İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Azərbaycanın şərtləri ilə razılaşdı: Paşinyanın adamı qorxdu, tez-tələsik üzr istədi

6367 04.09.2022 19:09 Analitika A A

Rusiya da məcburiyyət qarşısında Azərbaycanın siyasi iradəsini qəbul etməyə başlayıb... Araik Arutyunyan və onun separatçı-terrorçu dəstəsi silahları təhvil verib, Azərbaycan ərazilərini həmişəlik tərk etməsələr, növbəti anti-terror əməliyyatı qaçılmaz olacaq...

Ermənistanın siyasi dairələri öz provokativ davranışlarına hələ də sadiqdirlər. Bu ölkədə kimin hakimiyyətdə olması heç nəyi dəyişmir. Çünki erməni toplumunun düşüncə tərzi provokasiya üzərində indeksləşib. Üstəlik, bu, həm də ermənilər üçün "milli vərdişlər" sırasına daxildir.

Ona görə də, Ermənistanla sadəcə, sülh danışıqları aparmaqla, Cənubi Qafqazda sabitliyi və əmin-amanlığı təmin etmək çox çətin məsələdir. Belə ki, Ermənistanla sülh danışıqlarında müsbət nəticəni yalnız buna paralel olaraq, "dəmir yumruğun" davamlı təsiri təmin edə bilər. Əks halda, rəsmi İrəvan sülh danışıqlarında öz üzərinə müxtəlif öhdəliklər götürüb, vədlər verib, sonra ardınca təxribatçı addımlar atmaqda davam edəcək.

Brüssel görüşü avqustun 31-də reallaşmışdı. Azərbaycan Prezidenti İlham Əliyev, Avropa Birliyi Şurasının rəhbəri Şarl Mişel və Ermənistan baş naziri Nikol Paşinyan arasında keçirilən üçtərəfli görüşdə xarici işlər nazirlərinin sülh sazişinin mətnini hazırlamaları barədə prinsipial razılıq əldə olunmuşdu. Ancaq üzərindən cəmisi iki gün keçər-keşməz rəsmi İrəvan növbəti təxribata əl atdı.

4d917b4e5149c46ffac7960aa640404e.jpeg (106 KB)

Ermənistan Təhlükəsizlik Şurasının rəhbəri Armen Qriqoryan birdən-birə qeyri-qanuni şəkildə Azərbaycanın Xankəndi və ətraf bölgəsində peyda oldu. Ermənistanın rəsmi təmsilçisi Azərbaycan ərazisinə oğru metodları ilə gizlicə səfər etdi. Geri dönüb, təhlükəsizlikdə olduğunu düşündü və özünün Facebook hesabında Xankəndidə çəkdirdiyi fotonu paylaşdı.

Ancaq Ermənistanın Təhlükəsizlik Şurasının rəhbəri özünü təhlükəsizlikdə hiss etməkdə deyəsən, bir az tələsmişdi. Böyük ehtimalla Armen Qriqoryan rəsmi Bakının onun Xankəndi və ətraf bölgəyə oğru metodları ilə gizli səfərinə bu qədər sərt reaksiya verəcəyini gözləmirmiş. Azərbaycanın Xarici İşlər Nazirliyi Ermənistan rəsmisinin Xankəndi və ətraf bölgəyə gizli səfərini növbəti təxribat kimi dəyərləndirdi. Brüssel görüşündən dərhal sonra törədilmiş bu təxribatın Avropa Birliyinin vasitəçiliyi ilə əldə edilmiş anlaşmalara gölgə salmaq məqsədi daşıdığını vurğuladı.

Rəsmi Bakının bəyanatının son hissəsi isə Ermənistana "dəmir yumruğu" unutmamaq məsləhəti təsiri bağışlayır: "Biz Ermənistan rəsmisinin timsalında törədilmiş təxribatı pisləyirik. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünə qarşı istənilən davranışa mütləq cavab veriləcək".

Təbii ki, rəsmi Bakının Azərbaycanın ərazi bütövlüyünə qarşı atılan addımlara necə cavab verdiyini Ermənistanda artıq olduqca yaxşı bilirlər. Azərbaycanın "Qisas" antiterror əməliyyatı Ermənistanda ciddi siyasi-psixoloji nəticələr doğurub. Bu əməliyyatdan sonra Ermənistanda tam əmin oldular ki, rəsmi Bakı dediyinə həmişə sadiq qalır. Əgər, rəsmi Bakı Ermənistanın təxribatçı davranışlarına cavab veriləcəyini bəyan edibsə, deməli, bu, mütləq baş verəcək. Ona görə də, A.Qriqoryanın son təxribatı həm Ermənistan, həm də Xankəndi və ətraf bölgədə olan erməni separatçı-terrorçular üçün olduqca ağır nəticələr vəd edir.

7be6236e-b74c-4f73-8160-c3126f1c2e78.jpg (84 KB)

Ermənistanda rəsmi Bakının son xəbərdarlıq mesajından ciddi şəkildə narahat olmağa başlayıblar. Xüsusilə də, Ermənistan Təhlükəsizlik Şurasının rəhbəri Armen Qriqoryan hazırda qətiyyən təhlükəsizlikdə olmadığını artıq anlayıb. Ona görə də, A.Qriqoryan qorxuya düşərək, tez-tələsik Azərbaycanın siyasi dairələri ilə əlaqə qurmaq məcburiyyətində qalıb.

Ermənistanın 168.am nəşri bu barədə əldə etdiyi məlumatları ictimailəşdirib. Nəşrin iddiasına görə, rəsmi Bakının reaksiyası A.Qriqoryanı elə qorxudub ki, o, çıxış yolunu dərhal özəl kanallar üzərindən Azərbaycan tərəfi ilə təmasa keçməkdə görüb.

168.am yazır ki, A.Qriqoryan həmin təmas çərçivəsində Azərbaycandan üzr istəyib və öz davranışını izah etməyə çalışıb: "Armen Qriqoryan üzrxahlıq etdikdən sonra bildirib ki, o, Qarabağda doğulub. O, deyib ki, Qarabağa siyasi məqsədlər ilə getməyib və bu səfər sadəcə, şəxsi xarakter daşıyıb. Yəni, atasının evini və məzarını ziyarət etmək məqsədi güdüb. O, izah edib ki, Qarabağa dövlət təmsilçisi deyil, sadəcə, adi vətəndaş kimi gedib".

Göründüyü kimi, erməni nəşri Ermənistan Təhlükəsizlik Şurasının rəhbərinin törətdiyi təxribatdan "peşman" olduğunu yazır. Bu isə o deməkdir ki, A.Qriqoryan Azərbaycanın Qarabağ bölgəsinə sonuncu dəfə səfər edib və o, bir daha həmin əraziyə ayaq basmağa cəsarət etməz. Hər halda, yəqin ki, rəsmi Bakının ata biləcəyi cavab addımlarının ona olduqca baha başa gələcəyini indi daha yaxşı anlayır.

f04cf8cb14d95ae0b2fec589275313a1.jpg (243 KB)

Ancaq bunu yalnız Armen Qriqoryanın deyil, bütün ermənilərin anlaması vacibdir. Çünki, Ermənistan və erməni toplumu üçün Qarabağ mövzusu artıq sona çatıb. Xankəndi və ətraf bölgə Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğundan Qarabağ mövzusu da ölkəmizin daxili işidir. Və həm Ermənistan, həm də erməni toplumu Qarabağ mövzusunu həmişəlik unutmalıdır.

Azərbaycanın Xankəndi və ətraf bölgəsində son baş verənlər də bu reallığı birmənalı şəkildə təsdiqləyir. Belə ki, həmin bölgədə olan separatçı-terrorçu ermənilərin rəhbəri Araik Arutyunyan toplantı keçirib. O, həmin toplantıda bildirib ki, Azərbaycan hökuməti Rusiya sülhməramlı qüvvələrinin məsuliyyət zonasından (Xankəndi və ətraf bölgə) bütün ağır və iriçaplı silahların çıxarılması şərtini qoyub. Və Rusiya sülhməramlı qüvvələrinin rəhbərliyi rəsmi Bakının bu tələbi ilə artıq razılaşıb.

Belə anlaşılır ki, Rusiya da Azərbaycanın siyasi iradəsini qəbul etməyə başlayıb. Əslində, Kreml buna həm də məcbur qalıb. Çünki, rəsmi Bakı şərtləri yerinə yetirilmədiyi halda, Azərbaycanın maraqları çərçivəsində qətiyyətli addımlar atmaqdan çəkinmədiyini "Qisas" antiterror əməliyyatı ilə artıq sübuta yetirib. Bu baxımdan, rəsmi Bakının siyasi iradəsinə müqavimət göstərmək, Rusiyanın onsuz da korlanmış beynəlxalq imicinə sarsıdıcı zərbə vuran biləcək hadisələrə yol açar.

Bütün bunlar isə onu göstərir ki, yaxın vaxtlarda rəsmi Bakının tələblərini yerinə yetirməli olacaqlar. Xankəndi və ətraf bölgədə olan ermənilər tamamilə tərksilah ediləcək. Araik Arutyunyan və onun separatçı-terrorçu dəstəsi isə Azərbaycan ərazilərini həmişəlik tərk etməli olacaq. Çünki, əks halda, onları növbəti anti-terror əməliyyatı və həbsxana həyatı gözləyir.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR