İnsanlara hürriyət, millətlərə istiqlal!

“Rus NATO-su”nun üzvü NATO təlimində? - Bic, yoxsa gic erməni...

1228 08.04.2023 15:58 Yazarlar A A

Arada qalan həmişə zərbə yeyir və yeyəcək. İstər bilərəkdən olsun, istərsə də bilməyərəkdən. Ermənistan 44 günlük müharibədən sonra məhz belə bir pozanı seçib (böyük güclərdən bərabər məsafədə durmağı ehtiva edən balanslı xarici siyasətlə qarışdırmamalı). Guya bu, enində-sonunda haylara uğur, rifah və xoşbəxtlik gətirəcək.

Bu məqsədlə “qərbyönlü” Nikol Paşinyan illərdir özünü oda-közə vurur ki, Ermənistanın bir əlindən ABŞ (“Sem dayı”), o birindən Rusiya tutsun; hələ üstəlik, istəyirlər Qərbin “qan düşməni” İran da başqa yandan ona dayaq dursun, yıxılmağa qoymasın.

Hamının eyni vaxtda dost-müttəfiqi, simsarı olmaq isə mümkünsüz iş. Ələlxüsus, bir-birinə qənim kəsilmiş Rusiya, Birləşmiş Ştatlar və İranın. Yoxsa səni qeyri-ciddi sayıb iqnor edəcəklər, hamı sənə şübhəli baxacaq. “Əli aşından da olacaqsan, Vəli aşından da”. Amma sırtıq, yalançı və riyakar məxluqat olan erməni hər bəd əməldə öz “unikallığını” göstərməsəydi erməni olmazdı ki...

Bu günlərdə xəbər yayıldı ki, Ermənistan aprelin 22-də NATO-nun “Defender 23” kod adlı təlimlərinə qatılacaq dövlətlər sırasında yer alıb (Diqqət: orada heç Türkiyə də yoxdur!) Az sonra kapitulyant ölkə siyahıdan çıxarıldı. Pentaqondan bildirdilər ki, yanlışlıq olub.

“Ermənistanın “Defender 23” hərbi təlimlərində iştirak edən ölkələr siyahısına salınması Pentaqonun mətbuat xidmətinin səhvi idi. Erməni tərəfi heç vaxt bu təlimlərdə iştirak etməyib və iştirakçılar siyahısına daxil edilməməli idi”, - deyə qurumdan “Amerikanın Səsi”nin erməni xidmətinin sorğusuna cavab olaraq bildirilib.

Ancaq bunun bir “vicdanlı yanılma” olduğunu zənn eləmək asan deyil. Məsələ ondadır ki, ABŞ Nikol Paşinyanı iqtidara gətirdikdən sonra Ermənistanı Rusiya orbitindən uzaqlaşdırmağa çalışır. Fürsət düşdükcə Paşinyan da buna hansısa şəkildə zəmin yaradır, rəvac və töhfə verir. Bütün bunları isə kapitulyant ölkənin 1 nömrəli və rəsmi (!) müttəfiqi Rusiya kənardan görür və sözsüz ki, xoşlanmır. Arada öz vassalına göz ağardır, diş göstərir.

Bu dəfə Rusiya Dövlət Duması Ermənistana NATO təlimlərində iştirakın nəticələri barədə sərt xəbərdarlıq edib. Belə ki, Dumanın beynəlxalq məsələlər komitəsi sədrinin birinci müavini Aleksey Çepa deyib: “Əlbəttə, mənfi reaksiya verəcəyik. Ermənistanın mövqeyi bizi çox üzür. Təəssüf ki, bunun ciddi səhv olduğunu anlayırıq. Və bunun müəyyən siyasi nəticələri olacaq”, - deyə o vurğulayıb.

Doğrudur, Rusiya özü də “süddən çıxmış ağ qaşıq” sayılmaz. Söhbət zaman-zaman imzaladığı beynəlxalq müqavilələrə, götürdüyü öhdəliklərə məsuliyyətli yanaşmayan bir imperialist dövlətdən gedir. “Rusiyanın atdığı imza su üzərinə çəkilmiş imza kimidir” deyimi boşuna yaranmayıb ki.

Biz buna artıq icra olunmayan 22 fevral Moskva Bəyannaməsindən, 10 noyabr (2020) üçtərəfli anlaşmadan (4,9-cu bəndlər), Putinin qol çəkdiyi üçtərəfli Soçi bəyanatlarından və digər sənədlərdən dönə-dönə əminlik hasil eləmişik. Rusiya əfsuslar olsun ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi məsələsində özünü səmimi aparmır. Əks halda, Qarabağda erməni separatçılığını körükləməz, qanunsuz silahlı dəstləri oradan çıxarmaq əvəzinə silahlandırmaz, yer-yurd adlarımızı hələ də uydurma erməni adları ilə adlandırmaz, sülh-barışıq prosesi önünə “Vardanyan projesi”, “Rus icması” layihəsi adlı “kötüklər” atmazdı və s.

Hazırda Rusiya 1994-cü ildə öz imzası ilə Ukraynanın sərhəd toxunulmazlığına zəmanət verdiyi Budapeşt Memorandumuna tüpürərək, Ukrayna torpaqlarını parça-parça qoparmaqla məşğuldur. Amma bununla bahəm, Ermənistanın siyasi ikiüzlülüyü heç bir əndazəyə sığmır.

Axı “Rus NATO-su”nun (KTMT) üzvü ola-ola, özünün xarici sərhədlərini Rusiya hərbçiləri qoruya-qoruya, NATO təlimlərində necə iştirak eləmək olar? (Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, bu il erməni hərbçiləri ABŞ-nin iki hərbi təlimində iştirak etməyi planlaşdırır. Həmin təlimlər Avropa ölkələrinin ərazisində təşkil ediləcək).

NATO təlimləri “Demokratiya sammiti” deyil ki, ora onlayn formatda qatılıb şellənəsən? NATO mövzusu Rusiyanın forpostu Ermənistan üçün çoxdan “qırmızı xətdir”. Yaxud seçim eləməlisən: ABŞ NATO-su, yoxsa “Rus NATO-su”? Buna isə erməninin cəsarəti çatmır.

Sonra da gileylənirlər ki, Ermənistandan “futbol topu” kimi istifadə edib, başqalarının qapısına “qol” vururlar.

Hələ çox istifadə edəcəklər. Ta ki, “Qafqaz qaraçıları” özlərinə hörmət qoyana kimi. Zira, nə özünə hörmət eləməyən millətə, nə də onun saxta dövlətinə heç kim sayğılı olmaz. Ermənistan adlı “futbol topu” ilə sonuncu, həlledici zərbəni isə inşallah, Azərbaycan vuracaq...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR