“Burada hamilə və yaşlı qadınlar, azyaşlı uşaqlar var - bizi burdan köçürün!”
Ukraynanın Nikolayev şəhərində bir neçə azərbaycanlı ailə köməksiz vəziyyətdə qalıb.
Musavat.com xəbər verir ki, bu barədə Kiyevdə yaşayan azərbaycanlı jurnalist İdrak Camalbəyli bildirib. Həmkarımızın sözlərinə görə, ailələr ona vatsap üzərindən məlumat verərək, düşdükləri acınacaqlı vəziyyəti təsvir ediblər. Məlum olub ki, ailələr daha öncə başqa bir kənddə məskunlaşıblar. Amma kəndin vurulması nəticəsində yerlərini dəyişiblər.
İ.Camalbəyli bildirib ki, hazırda ümumi sayı 15 nəfərə bərabər olan ailələr Baştankovka rayonunun Mixaylovka kəndinin yaxınlığındakı fermada yerləşdiriliblər: “Onlar bildirir ki, şəraitsiz vəziyyətdə yaşayırlar və yanlarında azyaşlı uşaqları da var. 15 nəfərlik ailənin tərkibində yaşlı və hamilə qadın da var. Uşaqlardan birinin isə allergiyası var və üç gündür ki, onu sağaltmaq mümkünsüzdür. Ailələr köməksiz və pərişan vəziyyətdədir”.
İ.Camalbəyli köməksiz vəziyyətdə olan azərbaycanlı ailələrin durumunu onların öz çəkdikləri videogörüntülər vasitəsilə ifadə etdiklərini deyib. Ailələr sözügedən fermadan daha normal şəraitli bir yerə köçürülmək üçün diaspora və Azərbaycan hökumətinin ordakı səlahiyyətli şəxslərindən yardım istəyir.
Fermaya yerləşdirilən ailənin acınacaqlı durumu ilə bağlı özlərinin çəkdiyi videomüraciəti təqdim edirik.
Musavat.com






