İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Azərbaycanı və Ermənistanı itirir - Kremlin köhnə “resepti" daha işə yaramır

2120 22.06.2023 11:31 Siyasət A A

ABŞ Bakı və İrəvanı təzədən bir araya gətirir; Moskva isə savaşdan da, sülhdən də qorxur - ilginc səbəb; erməni mediası: “Güney Qafqazda dinclik və barışıq istəməyən tək dövlət Rusiyadır...”

Fors-major olay baş verməzsə, tezliklə, ola bilsin, elə bu ayın axırında Vaşinqtonda Azərbaycan və Ermənistan XIN rəhbərləri arasında danışıqlar davam etdirilsin. Hər halda, bölgədə daimi sülh və sabitliyin bərqərar olmasına ABŞ və Avropa Birliyinin (AB) Rusiya ilə müqayisədə daha səmimi şəkildə çalışdığı şübhə doğurmur.

Maraqlıdır ki, Qərb vasitəçiləri Ermənistan-Azərbaycan nizamlanması üzrə sülh gündəmini nə qədər fəal şəkildə irəli aparırsa, Bakı və İrəvanda təsir rıçaqlarını getdikcə itirdiyini hiss edən rəsmi Moskva bir o qədər dilxor və əsəbi olur. Rusiya yəqin həm də ona görə təlaşlıdır ki, Qərbin patronajlığı altında gedən danışıqlar prosesinin tam kənarına itələnə, ardınca isə bölgədə hərbi varlığını itirə bilər.

Rusiya xarici işlər naziri Sergey Lavrovun KTMT XİN rəhbərlərinin srağagünkü toplantısında ABŞ və AB-nin ünvanına söylədiyi sərt sözlər buna şübhə yeri qoymur. Lavrov çıxışında iddia edib ki, Qərb Azərbaycan və Ermənistan arasında vasitəçilikdə səmimi deyil, yalnız öz maraqlarını güdür. Guya Rusiya səmimi imiş və iki qonşu xalqı barışdırmaq, ədalətli sülhə nail olmaq üçün gecə-gündüz demədən çalışır.

LAVROV: “ERMƏNİSTAN KTMT MİSSİYASININ YERLƏŞDİRİLMƏSİNDƏN FAYDA GÖRƏCƏK”

Çıxışdan sitat: “ABŞ və AB-nin səylərində tərəflərə kömək etmək arzusu yox, regiona nüfuz etmək istəyini görürük. Biz digər beynəlxalq oyunçuların vasitəçilikdə iştirakına qarşı deyilik. Əsas odur ki, bu vasitəçilik erməni və Azərbaycan xalqlarının və dövlətlərinin maraqlar balansını əks etdirəcək razılaşmaların təmin edilməsi məqsədini güdsün. ABŞ və AB-nin səylərində isə biz anlaşmanın əldə olunmasına kömək etmək arzusunu deyil, regiona nüfuz etmək, Rusiyanın qanuni (?! - red.) maraqlarını sıxışdırmaq istəyini müşahidə edirik. Ümid edirik ki, İrəvandakı və Bakıdakı tərəfdaşlarımız bunu başa düşürlər”.

*****

Şübhəsiz, Bakıda hər şeyi yaxşı anlayırlar. Sülh müqaviləsi məsələsində hansı paytaxtın səmimi, hansının qeyri-səmimi və riyakar olduğunun fərqindəyik. Eləcə də Moskvanın danışıqları süni şəkildə uzatmasını və imitasiya eləməsini, 10 noyabr sənədinin 4-vü bəndinə zidd olaraq, üç ildir Qarabağdan qanunsuz silahlı birləşmələri çıxarmaq istəməməsini, əksinə, onlara hər cür qanunsuz kömək göstərməsini də yaxşı bilirik.

Halbuki iki qonşu ölkə və xalqın barışığı üçün Kremlin əlində həmişə unikal vasitələr olub, indi də var. Əfsus ki, Rusiya onlardan sırf bölgədə qalmaq üçün istifadə edib, nəinki konfliktə həmişəlik son qoymaq naminə. Mixail Qorbaçov və Boris Yeltsin zamanında da belə idi, Putin dönəmində də belədir...

Deyəsən, bunu zavallı ermənilər də anlamağa başlayıb.

*****

Bakı və Ankara ilə dialoqda erməni “notları”

 Tevoş Arşakyan 

“Bəli, indi Qərb danışıqlar prosesini aparır. Rusiya da 30 ildən artıqdır danışıqlarda vasitəçidir. Bəs o, nəyə nail olub? Heç nəyə. Çünki qarşısına belə məqsəd qoymayıb. Kremlin məqsədi münaqişəli vəziyyəti qorumaq idi ki, onun hesabına 30 il həm Bakıya, həm də İrəvana təzyiq rıçaqlarına malik ola bildi. Bu, sırf imperiya təfəkkürüdür - parçala və qalib ol!”

“Yeni Müsavat”ın məlumatına görə, bu barədə Tevoş Arşakyan ad-soyadlı şərhçi Armenianreport.com-dakı məqaləsində yazır.

Məqalədə ardınca deyilir: “Bəlkə də erməni və Azərbaycan xalqları öz aralarında ümumi dil tapa, bir-biri ilə razılaşa bilərdilər. Hər necə olmasa, biz qonşuyuq, burada yan-yana yaşamaq zorundayıq. Amma Moskva imkan vermədi. Tərəflər konstruktiv danışıqlara sarı gedən kimi, nəyisə razılaşdırmaq perspektivi yaranan kimi dərhal hər şeyin üstündən yağlı xətt çəkən fors-major hadisələr yaşandı. Məsələn, sərhəddə, təmas xəttində hər iki tərəfdən insan itkiləri ilə müşayiət olunan növbəti eskalasiya. Yaxud Ter-Petrosyanın devrilməsi. Və ya Ermənistan parlamentinin (1999 - red.) gülləbaran edilməsi”.

Paşinyan onu iqtidar etmiş xalqı hədələdi -

Müəllifin əminliyinə görə, yalnız bir ölkəyə - Rusiyaya Güney Qafqazda yerli-dibli sülh gərək deyil: “Biz burada bir-birimizlə (Azərbaycanla - red.) nə qədər çox döyüşsək, Rusiyanın bölgədəki hərbi və diplomatik mövcudluğu bir o qədər güclü olur. Moskva danışıqların yox, münaqişənin moderatorudur. Rusiyanı buradan sıxışdırıb çıxarmaq üçün Qərbə ədalətli sülh lazımdır. Əminəm, Ermənistanda da, Azərbaycanda da hamı bunu çox gözəl başa düşür. O səbəbə getdikcə daha çox Brüssel və Vaşinqton meydançalarına üstünlük verilir. Hər halda, ən yaxşısı qoy bizi barışdırsınlar, nəinki bir-birimizə qarşı qoysunlar. Rusiya bütün bu illər ərzində məhz ikinci işlə məşğul olub. Amma indi artıq ona nə bizim, nə də azərbaycanlıların etibarı qalıb. Və bunu Moskvada nə qədər çox başa düşürlərsə, bir o qədər orada isteriya güclənir. Nə etməli, nə əkərsən, onu da biçərsən”.

*****

Erməni də olsa, arqumentləri yerində, məntiqi normal. Ancaq belə olan surətdə ilk növbədə Ermənistanın toplumu və iqtidarından güclü iradə tələb olunur ki, bir daha Moskvanın bitməyən oyunlarına alət olmasın, Qərbin qarantorluğu ilə Azərbaycanla yazılı sülh anlaşmasına razılıq versin, üzünü, nəhayət, əsas qonşularına - Türkiyə və Azərbaycana tutsun. Çünki Rusiyadan hələ də güclü asılılığı olan məhz kapitulyant ölkədir. Moskvanın köhnə “sülh resepti” isə çoxdan heç nəyə yaramır.

Ermənin siyasiləri nəhayət anlamalıdırlar ki, Rusiyanın iştirakı və zəmanəti ilə uzunmüddətli  sülhə bel bağlamaq canavardan vegetarianlıq gözləmək qədər mənasız işdir. Yenə pozitiv nəsə eləsə, belə görünür ki, Fransa xaric Qərb, Brüssel-Vaşinqton tandmi edəcək.

Təəssüf ki, Ermənistanın nə hökuməti (Nikol Paşinyanın son açıqlamaları bunu bir daha təsdiqlədi), nə də “göylə getməyə” davam edən radikal revanşist müxalifəti 44 günlük müharibədən lazımınca dərs götürməyiblər. Bu isə əlbəttə ki, yenə və ən çox bölgəni qarışdırmaq planlarından əl çəkməyən Kremlin işinə yarayır... 

Siyasət şöbəsi,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR