İnsanlara hürriyət, millətlərə istiqlal!

Rus səfirdən Azərbaycana ittiham – Sergey Pavloviç, bu köç o köçdən deyil axı!

15058 22.10.2023 14:51 Siyasət A A

Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin dünən İrəvan Rus Evində “Rus soydaşların 15-ci konfransı” adlı tədbirə qatılıb, çıxış edib. Bildirib ki, Qarabağdan “100 min sakinin öz vətənlərini necə məcburən tərk elədiyinin” şahidi olub.

“Bu faciənin ilk günlərindən Rusiya məcburi köçkünlərə həm özəl təşkilatlar, həm də dövlət səviyyəsində kömək göstərir. Rusiya bunu özünün faciəsi kimi qəbul edir”, – diplomat qeyd edib.

Yəni Kopırkin faktiki Azərbaycana şər-böhtan atıb. Halbuki hamıdan yaxşı elə Rusiya və ələlxüsus onun bölgədəki diplomatları, Qarabağdakı hərbi kontingentin komandanı bilir ki, bu könüllü bir köç, yerdəyişmə olub. Məcburiyyət varsa da, yalnızca xunta rejimi tərəfindən edilib, Azərbaycana bunun dəxli yoxdur. Əksinə, Bakı hələ də gedən erməni sakinlərin evlərini, mülklərini qoruyur və onları geri çağırır – məlum şərtlər altında təbii ki...

O da bəlli ki, Azərbaycan Ordusu 19-20 sentyabrda Qarabağda zərgər dəqiqliyi ilə apardığı lokal antiterror tədbirləri zamanı nə dinc erməni əhali, nə də mülki infrastruktur və evlər ziyan görüb. Çünki hədəf yalnız legitim qanunsuz hərbi obyektlər olub. Faktı BMT missiyası da təsdiqləyib. Daha nə lazımdır?

Bütün bunların üstündən könüllü erməni köçünü nə dərəcədə faciə adlandırmaq olar, qalır S.Kopırkinin vicdanına. Biz hələ bəzi Qərb dövlətləri və dairələrinin əllərində dəsmal, həyasızcasına və yalandan “etnik təmizləmə” ağlaşması qurmağını demirik.

Əslində yaşananlar faciədir. Ancaq Rusiya üçün. Ona görə yox ki, şimal qonşu nankor “Qafqaz qaraçıları” üçün əldən gedir, o səbəbə ki, daha bölgəmizdə erməni “kartı” ilə “parçala, hökm sür” siyasətini əvvəlki kimi rahat qabağa apara bilməyəcək...

Amma çıxış yolu var: əgər Rusiyanın ermənilərdən ötrü belə canı yanırsa, iki əsr öncə İrandan, ordan-burdan Qarabağa yığdığı köçmən tayfanın törəmələrini bu dəfə aparıb Krasnodarda-zadda yerləşdirə, qayğılarına qala bilər. İstəsə, lap onlara muxtariyyət versin. Təki, şərini bizdən rədd eləsin.

Bu yerdə Sergey Pavloviçə xatırlatma: bölgədə həqiqi köç, etnik təmizləmə faciəsi yaşanıbsa da, bu, məhz Qərbi azərbaycanlıların başına gəlib. Məhz soydaşlarımız axırıncı nəfərinədək “Ermənistan” adlı qədim Türk yurdundan zorla, kütləvi şəkildə, normal vaxt-möhlət verilmədən qovulublar, deportasiya olunublar. Ayaqyalın, başaçıq, qışın günündə. Sual da belədir ki, diplomat həmin tədbirdə niyə Ermənistanın necə monoetnik dövlətə çevrilməsindən danışmayıb? Bu ki, Moskvanın gözü qarşısında, hətta onun “dobro”su ilə həyata keçib – istər ötən əsrin 48-50-ci illəri olsun, istərsə də 80-ci illəri...

Ermənilərə gəlincə, onlar bilməli idilər ki, digər millətə yaşatdıqları müsibətlər izsiz-tozsuz ötüb keçməyəcək, öz əməllərinin qarşılığında gec-tez, ən azından ilahi bədəl ödəyəcəklər. Çünki birini öz doğma yurdundan, ev-eşiyindən qovub didərgin salmaq böyük haqsızlıqdır. Vəhşilikdir, zülmdür. Antibəşəri davranış, qul haqqına girməkdir. Belə vandalizm halları unudulmur. Bəndə unutsa da, Allah unutmur. Necə ki, unutmadı.

Qalır dərs götürmək. Söhbət həm də erməniyə Qafqazda haqq eləmədiyi süni dövlət yaradıb başımıza çıxarmış Rusiyadan gedir. Hələ bir Qarabağda qondarma “Rus icması” yaratmağa girişmişdilər - Azərbaycan dövlətindən izn-zad almadan. Bu, o dərəcədə absurd layihə idi ki, hətta ölkəmizdəki qanuni Rusi İcması ona etiraz eləmişdi. Yaxud 2020-ci ilin 10 noyabrından sonra Xocalıda bəzi rus tarixi şəxsiyyətlərinə və hərbçilərinə qoyulan, Qarabağın, Azərbaycan xalqının tarixinə heç bir aidiyyəti olmayan heykəllər.

Lütfən, onları da götürün, gedin. Qarabağı isə unudun. Həmişəlik...

Siyasət şöbəsi,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR