağını qaldırmağınıza Rusiyadan reaksiyalar oldumu?
- Yox. Heç bir reaksiya olmayıb. Ümumiyyətlə mən bu məsələnin şişirdilməsini düzgün hesab etmirəm. Biz orada Rusiyanın mövqeyini ifadə etmirdik ki. Bizim təşkilatın əsas vəzifəsi deportasiya qurbanı olan Qərbi Azərbaycandan olan soydaşlarımıza dəstək olmaq, Azərbaycanın ərazi işğalı ilə bağlı beynəlxalq aləmdə təbliğat aparmaqdır. Biz hər zaman Qarabağ problemini Rusiyanın yaratdığını, Ermənistanın arxasında Kremlin dayandığını demişik. Xocalı faciəsində, 1 milyon insanın yurd-yuvasından didərgin düşməsində Rusiyanın günahkar olduğunu açıq söyləmişik. Bunlar faktdır və bizim mövqeyimiz dəyişməzdir. Bizim piketdə Rusiyanın bayrağının olması insanlarda çaşqınlıq yaratmamalıdır. Bizim baxışlarımız dəyişməzdir. Həmin piketdən bir neçə gün öncə PKK əleyhinə yürüş keçirdik. Həmin aksiyada da müxtəlif ölkələrin bayraqları vardı. Aksiyaya yəhudi iş adamı, bizim köhnə dostumuz Aleksander Şapiro-Süliman da qatılmışdı, çıxış elədi, Türkiyənin Bakı böyükelçisi ilə görüşdü. Terrora qarşı bütün insanlıq birləşməlidir. Bizi Rusiyanın maraqlarının qoruyucusu kimi təqdim etmək istəyənlərin nəzərinə çatdırım ki, mənim Rusiyaya və İrana giriş qadağam var.
- Səbəbi nədir?
- Çıxışlarımda Rusiyanın Ermənistanı dəstəklədiyini deməyim, Dağlıq Qarabağ həqiqətlərini dünyaya çatdırmağım. Beynəlxalq Diaspor Mərkəzi həm Bakıda, həm də Avropa paytaxtlarında Rusiya səfirliyinin qarşısında dəfələrlə piketlər keçirib. Bütün bunlara görə də mənim Rusiyaya girişimə icazə verilmir.
- Bəs, nə əcəb Rusiyada təşkilatınızın fəaliyyətinə icazə verilir?
- Biz Rusiyanın daxili işlərinə qarışmırıq. Ancaq Azərbaycanla bağlı həqiqətləri dilə gətiririk. Bu da Rusiya hakimiyyətində təmsil olunan bəzi şəxslərin ürəyincə deyil.
- Rusiyaya, İrana buraxılmamağınız sizin biznes fəaliyyətinizlə bağlı deyil?
- Mən böyük iş adamı deyiləm. Nə Rusiyada, nə də İranda biznesim var.
- Siz bayaq Aleksander Şapiro-Sülimanın adını çəkdiniz. Bu şəxsin piketdə görünməyi, Avropanı, Qərbi tənqid etməyi də birmənalı qarşılanmadı.
- Aleksander Şapiro-Süliman bizim yaxın dostumuzdu. 10 ildən artıqdır bizim yaxın münasibətlərimiz var. O bizim təşkilatın Yaxın Şərq nümayəndəliyinin rəhbəridir. Onun ciddi bağlarının olduğu İsrail Qərb dünyasının bir parçası olmasın baxmayaraq Aleksander Şapiro Azərbaycanın yanındadır. O, PKK terroruna qarşı da birmənalı mövqeyinin dəfələrlə bildirib. Belə bir şəxsin Azərbaycanın siyasətini dəstəkləməsinə ancaq sevinmək lazımdır. O şəxs Azərbaycanın dostudur, Azərbaycanı sevən insandır.
- Parlament seçkisinə gedəcəksinizmi?
- Artıq təşəbbüs qrupu yaradılıb, namizədliyim irəli sürülüb və biz imza vərəqələrini almışıq.
- Hansı dairədən iddialısınız?
- 60 saylı Salyan-Neftçala Seçki Dairəsindən. Həmin bölgədə ötən əsrdə bir neçə dəfə Qərbi Azərbaycandan deportasiya olunan insanlar, xeyli qohum-qardaşım yaşayır. Mənim valideynlərim də orda yaşayıb. Xeyirdə-şərdə görüşəndə mənə dəstək olacaqlarını deyiblər, mən də düşündüm ki, ən uyğunu elə bu dairədir.
- Sizin bu seçkidə müxalifətlə üz-üzə qoyulacağınız haqqında da danışılır. Belə demək mümkünsə, hakimiyyət sizdən istifadə etməklə “Hafiz Hacıyev-2” projesini həyata keçirmək istəyir. Bu iddialara cavabınız nədir?
- Mən heç bir insanın şəxsiyyəti haqqında fikir söyləmək istəmirəm. Hafiz Hacıyevin də cəmiyyətdə öz yeri var. Bizim də öz mövqeyimiz var. Biz Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşən, vuruşan, canını fəda edən insanlardan biriyik. Biz Çanaqqala şəhidlərinə abidə qoymuş insanlardan biriyik. Biz ictimai təşkilat olaraq fəaliyyət göstəririk. Bizim nə partiyalılığımız var, nə də hansısa partiyaya qarşı yönəlmişik. Biz yeri gələndə torpaq uğrunda vuruşan insanıq. Bizi daha yaxşı yerlərdə görmək olar.
Aygün Muradxanlı






