İnsanlara hürriyət, millətlərə istiqlal!

Rus turistlər Türkiyəyə axışır – şok rəqəmlər, ilginc gəlişmələr

10814 05.07.2016 08:30 Siyasət A A
Rusiyanın Türkiyə ilə bağlı turizm qadağasına son verməsindən sonra ilginc yeniliklər baş verir. Musavat.com Türkiyə və Rusiya mətbuatlarına istinadən xəbər verir ki, qadağanın götürülməsinin ardınca turizm operatorları Türkiyə turlarının satışına başlayıblar. Yaxın günlərdə ilk qrupun Türkiyəyə gəlməsi gözlənilir. 

Bəzi şirkətlər bazar ertəsi günü çarter reysləri üçün gözləmə mövqeyindədir. Xüsusən iyul ayında Türkiyəyə çoxlu sayda rus turistin axın etməsi gözlənilir. Rusiya mətbuatında yer alan xəbərlərdə isə qeyd olunur ki, ölkədə tam bir “Türkiyə coşğusu” yaşanır. “Moskovski Komsomolets” qəzetinin yazdığına görə, Türkiyəyə turların gələn həftədən etibarən başlayacağı ilə bağlı xəbərlər dezinformasiyadır. Çünki Putinin  “Qadağa ortadan götürüldü” açıqlamasını verdiyi günün səhəri ilk qruplar Antalyaya uçub. 

Rusların turpaketlərini araşdırdıqları önəmli qaynaq olan yandex.travel saytında isə qadağa ucbatından statistikası görünməyən Türkiyənin son 24 saatda rus turistlərin tərcih etdiyi ölkələr sırasında birinci olduğu qeyd olunub. Turoperatorların Türkiyəyə turpaket təklifləri son üç gün içində dörd dəfə artıb. 

Rusiyadan Türkiyəyə çarter aviareyslərinin iyulun 7-də bərpa olunacağını isə Türkiyə Mülki Aviasiyasının baş direktoratlığına istinadən yayıblar. İlkin məlumatda qeyd olunmuşdu ki, çarter reysləri iyulun 7-də bərpa olunacaq, 17 reys həyata keçiriləcək.
Rusiya Turoperatorları Assosiasiyasının direktoru Maya Lomidze bildirib ki, bu qərardan sonra Türkiyəyə getmək istəyən turistlərin müraciətləri 10 dəfədən çox artıb.

Qiymətlərə gəlincə, Rusiyadan Antalyaya 7 gecə - 8 gün, bilet və hotel daxil, turpaketin qiyməti orta hesabla 40 min rubldur (600-650 dollar). Xatırladaq ki, Rusiyadan Türkiyəyə gələn turist sayı 2016-cı ilin ilk 6 ayında 83 faiz azalıb. 

Rusiyanın “Kommersant” qəzeti isə yazır ki, hazırda ruslar tərəfindən alınan turpaketlərin 35 faizi Türkiyə istiqamətindədir. Turoperatorlar isə Rusiya Aviasiya Xidmətinin rəsmi qərarından sonra çarter reys proqramlarının işə salınacağını deyir. Hazırda turizm agentliklərinin əsas problemi Türkiyəyə səyahət etmək üçün üçüncü bir ölkə üzərində səyahət turları alan rus vətəndaşlardır. 

Rusiyanın Turoperator Assosiasiyasının direktoru Mayya Lomidze hazırkı situasiyanın gözlənilən olduğunu deyib. Bununla belə, M.Lomidze bildirib ki, sorğuların yüksək faizinə baxmayaraq, insanlar daha öncədən bron etdikləri turları ləğv edəcəkləri təqdirdə yüksək məbləğdə cərimə ödəyəcəklərini bilirlər. Buna görə də əksəriyyəti üçün bu, o qədər də sərfəli deyil. 


“RİA Novosti”nin xəbərinə görə, rusiyalı turistlərin bir hissəsi hələ də gözləmə mövqeyindədir. Üstəgəl, qardaş ölkədə tez-tez baş verən terror olayları da turistlərin gözünü bir qədər qorxudur. Turpaketlərin qiyməti isə keçən illə müqayisədə bir qədər yüksəkdir. 

“Onlayn Tur” kampaniyasının nümayəndəsi İqor Blinov deyib ki, elə ötən cümə, Ərdoğanın məlum üzrxahlığından sonra Türkiyədə istirahət etmək istəyən rusların sayında 6.7 faiz artım olub. Şənbə günü isə Türkiyəyə turpaket satışlarının həcmi 38.8, bazar günü 35.6 faiz olub. Ümumilikdə isə bu il Türkiyəyə satılan turpaketlər ötənilki ilə müqayisədə 40 faiz artıq olub. 


Turoperator Anna Podqornaya isə deyir ki, hazırda ən böyük problem Misir və Yunanıstana tur alan rusiyalıların onu Türkiyə turları ilə dəyişmək istəməsidir. Turizmçilər hesab edir ki, bu, gözlənilən situasiya idi. Türkiyəyə maraq müstəqil turistlər arasında da artıb. “Aviasales”dən verilən məlumata görə, Moskva-Antalya reysi üzrə bilet satışı 30, Moskva-İstanbul reysi üzrə isə 25 faiz artıb. 

“Momondo” təşkilatının apardığı rəy sorğusunda məlum olub ki, bazar günü ilə müqayisədə bazar ertəsi Türkiyəyə bilet sifarişi 59.67 faiz olub. “Skyscanner”dən isə bildiriblər ki, Türkiyənin istirahət bölgələri ilə bağlı axtarış sorğularının sayı 2.3 dəfə artıb. 

Sevinc TELMANQIZI



Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR