İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya ABŞ-ın Demokrat partiyası içində öz adamını tapıb?

Kremlə yaxın mətbuat Tulsi Qabbardın prezidentliyə namizədliyini çox qabardır

ABŞ-da prezident seçklərinə hələ çox vaxt qalsa da, Rusiyanın siyasi proseslərə müdaxiləsi ilə bağlı söz-söhbətlər səngimək bilmir.

İndi də rusiyalı trolların və Kremlə yaxın mətbu orqanların Demokrat parityası içində bir namizədin üzərində çox durması amerikalılarda ciddi şübhələr və narahatlıq yaradıb.

“NBC News” kanalının verdiyi xəbərə görə, prezident Vladimir Putinə yaxın media qurumları Havay adalarından Nümayəndələr palatasının üzvü Tulsi Qabbardı olduqca qabardır və onun prezidentliyə namizədliyini dəstəkləyirlər. Bir sıra ekspert Kreml mediasının Tulsi Qabbard üçün əsl təbliğat maşınını işə saldığına diqqət çəkir.

Xatırladaq ki, Tulsi Qabbard 2020-ci ildə keçriləcək prezident seçklərində Demokrat partiyasından namizədliyini elan edən siyasətçilərdən sayılır. ABŞ mediası Rusiya xəbər agentliklərinin və kanallarının yanvardan bu yana ən azı 20 materialı Tulsi Qabbarda həsr etdiyini vurğulayır.

Xüsusilə ingilisdilli mətbuat orqanlarında, konkret olaraq “Russia Today” kanalı, “Sputnik News” radiosu, habelə “Russia İnsider” saytının canfəşanlığı gözə çarpır.

Qeyd olunur ki, Tulsi Qabbard ABŞ-ın xarici siyasətində bir qədər fərqli xətt izləyir. O, 2017-ci ildə hətta Suirya prezidenti Bəşər Əsədlə də görüşüb. Buna görə həm partiydaşları, həm də digər rəqibləri onu “Moskvanın piyadası” adlandırmaqdan çəkinməyiblər.

 

Musavat.com

Şərh yoxdur