İnsanlara hürriyət, millətlərə istiqlal!

Ruhların döydüyü qapılar - Xocavənddə düşündüklərim... VİDEO

2466 13.02.2021 16:55 Yazarlar A A

Külək qapını yellənçək kimi yelləyir. Cırıldıya-cırlldıya gah bağlanır, gah açılır qapılar.

Birdən elə çırpılr ki, düşünürsən ki, bu qapı bir daha açılmaz.

Amma çox keçmir ki, yenidən cırıltıyla açılır.

Bəlkə narahat ruhlardı bu qapıları açıb-bağlayan...

Beləcə, bomboş kəndin evlərinin arası ilə dolaşıram. Çox qəribə hisslər keçirir adam. Bilmirsən bu qələbəyə sevinəsən, yoxsa insan talelərinə acıyasan..

Bura Xocavəndin (keçmiş Hadrut) Edilli kəndidir. Bir vaxtlar bu kənddə ermənilərlə azərbaycanlılar birgə yaşayıblar. Zamanla azərbaycanlıları sıxışdırıb, saylarını azaldıblar. 1992-93-cü illərdə isə tamamən qovub çıxarıblar. Evlərini gözlərinin qabağında yandırıb-dağıdıblar ki, geri qayıtmasınlar.

İndi burda bütün evlər boşdur. Ancaq ev heyvanları qalıb. Qabağından keçdikcə boş evlərə, dağıntılı həyətlərə baxdıqca, öz kəndimizi, öz evimizi düşünürəm. Fikirləşirəm ki, bir zaman bizim evimizə də kimsə gəlib beləcə baxlb. Bizim də şəxsi əşyalarımız beləcə həyətlə bir imiş yəqin. Şəkil albomlarını, müxtəlif lazımlı-lazımsız sənədləri külək həyətdə ora-bura sürüyürmüş...

Bütün kəndlərdə sakinlərin axşam-sabah toplaşdıqları bir yerlər olur. Bizdə bu yerlərə “təpə” deyirdilər. Bir ağacın kölgəliyində, oturacağı da olan belə yerlərə bütün kəndlərdə rast gəlinir. Qoca-cavan orda toplaşıb dərdləşir, nərddən, dominodan oynayardı. Əsasən də məlumat mübadiləsi gedərdi. O vaxt indiki kimi, hər xəbər əl telefonuna gəlmirdi. İndi o yerlər suyu qurumuş dəyirman kimidir. Səssiz-səmirsiz. Bunlara tamaşa etdikcə müxtəlif suallar təpikləyir insanın içini.

O vaxt onlar bizi, bu gün biz onları. Düşünürsən ki, ay axmaq erməni, axı nəyə görə? Nəyin çatmırdı? Təbiətin ən gözəl yerində yaşayırdın, göz yaşı kimi duru bulaq suyundan içirdin. Niyə tanrına təpik atırdın? Daha nə istəyirdin? Nə əldə elədin? Dəyərdimi?

Kəndlərin əksəriyyətində sahibsiz qalan ev heyvanlarına rast gəlirsən. Heyvanlar insan görən kimi ona doğru yaxınlaşırlar. Onlar üçün sənin milliyətinin önəmi yoxdur. Görünür ki, insan üçün darıxıblar. Arıq olmaları yeməkdən korluq çəkdiklərindən xəbər verir. Adamın əlinə baxırlar. Bizim də Ağdamdakı evimizdə bir itimiz vardı - Çapa. 93-ün ortalarında güclü "Qrad" və raket atəşinin dəhşətli səsinə dözməyib, başını götürüb getmişdi. Onu bir daha görən olmamışdı. Bəlkə də sonralar, sakitlik düşəndə qayıdıbmış Xıdırlıya, həyətimizə. Bizi axtarıb, aylarca gözləyib. Evimizi, kəndimizi yağmalıyan düşmənə yəqin hürüb də. Həyətə yad kimsə girəndə özünü həlak edirdi.

Ermənilər Qarabağda yalnız bizim yox, özlərinin yox, bütün yaradılmışların həyatını qaraltdı.

Allah da bizim əlimizlə enində -sonunda onların cəzasını belə verdi.

Bir neçə il sonra bu boş evlərə, kəndlərə dönəcəyik. Buralar bizim, hər zaman da bizim olub. Özümüz olmadığımız illərdə narahat ruhlar olub bu kəndlərdə.

Küləyə qarışıb, boş evlərin qapılarını yellədən, çırpan ruhlar...

 

52d67b1b87d546983aa3a753067ff1d8.jpg (61 KB)

Ələsgər Süleyman,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR