Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı “Yeni Müsavat” qəzetinin redaksiyasının qonağı olub və meydan hərəkatı, oturaq mitinqlər, 4 iyun qiyamı, 20 Yanvar hadisələri ilə bağlı sualları cavablandırıb.
- Nemət bəy, bildirirsiniz ki, demədiyiniz fikirlərə görə illərdir sizi ittiham edirlər. Həmin hadisələr hansılardır, nələrdir?
- Mən meydanda 18 gün fasiləsiz mitinq keçirdim. Mitinqlərin stenoqramı var, KQB tərəfindən həm də videoya çəkilib. İstintaq materiallarından da mən bilirəm ki, stenoqramı çıxarılıb, ən azı, məndə var. Bu gün oxuyuram, özüm heyrətə gəlirəm ki, elə bir mövzu yoxdur ki, ora toxunulmaya. Hətta başımıza nələr gələcək, hansı addımı atsaq, nə olacaq, onlar da deyilib. Lazım olsa, o materialları da sizə təqdim edə bilərəm. Gərgin vəziyyət yarananda mən meydandakılara müraciət etmişəm ki, oturun, iğtişaş yaranmasın. O vaxt Bakıda yeddi yüz min erməni var idi. Çalışırdılar təxribata çəksinlər ki, Sumqayıt hadisələri kimi ordu yeridilsin, qarşısı alınsın. Həmin gərgin vəziyyətdə deyirdim ki, oturun yerə, təxribat baş tutmurdu. Orada 70-80-ə yaxın ermənini tutub vermişik hakimiyyət orqanlarına. Mən “oturun” deyəndə, oturmaq istəyəndə, KQB-nin işçiləri təxribat edirdilər ki, millətin nizamı pozulsun.
Millət xorla meydanda deyirdi ki, oturmayan ermənidir. Bu, mənim ifadəm olmayıb. Hətta oturmayanı camaat döyə-döyə oturdurdu. On səkkiz günlük danışığımdan bir şey deyilmir, ancaq deyilir ki, Nemət Pənahlı meydanda deyib ki, oturmayan ermənidir. Və yaxud 20 yanvarda mənim əleyhimə təbliğat kampaniyası aparılıb, guya 12-yə 15 dəqiqə qalmış, ordu şəhərə girməmişdən öncə Əbülfəz bəylə İsa bəy deyib ki, dağılın, gedin, gələcəklər, qıracaqlar. Nemət Pənahlı da gəlib deyib ki, dağılmayın, gözləyin sizə silah verəcəm, bunlar satqındır. Belə bir fakt olmayıb. Mən 1988-ci ildə həbs ediləndən sonra məlum oldu ki, hətta 88-dən öncə bizim zavodda yataqxanada iki nəfərlə, üç nəfərlə danışıqlarımız da KQB tərəfindən yazılıb. Yəni 1988-ci ildən sonra demək olar ki, bizim keçirdiyimiz mitinqlərin hamısının videoyazıları var. Və yaxud 20 Yanvardan 26 il keçir, Şəhidlər Xiyabanının yerinin seçilməsindən, şəhidlərin qəbirlərinin qazılmasından tutmuş, bütün dəfn mərasiminin təşkilini demək olar ki, təkbaşına mən etmişəm.
Bir Rəhim Qazıyev yanımda olub. Həmin vaxt çalışırdılar ki, ümumiyyətlə Şəhidlər Xiyabanı salınmasın, hərə öz adamını kənd qəbiristanlığında basdırsın. Biz basdırılan şəhidləri qəbirlərdən çıxarıb Şəhidlər Xiyabanına gətirdik. Dəfn mərasimindən sonra dörd saat tankların altında meydanda mitinq keçirmişəm. Ancaq mənim əleyhimə təbliğat qurulub ki, Nemət Pənahlı milləti qırğına verdi, qoydu-qaçdı, meydana da çıxmadı. İyirmi altı il keçib, bütün izdiham göstərilir, bizim kölgəmizi də göstərmirlər. Son hadisələri götürək, beş il üç ay türmədə oldum, cəmiyyətdən tam şəkildə təcrid edilmişdim. Türmədən çıxandan sonra mənə hər gün çox səviyyəsiz, mənəviyyatsız zəng edilib. Məsələn, “Sən Elçibəyin qəbrindən üzr istədinmi?”, “Elçibəyə etdiyin xəyanətə görə peşmansanmı?”, - deyə soruşurlar.
- Peşmansınızmı?
“Mən 1990-cı ilə qədər nə Mirmahmud Fəttayevi tanımamışam, nə Qulamhüseyn Əlibəylini, nə Asim Mollazadəni, nə də Arif Hacılını”
- Sırf provokasyon suallar verilib. Təsəvvür edin ki, mən də bunu bilərək cavab vermişəm ki, nə olursa, nə demişəmsə, tarixdir, keçib gedib, bu gün mövzu o deyil. Yəni baxıram ki, jurnalist kimi mənə zəng edilib, cavab vermişəm, cavab yoxdur. Gördüm ki, komanda alınıb, bundan əl çəkilmir. Mən də yeni türmədən çıxmışam, evdə kifayət qədər problemlər var, insanın adaptasiyasına zaman lazımdır, çox şeylər dəyişib. Türmədən çıxan gündən gördüm ki, provokasiyalar gedir. Bircə kəlmə işlətdiyim ifadə bu olub: “Mən həyatda heç vaxt inanmadığım sözü deməmişəm. Bilmədiyim sözü deməmişəm. Hətta düşmənə də şər-böhtan atmamışam. Bildiklərimin hələ dörddə birini deməmişəm”. Bu sözdən tutdular, şou təşkil edildi.
- Demədiklərinizi nə vaxt deyəcəksiniz?
- Yəqin zaman-zaman deyəcəm. 1988-ci ildən bu günə qədər siyasət meydanındayam, mübarizənin ana xəttində olmuşam. Bu günə qədər verdiyim bir müsahibə olduğu kimi cəmiyyətə çatdırılmayıb. Sonuncu dəfə Əvəz Zeynallı ilə iki saatlıq videomüsahibə oldu, şərtimiz oldu ki, olduğu kimi verəcəksən. Yeganə həmin materialdır ki, olduğu kimi verilib, kəsilməyib, doğranmayıb. Əgər sən bir fikri deyirsənsə, burada qərəz varsa, fikrinin başını da, sonunu da kəsir, anormal bir şəkildə cəmiyyətə təqdim edirlər. Bir millətin tarixini saxtalaşdırmaq qədər böyük xəyanət yoxdur. SSRİ dövründə bütün tariximiz saxta yazılıb, sovet ideologiyasına, imperiyanın maraqlarına uyğun olaraq yazılıb. Müstəqillik dövrü də bütün tarix bilincli şəkildə, başdan-ayağa saxtalaşdırılıb, həm hakimiyyət, həm müxalifət tərəfindən. Adicə tarixi sənədlər, tarixi lentlər belə xalqdan gizlədilib. Mən əlimdə olan sənədləri, sübutları, videoları bütün kanallara təqdim etmişəm, bu günə qədər göstərilməyib. Bunu yaymağı vicdan borcu bilirəm özümə. Bu gün youtube kimi böyük imkan var. Məndə iki yüzdən artıq kaset var.
- Həbsdən çıxandan sonra bildirdiniz ki, sizin arxiviniz var və onu açacaqsınız. Bunu nə zaman edəcəksiniz?
- Artıq buna başlamışam. “Meydan” filmi 1988-ci ildə 18 günlük mübarizədən çəkilən filmdir. O zaman hətta KQB-nin senzurasından keçib. Bu günə qədər xalqa göstərməyiblər. İzdihamı göstərirlər, dəxli olmayan adamları yamaq edirlər həmin mitinqlərə. Mitinqi keçirən, təşkil edən biz, ölkədə olmayan adamları kütləyə yamaq edirlər. Mən bu filmi artıq internetə yükləmişəm. O dövrdə çəkdiklərimizin əksəriyyəti videokasetə çəkilib, üstündə iş getməlidir, diskə köçürülməlidir. Məndə olan məlumatları cəmiyyətə çatdırmağı özümə borc bilirəm.
- Siz bu həqiqətlər ortaya çıxandan sonra təmizə çıxacağınıza əminsinizmi?
“Azadlıq meydanında “oturmayan ermənidir” sözünün müəllifi mən deyildim”
- Hesab etmirəm ki, təmiz deyiləm və təmizə çıxacam. Mən milli-azadlıq hərəkatını başlayan adamam. Azərbaycanda Lenin meydanının adını dəyişib Azadlıq meydanı qoyan insan mənəm. Milli-azadlıq mübarizəsini bəyan edən insan mənəm. Bütün həyatım boyu milli-azadlıq uğrunda mübarizə aparan insan mənəm. Ən azı, yetmiş il şairlərimiz, yazıçılarımız tərəfindən “ağ atlı oğlan hardadır, gəlsin bu simləri söksün”, - kimi şeirlər, romanlar, nələr yazılıb. Bu sərhədləri həyatını riskə qoyub, ölümü gözünün qabağına alıb dağıdan insan mənəm.
- Həm də qanuni prezident olan Əbülfəz Elçibəyə qarşı çıxan adam olmusunuz...
- Ora gələrik. 20 Yanvarda məni ən çox ittiham ediblər ki, Nemət xalqı qırğına verdi. Bu, nə deməkdir? Bəli, milli-azadlıq hərəkatına mən rəhbərlik etmişəm, mən bunu danmıram, inkar etmirəm. Əslində mən yeganə siyasi xadiməm ki, 20 yanvarda dəfn günü bəyan etmişəm ki, “Ey Azərbaycan xalqı, qəzan mübarək! Bu gün imperiyanın dəfn günü, milli şəhidliyimizin doğum günüdür”. Yəni 20 Yanvarı mən millətimin ən şərəfli tarixi hesab etmişəm, qəhrəmanlıq salnaməsi hesab etmişəm. Çalışıblar, bütün siyasətçilərə dedirdiblər, qara yanvar, guya bu, faciədir. Mən demişəm ki, bir millətin istiqlal uğrunda minlərlə, on minlərlə şəhid verməsi faciə deyil. Faciə millətin köləliklə barışmasıdır.
Bu gün Azərbaycan gənci ailə quranda Şəhidlər Xiyabanına gedib gül qoyur. Şaumyan Bakı və Bakı ətrafında əlli üç min Azərbaycan türkünü qətl edib. Belə bir daşnakın heykəli Azərbaycanın paytaxtında qoyulmuşdu. Millətin bütün qəhrəmanları, vətən uğrunda, millət uğrunda həyatlarını qurban verənlər vətən xaini, xalq düşməni kimi tanıdılırdı millətə. Bütün milli satqınlar xalq şairi, yazıçısı, qəhrəmanı kimi təqdim edilirdi. Faciə bu idi.
- 4 iyunda, 1993-cü ildə baş verənlər də faciə idimi? Necə xatırlayırsınız həmin tarixi?
- 4 iyun milli-azadlıq hərəkatında başlayan ən önəmli bir tarix idi. Həmin vaxt hakimiyyət orqanları və dırnaqarası ziyalılar televiziyadan deyirdilər ki, Azərbaycan müstəqil yaşaya bilməz, rus bizi Yer üzündən silər. Bu gün də deyirlər ki, rus ordusunu Azərbaycan xalqı buradan çıxarıb. Bununla qəti şəkildə razılaşmıram. 20 yanvardan əvvəl bizim ov silahlarımızı əlimizdən aldılar, Azərbaycan xalqını tam şəkildə tərk-silah etdilər. Bizə erməni, rus qalib gəlməyib, bizə erməni-rus satqın Azərbaycan hakimiyyətinin əli ilə qalib gəlib. Erməni gəlib bizim ov silahımızı yığmırdı ki, öz polisimiz, öz KQB-miz, hakimiyyətimiz yığırdı. Biz Qərbi Azərbaycandan gələnləri aparıb Dağlıq Qarabağa yerləşdirirdik, onlar deyirdilər ki, imkan verilsin, ermənini Dağlıq Qarabağdan boşaldaq.
“AXC iqtidarının rus ordusunu çıxarmaq qüdrəti var idisə, elə erməni daşnaklarını Qarabağdan çıxaraydı”
Ancaq bizim yerli hakimiyyət yerləşdirdiyimiz qaçqınları gecə ilə oradan çıxarırdı. Əgər sadəcə olaraq, 1988-ci ildə həmin qaçqınlar oraya yerləşdirilsəydi, bu problem həll olunmuşdu. Yəni bizim ov tüfəngimizi yığdılar, ermənini də silahlandırıb saldılar üstümüzə. 13 yanvarda Milli Müdafiə Şurasının mitinqində, Azadlıq meydanında bəyan etdim ki, artıq xalqın silahı yığılıb, kimin əlində silah varsa, bizə versinlər, Səttarxan zavodu silah istehsal etməklə bağlı qərar çıxarıb. Bu gün deyirlər ki, həmin vaxt Nemət deyib ki, gözləyin, silah verəcəm. Xalqın özü-özünü müdafiə etməkdən başqa yolu yoxdur. Bəyan etdim ki, hakimiyyət birbaşa Moskvanın nökərçiliyini edir, rusun nökərləridir, onsuz da bunlar bizi müdafiə etməyəcək. Düşmən də gəlir, ya biz vətənimizi qoruyacağıq, ya düşmənin qabağında qırılacağıq. O vaxt biz nəyə nail olduq, ov tüfənglərini yığıb içərisinə əlavə lülə qoyduq ki, beşaçılan patronu ata bilsin. Məktəblərdə olan silahı döyüş silahına çevirdik. “Qrad”ın təməlini qoyduq. Rus imperiyası ilə savaşda silahdan söhbət getməyib, Qarabağın kəndlərinin, rayonların müdafiəsini təşkil etməkdən söhbət gedib. Silah Qarabağın müdafiəsi üçün nəzərdə tutulub.
Ondan sonra bəyan etdim ki, fevralın sonuna qədər Bakıda erməni qalmamalıdır. Xəlil Rza Ulutürk, Məhəmməd Hatəmi Tantəkin, biz həmin vaxt o addımı atmasaydıq, bu gün həmin yeddi yüz min erməni Bakıdaydı. Xalqa müraciət etdik ki, təşkilatlanırıq, azı on gün müddətində dəstələrə bölünürük, onları Qarabağa yerləşdiririk. Əslində 20 yanvar ona görə törədildi ki, bu mütəşəkkilliklə biz Qarabağın müdafiəsini təşkil edə bilməyək. 20 yanvarda bu prosesin qabağını almaq üçün ordu şəhərə girdi. Ondan sonra isə iblis toru kimi sovet imperiyası torunu qurdu, bu tərəfdə də ermənilərə silah verən rus idi.
Xaos vəziyyətində o vaxt müstəqil özünümüdafiə batalyonları yaradıldı. Ruslar elə mexanizm qurmuşdular ki, sonradan o batalyonları toqquşdursunlar. Məqsəd qarşıdurma yaradıb Azərbaycanda vətəndaş müharibəsi yaratmaq idi. Rus ordusu qan tökülən həmin mərhələdə Azərbaycandan çıxdı. Sual edirəm, rus ordusunu nə ilə, hansı güclə çıxardılar? Əgər AXC iqtidarının rus ordusunu çıxarmaq qüdrəti var idisə, elə erməni daşnaklarını Qarabağdan çıxaraydı. Sadəcə, rus geri çəkildi, burada da iblis torunu qurmuşdu ki, Azərbaycanda vətəndaş müharibəsi salacaq, elə bir qırğın yaradacaq ki, Xocalı da, 20 Yanvar da yaddan çıxacaq, xalqa sübut edəcəklər ki, görürsüz, biz müstəqil, rus olmadan yaşaya bilmərik. Gəncədə də plan bu idi ki, Ali Sovet çağırılacaqdı, prezident elan ediləcəkdi və rus ordusu Azərbaycana qayıdacaqdı. Biz bu ssenarini pozmuşuq. Deyirlər ki, Nemət Gəncə hadisələrində millətə xəyanət edib, milli hakimiyyətə xəyanət edib və sair.
- Siz milli hakimiyyətə qarşı çıxmamışdınız?
“Heydər Əliyevlə əməkdaşlıq xəyanət idisə, xəyanəti onlar ediblər, satqınlıq idisə, onlar ediblər”
- Sizə onu milli hakimiyyət kimi sırıya bilərlər. Mənə sırıya bilməzlər. Azərbaycan Xalq Cəbhəsinin nizamnaməsi və proqramı məndə var. Konkret yazılıb ki, AXC yenidənqurmaya dəstək məqsədilə yaradılan ictimai təşkilatdır. Və AXC milli-azadlıq hərəkatını məhv etməkdən ötrü KQB-nin əlində alət olub. Yəni konkret olaraq 20 Yanvar hadisələrindən sonra rəsmi bəyanat verilib ki, AXC, Azərbaycan Kommunist Partiyası, Azərbaycan ziyalıları birləşib.
Sual olunur - kimə qarşı? Hələ gizli qapılar arxasında edilən xəyanətləri, vəzifə alverini qoyuram bir tərəfə. 20 Yanvar tanklarının altında bunlar deputat seçiliblər. Mən milli-azadlıq hərəkatına rəhbərlik etmiş insanam, ən ucqar rayonlarda belə fəalları tanıyıram. Mən 1990-cı ilə qədər nə Mirmahmud Fəttayevi tanımamışam, nə Qulamhüseyn Əlibəylini, nə Asim Mollazadəni, nə Arif Hacılını. Xəlil Rza Ulutürk kimi insan deputat seçilməyib. 20 yanvarda xalqı qıran rus tanklarının altında hakimiyyətə bunlar gətirilib, deputat seçilib. Bütün imperiyanın antitəbliğat mexanizmi yönəldi bizə, milli-azadlıq mübarizəsi aparanlara qarşı.
Bunlar isə reklam edildi. Mən Türkiyədən qayıdandan sonra yenidən təşəbbüsü ələ aldım. Əleyhimə təbliğat aparılırdı, qəzetlər yazırdı ki, Nemət yenə qayıdır, yenə qanlar, yenə qırğınlar olacaq. Kifayət qədər nüfuzumu salmışdılar. Mən qayıdıb hesabat verəndən sonra bütün meydan ağladı, əleyhimə aparılan təbliğat bu idi ki, Nemət guya milləti təhqir edib, oturdub, durğuzub. Meydana sual verdim, indi siz mənim göstərişimlə oturub-durmağa razısınız, yoxsa bu satqınların dalınca getməyə? Bütün meydan uğuldayıb ki, sənin dalınca getməyə hazırıq. Ondan sonra QKÇP oyunu qurulub, Moskvada Yeltsin hakimiyyətə gətirildi, burada da Xalq Cəbhəsi. Bu, necə milli hakimiyyət idi ki, sovet hakimiyyətinin tətbiq etdiyi fövqəladə vəziyyəti aradan qaldırmadı, götürmədi?!
Biz xalqa bəyan etmişdik ki, KQB-nin arxivləri açılacaq. Xalqa qarşı edilən 70 illik xəyanət açılmalıdır. Amma açılmadı. Bunlar hakimiyyətə gələndə bəyan etdilər ki, biz konstitusiyanı qorumağa gəlmişik. Hansı konstitusiyanı - sovet konstitusiyasını? Mən onları 1989-cu ildə xəyanətdə ittiham etmişəm, Kommunist Partiyası ilə sazişə gediblər, deputat, vəzifə alverinə gediblər. Ona görə Xalq Cəbhəsindən ayrılmışam. 89-cu ilin axırında bunlar gedib kommunistlərlə razılaşdılar ki, Xalq Cəbhəsinə Vəzirov 40 nəfər yer verir. Mən razılaşmadığıma görə Vəzirov çağırdı, əlavə 20 yer də mənə təqdim edirlər. Özü də Xalq Cəbhəsinin özü istədiyi adamları namizəd vermirdi, Mərkəzi Komitənin katibləri ilə razılaşdırılmış Xalq Cəbhəsinə 40 nəfərlik yer verilirdi.
Bunu ifşa etdiyimə görə 20 Yanvar törədilib, həmin adamlar da deputat olub. Bunu necə qəbul edə bilərəm? Bir misal çəkim, Rauf Arifoğlunu meydanlarda tanımışam, 27 ildir milli savaşın içərisində mübarizə aparan adamdır. Bu gün hakimiyyətə loyal münasibət göstərdiyinə görə xain elan edilib. Bu gün hər hansı bir müxalifətdə olan insan keçir hakimiyyətə loyal münasibət göstərirsə, yaxud hakimiyyətlə sazişə gedib deputat olursa, bunu xain elan edirlər. Sovet imperiyası ilə əməkdaşlıq edib, 20 yanvarda şəhid olanların qanlarının üzərində alver etmək ən böyük xəyanət idi.
- Nemət bəy, mətbuata açıqlamanızda demisiniz ki, arxivinizdə xeyli materiallar var. Onlardan bir-ikisi haqda danışa bilərsiniz?
- 1988-ci ildə 2900 nəfər mənim əleyhimə ifadə verib. Onlara sual verirlər ki, meydanda nə gəzirdiniz? Deyirlər ki, Kommunist Partiyasının “drujinniki” kimi meydanda fəaliyyət göstərmişik. Bu ifadəni verənlərin əksəriyyəti hərəkatda iştirak edənlər, sonradan AXC iqtidarında yüksək post tutan adamlar olub.
- Kimlər idi onlar?
“Türmədən çıxandan sonra mənə zəng edib soruşurlar ki, Elçibəyin qəbrindən üzr istədinmi?”
- Məsələn, Tofiq Qasımov. Bunların hamısı sənədlə-sübutla var. Onlar məni rus dövlətini, sosializmi faşizm imperiyası adlandırmaqda, Azərbaycan xalqının düşməni elan etməkdə ittiham ediblər. Əleyhimə sovet müstəntiqlərinə izahat verənlərin yetmiş faizi 20 Yanvardan sonra deputat olublar. Bunları milli hakimiyyət kimi qəbul etməmişəm.
Bizim davamız da buradan başlayıb. Bu günə qədər əleyhimə təbliğat aparırlar ki, Heydər Əliyevlə əməkdaşlıq etmişəm. Heydər Əliyevlə o, Kommunist Partiyasından istefa verəndən sonra əməkdaşlıq etmişəm. Əgər Heydər Əliyevlə əməkdaşlıq etmək xəyanətdirsə, ilk əməkdaşlığı həmin Azərbaycan Xalq Cəbhəsi edib. O, Naxçıvan Ali Məclisinə sədr seçiləndə bütün Naxçıvanda icra başçıları cəbhəçiləri təyin edib, koalisiya qurublar. Sonra vəzifə bölgülərində davaları gedib. Heydər Əliyevin hakimiyyətə gəlməsində sadə insanların məni günahlandırmasına haqqı var, ancaq Xalq Cəbhəsi və Müsavatın heç bir mənəvi haqqı yoxdur ki, bu barədə danışsın. Heydər Əliyevin ardınca təyyarəni mən göndərmişdim?
Mən vəzifəmdən istefa verib onu vəzifəyə dəvət etmişəm? Mən ölkəni vətəndaş müharibəsi həddinə çatdırıb sonra qaçmışam? Heydər Əliyevlə əməkdaşlıq xəyanət idisə, xəyanəti yenə onlar ediblər, satqınlıq idisə, onlar ediblər. Mən etdiyim heç bir hərəkəti danan insan deyiləm - hətta törətdiyim cinayət olsa belə, bunu etiraf etməyə kişiliyim çatır. Dostluğu da, düşmənçiliyi də kişi kimi etmişəm. Heydər Əliyevin dalınca təyyarə göndərib gətirdilər, Gəncədə onu öldürəcəkdilər, mən onun öldürülməsinin qabağını almışam. Onlar sonra gəlib Heydər Əliyevlə hakimiyyəti bölüblər.
Ondan sonra da Əbülfəz bəy gedib Kələkiyə, postunu qoyub gedib, Heydər Əliyev də təşəbbüsü ələ alıb, hakimiyyəti götürüb ələ. Mən də onunla müəyyən müddətdə işləmişəm. Sonra da etiraz etmişəm, o vaxt hesab edəndə ki, artıq milli siyasət yanlış gedir, istefa vermişəm vəzifəmdən.
Bu gün araşdırın, görün, Xalq Cəbhəsi adı altında danışanların nə qədəri bu hakimiyyətlə şərikdir, deputat mandatı alıb, vəzifələr alıblar? O yerdə ki, görmüşəm saxtakarlıq var, rüşvətxorluq, korrupsiya var, həmin saatda hakimiyyətdə ola-ola səsimi çıxarmışam. Millətin ziddinə aparılan siyasətdə heç vaxt susmamışam.