İnsanlara hürriyət, millətlərə istiqlal!

Rus dili Bakını necə işğal etdi... - SSRİ-yə qarşı milli hərəkata rəhbərlik edən ziyalı dərdimizdən danışır – Videomüsahibə

5430 31.08.2022 22:32 Müsahibə A A

 

“Rus məktəblərinin qabağında boynunu büküb, ”mənim uşağımı hökmən bu məktəbə götürün" deyən valideynlərin yerinə xəcalət  çəkirəm"

Paytaxt Bakı analoqu olmayan bir hadisə yaşayıb. Uşaqlarına rus dilində təhsil vermək istəyən çoxsaylı valideynlər  etirazlara qalxıblar. Buna səbəb onların uşaqlarının rus dili məktəblərinə götürülməməsidir. Formal izahatlara görə tələbin çox olması səbəbindən paytaxtdakı rusdilli məktəblərdə yer yoxdur. Bu da məyus olan valideynlərin etirazına səbəb olub.

Çoxları bu vəziyyəti ‘’utancverici’’ kimi qiymətləndirir. Bizi 200 il işğalda saxlamış və son 30 ildə isə milli fəlakətlərimizə, soyqırım və ərazi itkilərimizə səbəb olmuş, hələ də pisliyini davam etdirən bir dövlətin dili ilə təhsil almaq bir çox vətəndaşlarımız üçün sanki həyat məsələsidir.

Biz niyə bu günlərə qaldıq? Niyə rus dilində təhsil üçün bir çox valideynlər bunca fəallıq edirlər? Bu vəziyyət nəyin göstəricisidir?

Bu və digər suallarla xalq şairi, VHP sədri Sabir Rüstəmxanlıya üz tutduq. O adama ki, Azərbaycan dilinin və Azərbaycanın suverenliyinin bərqərar olması uğrunda bütün həyatını həsr edib. 1988-ci ildə başlayan milli azadlıq hərəkatına rəhbərlik edib. Rus dilinin və Rusiyanın Azərbaycandan getməsi üçün ölümü göz önünə alaraq, illərlə mücadilə verib. İndi belə çıxır ki, onun və silahdaşlarının apardıqları mübarizə xalq tərəfindən o qədər də ciddi dəstəklənməyib? Ən azından, dil sahəsində əziyyətləri boşuna gedib?

Sabir Rüstəmxanlı rus dilinin paytaxtımızda bu cür populyar olmasını Rusiyanın Azərbaycanı yenidən işğal etməsi kimi qiymətləndirirmi?

Beləliklə, danışır Sabir Rüstəmxanlı - rusdilli SSRİ-yə qarşı milli azadlıq hərəkatının ən önəmli liderlərindən biri, 1980-ci illərdə gəclərə və proseslərə yön verən ‘’Ömür kitabı’’nın müəllifi...

“Bu, son dərəcə ciddi məsələdir. Azərbaycan ziyalılarının, vətəndaş cəmiyyətinin, ümumiyyətlə, bizim mədəniyyət, dilimizlə bağlı maraqlanan qurumlarımızın bu məsələyə laqeyd,  biganə münasibəti məni həqiqətən çox təəccübləndirdi. Halbuki  son günlərdə  Azərbaycan cəmiyyətinin ictimai yerlərdə ən ciddi müzakirə etdiyi məsələlərdən biridir. Yəni xalq deyir ki, müstəqil bir dövlətdə niyə bu qədər rusdilli  məktəb olmalıdır? Niyə bütün universitetlərin, ali məktəblərin rus bölmələri olmalıdır? Halbuki Rusiya universitetlərinin bir neçəsinin ölkəmizdə filialı var. Yəni mümkün vasitələrlə burada rus dili Azərbaycanda təbliğ olunur, yayılır. Buna etiraz etməkdənsə, əksinə, bəziləri etiraz edir ki, mənim uşağımı rusdilli məktəbə niyə qəbul etmirlər? Bu, camaatı heyrətləndirir.

04e9d5d2-b8c0-4122-9ff5-a105b8c534fa.jpg (134 KB)

Xatırlayıram ki, vaxtilə 20 Yanvar şəhidlərinin ziyarətinə gedəndə ziyarətçilərin arasında bir neçə adam var idi ki, onlar bir-biriləri  ilə rus dilində danışırdılar. Həmin vaxt onlara qarşı çox böyük etiraz oldu, camaat ətrafdan  dedi ki, “ayıb deyil, Rusiya bizim gənclərimizi şəhid edib, siz isə yenə də rus dilində danışırsınız...” Azərbaycanın bir çox faciələrini məhz bu dildə danışa-danışa törədiblər.

Tolstoyun  “Hərb və sülh” romanını oxuyarkən bir həqiqəti  anladım ki, vaxtilə fransız dilində danışan rus cəmiyyəti Napoleonun ordusunu gördükdən sonra bütövlükdə cəmiyyət olaraq həmin dildən imtina etdi və Rusiyada fransız dili erası bitdi.  Amma bizdə nədənsə rus dili erası bitmir.

Əlbəttə ki, biz rus dilinin əleyhinə deyilik, bu dil əlavə xarici dil kimi öyrədilə bilər. Lakin birdən-birə müstəqil bir dövlətdə- sayı gah 85 min, bəzən də 130 min olduğu deyilir- bu qədər körpəmizin, uşağımızın bu dildə oxuması nə deməkdir?

Bir dəfə bir masada 4-5 azərbaycanlı uşaqla bir yerdə əyləşmişdik. Çox savadlı və ağıllı  uşaqlar idi, lakin onlar bir-biriləri ilə rus dilində danışırdılar. Onlara sual verdim ki, niyə rus dilində danışırsınız, siz azərbaycanlı deyilsiniz? Cavab verdilər ki, “Sabir bəy, əslində bu sualı biz sizə verməliyik. Bakıda bu qədər rus məktəbi var. Niyə hələ ağlımız kəsməyən vaxtdan bizi rus dili məktəbində oxudublar? İndi də  bizim öz içimizdə bir diskomfort var ki, biz öz vətənimizdə öz doğma dilimizi rus dili qədər bilmirik, çünki o dildə təhsil almışıq və bunun xəcalətini biz də yaşayırıq”. Yəni başa düşən gənclər, uşaqlar belə deyir.

Hesab edirəm ki, o etiraz aksiyası bir reklam idi. Bu reklam nə üçün idi? Yəni Azərbaycan cəmiyyəti ayağa qalxıb, rusdilli məktəblərin sayının artırılmasını istəyir? Bu reklam kimin tərəfindən edilir? Onun arxasında kim dayanır? Mən həmin kadrlara baxdım, deyim ki, etirazçıların sayının çox olmasını göstərmək üçün onların arasında heç valideyn olmayan da var idi. Ora niyə yığışmışdılar və cəmiyyətə bunu niyə göstərirlər? Mənim öz vətənimdə niyə xarici dil bu qədər təbliğ olunur,  işəgötürmə zamanı az qala tələb olunan əsas kriteriyalardan birinə çevrilir?

Bizim Rusiya ilə müqaviləmiz var ki, Azərbaycanda rus dilində təhsil almaq istəyənlərə dövlətimiz tərəfindən, Rusiya hökuməti də Azərbaycan dilində təhsil almaq istəyənlərə şərait yaradır. Deyim ki, Moskvada yalnız bir Azərbaycan məktəbi var idi, o da bağlanıb. Həmçinin Dağıstanda 100 mindən çox Azərbaycan türkü yaşayır, lakin orada da  Azərbaycan məktəbləri fəaliyyətlərini dayandırıb. Çünki Rusiya latın qrafikasında olan təhsilə icazə vermir, gərək onu kiril əlifbasına keçirib, Azərbaycan dili yaradılsın. Yaxşı, bəs bu nə münasibətdir?

Nəhayət, biz dövlətik, bu dövlətin rəsmi konstitusiyasına görə, ana dili Azərbaycan türkcəsidir. Buna görə də bütün təhsil bu dildə aparılmalıdır. Təhsil qanununa görə, belə bir qayda da var ki, əgər əhalinin  müəyyən bir hissəsi kənar dildə oxumaq istəyərsə, onlar üçün də şərait yaratmaq olar. Lakin belə bir qayda da var ki, onlar dövlət büdcəsindən daha çox həmin dildə təhsil almaq istəyənlərin şəxsi vəsaiti ilə xarici dildə məktəb açıla bilər. Ölkəmizdə ingilis və yaxud fransız dilində olan məktəblərə vətəndaş pul ödəyib, övladına təhsil verir. Amma rus məktəbləri Azərbaycan məktəblərindən daha artıq dövlət büdcəsi hesabına maliyyələşir. Məmurların əksəriyyəti övladlarını rus məktəblərində oxutdurduqlarına görə o məktəblər daha gözəl binalarda yerləşir, yaxşı təmir olunur, daha çox vəsait ayrılır. Süni surətdə guya rus məktəblərinin Azərbaycan məktəblərindən daha üstün olması təsəvvürü yaradılır. Halbuki yanlışdır və biz rus məktəblərinin səviyyəsini yaxşı bilirik. Mənim Rusiyada yaşayan dostlarım arasında da var ki, qızları həddi-buluğa çatanda onları Azərbaycana gətirirlər ki, burada öz ana dillərində təhsil alsınlar. Bəs onda bizdə rus dilinə bu nə heyranlıqdır?

Fikrimcə, bunun arxasında iki səbəb ola bilər. Birinci səbəb, sadəcə, ailələrin vətəndaşlıq məsuliyyətinin azlığıdır. Vətəndaş məsuliyyət hissi keçirməlidir ki,  bu ölkədə yaşayır, övladı bu ölkənin ana dilində təhsil almalıdır. Lakin məsuliyyət hissi yoxdur. Xeyli sayda adam tanıyıram ki, özü rus dilində danışa bilmir, övladını rus məktəbinə qoymaq istəyir. Bu nə tərbiyədir, bəs uşağın təhsili ilə necə məşğul olacaq?

İkinci məsələ, Azərbaycan təhsil sistemində bizim  bilmədiyimiz, “5-ci kolon”un idarə etdiyi və Azərbaycanın Rusiyaya meylliliyini  gücləndirmək üçün gizli bir kanal var ki, bu məsələləri idarə edir, rus məktəblərinin sayını artırır. Bir dəfə köhnə təhsil nazirlərindən biri mənə demişdi ki, “siz bilmirsiniz, arxada mənə təzyiqlər var ki, rusdilli məktəblərin sayını artıraq”. Yəni belə qüvvələr var.

Ötən əsrin 70-ci illərinin əvvəlləri idi, Azərbaycan Konstitusiyası qəbul olunanda xüsusi göstəriş verilmişdi ki, Azərbaycan dili dövlət dili olsun. Həmin vaxt Heydər Əliyevin gizli tapşırığı ilə bu məsələ ilə bağlı Şamama Həsənovadan, digər əmək  qəhrəmanlarından çoxlu məktublar gəldi. Mənim bu tapşırıqdan xəbərim olmasa da, məktub yazdım ki, Azərbaycan Konstitusiyasında ikinci dövlət dili Azərbaycan dili olsun. Yəni sovet dövründə ana dilinin dövlət dili olması üçün, həmçinin Azərbaycanın müstəqil olması üçün bu qədər əziyyətlər, zəhmətlər çəkilib, qanlar tökülüb, nəhayət, dilimiz rəsmi olaraq Azərbaycan dili olub, indi bir toplum bütün bu zəhmətlərin üstündən xətt çəkib, Azərbaycanı Rusiyanın ağuşuna atmaq istəyir?

Daha bir məsələ, qanuna əsasən, rusdilli məktəblərdə Azərbaycan dili, Azərbaycan coğrafiyası, tarixi, ədəbiyyatı öyrədilməlidir. Amma baxaq görək, rus məktəblərinin yuxarı siniflərində Azərbaycan tarixini neçə faiz uşaq bilir? Onlar rusdilli deyil, rus məktəbidir, orada Rusiya tarixi, coğrafiyası keçirilir və Rusiya məktəblərindən heç də fərqlənmir. Azərbaycan dili isə çox zəif, yamaq kimi öyrədilir. Beləliklə, bu son dərəcə ciddi məsələdir və Azərbaycan ictimaiyyəti, yazıçılar, ziyalılar, yaradıcı təşkilatlarımız öz etirazını  bildirməli, ümumxalq müzakirəsinə çıxarılmalıdır. Sual verilməlidir ki, bizə bu qədər rus məktəbi lazımdır, ya yox? Uşaqlarımızın yarısı rus dilində oxumalıdır, ya yox? Bəlkə heç bizə Azərbaycan dili lazım deyil, elə hamımız rusca oxumalıyıq? Bir çox məmurlarımız var ki, öz ana dilində lazımi səviyyədə danışa bilmir, bununla da öz Azərbaycan dilinə, tarixinə hörmət etmir. Mən bir xalq şairi, millət vəkili olaraq bu məsələyə etiraz edirəm.

- Azərbaycanda türkdilli məktəblər də var. Bəs niyə cəmiyyətimizdə bu dildə olan məktəblər populyarlaşa bilmir? Dövlət səviyyəsində pulsuz türk dilli məktəblər açmaq mümkündürmü?

 - Bu, çox yaralı məsələdir. Biz 30 ildir ki, Türkiyəyə inteqrasiya barəsində danışırıq. Ölkəmizdə 2-3 köşkdən başqa türk mətbuatının yayımı varmı? Amma istənilən köşkə gedib, Moskvanın qəzetlərini tapmaq olur, hansı ki, onların bəzilərində bizim əleyhimizə yazılar yazılır. O ki qaldı məktəblərə, Bakıda bildiyim qədər cəmi 3 türk məktəbi var - Atatürk liseyi, Anadolu liseyi və Türk Dəyanət Vəqfi məktəbi. Atatürk liseyinin qalması üçün şəxsən mən və ailə olaraq nə qədər  əziyyət  çəkmişik. Təsəvvür edin, onlara yer verilmirdi, sadəcə, bir yer verilmişdi, bəzi valideynləri də qəsdən qaldırmışdılar ki, həmin lisey bağlansın. Təsəvvür edin, valideynlər deyirdilər ki, bizə türk məktəbi lazım deyil. Türk həmişə sənin yanında, sənin üçün 1130 şəhid verib,  amma səni şəhid edənin dilində təhsil istəyirsən, sənin üçün şəhid olana dirsək göstərirsən. Bizim dövlət olaraq Türkiyə ilə aramızda çox sayda anlaşmalar var, hansı ki, bu anlaşmalar Rusiyadan dəfələrlə çoxdur. Yəni getdikcə dövlətlərimiz arasında yaxınlaşma daha da artır. Lakin bu yaxınlaşma təksə sözdə ola bilməz, gərək təhsildə də olsun. Nə qədər tələbələrimiz Türkiyədə təhsil alıb, ölkəyə geri dönür. Niyə türkdilli məktəblərimiz olmasın? Əgər dilimiz eynidirsə, niyə türk dilində olan filmlər televiziyalarımızda tərcümə ilə verilsin? Mən şəxsən həmin filmlərə baxa bilmirəm, tərcümə çox eybəcər alınır. Bəli, türk dili ilə Azərbaycan dili arasında müəyyən fərqliliklər var, amma o şeyə ki, rahat baxıb, anlaya bilirsən, onu niyə tərcümə etməliyik?

- Son olaraq valideynlərə xitabən nə demək istərdiniz?

 - Səmimi sözlərimi eşitmək istəyirsinizsə deyim, rus məktəblərinin qabağında boynunu büküb, “mənim uşağımı hökmən bu məktəbə götürün, niyə orada yer yoxdur” deyən valideynlərin yerinə utanır, xəcalət  çəkirəm. Çünki bu ifadələri ilə onlar öz məktəbini alçaldır, öz ana dilinə hörmət etmədiklərini göstərirlər.

Xalidə GƏRAY,
Elçin ƏKBƏROV,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR