“Ruhi xəstə olan qardaşıma dözməyib, məni tərk etdi...” - Həyatın dibindən reportaj - Fotolar
Musavat.com saytı bu gündən “Həyatın dibindən” adlı yeni layihəyə start verir. Bu layihə çərçivəsində Azərbaycanda yaşayan çarəsiz vəziyyətdə olan insanların həyatındakı problemləri işıqlandırıb, onların qaranlıq güzəranına işıq tutacağıq. Məqsədimiz, həm onların şəxsi faciəsini işıqlandırıb digərlərinə nümunə olmaq, həm də layihəmizin qəhrəmanlarına müəyyən qədər ictimai diqqət və yardım təmin edə bilməkdir.
Bu dəfə həyatından söhbət açacağımız şəxs Tərtər rayonunun Qaradağlı kənd sakini Rafiq Əhmədovdur. Rafiq Əhmədov adıçəkilən rayonda qeydiyyatda olsa da, hazırda Bakının Ramana qəsəbəsində qohumlarının evində müvəqqəti olaraq məskunlaşıb. Elə biz də onunla bir otaqlı, 6 kvadratmetrlik bu evdə görüşürük. Şəraitsizlik üçün bizdən üzr istəyən qəhrəmanımız həyatından danışdı.
Uşaqlıqdan məhrumiyyətlərlə böyüyən Rafiq çətinliklə bu problemlərə sinə gərib özünə kiçik bir yuva, gözəl bir ailə qurmağı bacarır. Naftalan şəhərində bir otaqlı kiçik bir ev tikir. İmkansızlıqdan qaz və elektrik xəttini çəkdirə bilməsə də, o evdə iki övladı dünyaya gəlib böyüyür. Lakin hər şey onun valideynlərinin vəfat etməsindən sonra başlayır. Ata-anası öldükdən sonra kiçik qardaşı valideynlərinin yoxluğuna, yoxsulluq və çarəsizliyin gətirdiyi çətinliklərə dözmür və ruhi xəstəyə çevrilir. Rafiq Əhmədov məcbur qalıb onu öz evlərinə gətirməli olur və qəyyumluğuna üzərinə götürür. Ruhi xəstə olan kiçik qardaş İlham Əhmədov ailəyə olmazın çətinliklər yaşadır.
“Valideynlərim rəhmətə getdikdən sonra qardaşımın bütün əziyyətini mən çəkməli oldum. İki övladım, yoldaşım və xəstə qardaşımla birlikdə bir otaqlı kiçik daxmada yaşayırdıq. Şəraitsizlik, imkansızlıq, üstəgəl qardaşımın xəstəliyi ailəm üçün çox çətin idi. O, xəstəliyi üçün dərmanlar içirdi və özündə olmurdu. Hətta uşaqlarıma belə təhlükə yaradırdı. Bunu isə yoldaşım götürmürdü”, - deyə Rafiq Əhmədov bildirib.
Rafiq Əhmədovun həyat yoldaşı bu, kiçik, şəraitsiz birotaqlı evdə yaşamağa , ruhi xəstənin yaşatdığı çətinliklərə dözmür və Rafiqin qarşısında iki seçim qoyur. O, ya həyat yoldaşını seçib, qardaşını küçəyə atmalı, ya da qardaşına sahib çıxıb yoldaşından boşanmalı idi. Doğma qardaşından imtina edə bilməyən Rafiqin ailəsi dağılır.
Qəhrəmanımız daha sonra sözlərinə davam edir: “Nə qədər başa salmaq istəsəm də, razılığa gəlmədi. Atamın, anamın mənə qoyub getdiyi qardaşımı çöldə qoya bilməzdim. Ömrüm boyu vicdan əzabı çəkərdim. Elə bu səbəblərdən də ailəmlə ayrılmalı olduq. Ancaq mən onu qınamıram, qardaşıma dözmək həqiqətən çətin idi. Yoldaşım haqqında pis nə isə danışmağa haqqım yoxdur, o, yaxşı qadın idi”.
Qadın uşaqlarını da götürüb atası evinə gedir. Rafiq Əhmədov çarəsiz qalıb Bakıya, yaxın qohumlarından birinin evinə yerləşir, ruhi xəstə olan qardaşı İlham Əhmədovun vəziyyəti isə daha da ağırlaşır. Rafiq Əhmədov qardaşını Maştağadakı 1 saylı Ruhi Əsəb Dispanserinə yerləşdirməli olur. Özü isə iş axtarmağa başlayır. Səsi olduğu üçün toylarda müğənni kimi oxuyur.
Lakin ailəyə ikinci faciə üz verir, ruhi xətə olan qardaşında epilepsiya xəstəliyi də yaranır: “Toylarda oxuyub pul qazanmaq üçün yenicə işə başlamışdım. Ancaq qardaşımın xəstəliyi imkan vermədi. O, ruhi xəstə idi, bu sağalmaz xəstəlikdir, sonu yoxdur. Bu dərd azmış kimi epilepsiya xəstəliyi də yarandı. Daim onun yanında olmalı, dərmanlarını verməli idim. Əks halda kiməsə zərər yetirə və yaxud yerə yıxılıb huşunu itirə bilərdi. Beləliklə, müğənnilik sənətini də yarıda qoydum. Ailəm dağıldı, sənətim əldən çıxdı. Həyatım cəhənnəmə döndü”.
Rafiq Məmmədov ikinci dəfə ailə həyatı qurur. Bu dəfə seçdiyi həyat yoldaşı onun çiynindəki yükün ağırlığını bilə-bilər evliliyə razı olur: “İkinci dəfə ailə həyatı qurdum. Evlilikdən əvvəl ailə qurduğum xanıma qardaşımın vəziyyətini danışdım, o da anlayış göstərdi və evləndik. İkinci evlilikdən də iki övladım var. Gördüyünüz kimi, qohum evində, kiçik bir otaqda ortadan pərdə asıb yaşayırıq”.
Rafiq Məmmədov birinci evliliyindən olan iki uşağını da ata qayğısında məhrum qoymadığını deyir: “İlk evliliyimdən olan iki övladıma yetərincə nəvaziş göstərirdim. O, məsum uşaqların nə günahı var ki? İndi məhkəmənin kəsdiyi aylıq 90 manat alimenti ödəyirəm. Son iki aydır ki, balalarıma kömək edə bilmirəm. İş yoxdur ki, işləyib onları maddi baxımdan təmin edim. Valideynlərinin səhvi ucbatından iki körpə ortalıqda qaldı. Naftalanda nə qədər iş axtarsam da, tapa bilmədim. Gündəlik çörəkpulu üçün fəhləlik də etdim. Yanacaqdoldurma məntəqələrinə işlə bağlı müraciət etdim, hər yola baş vurdum. Ancaq hər yerdən kor-peşman qayıtdım. Bunun nə demək olduğunu ancaq yaşayanlar bilər. Rayonda tikinti işi də olmadığından Bakıya gəlib, günəmuzd fəhləlik edib pul qazanıram. Olanda olur, olmayanda isə çarəsiz evə qayıdıram. Soyuq, şəraitsiz evdə ailəmlə birgə necə yaşayacağam, bilmirəm. Qorxuram ikinci ailəm də dağılsın”.
Rafiq Əhmədov imkansızlıq ucbatından təkcə ailəsini yox, qardaşını da itirə bilər.
O, deyir ki, qardaşı müalicə alıb xəstəxanadan çıxandan sonra onu bu şəraitsiz evə necə gətirəcəyi fikrindən gecələr yuxusu ərşə çəkilib, çünki şəraitsizlik və normal qidalanmanın olmaması xəstəliyi daha da gücləndirir: “Qardaşım ildə iki-üç dəfə müalicə alır .Əgər vaxtında, rahat şəraitdə müalicəsini aparsaq, xəstəliyinin qarşısını ala bilərəm. İndiki maddi durumumla bunu etmək mümkünsüzdür. Naftalandakı evimin sənədləri yoxdur. Bu səbəbdən kommunal xətləri çəkdirə və sata bilmirəm. İndi qardaşımın dispanserdən çıxmağına az qalıb. Mənim istəyim odur ki, onun üçün şəhərdən bir sot torpaq alıb heç olmasa birotaqlı daxma tikib, rahat şərait yaradıb, oraya gətirim. Valideynlərimin yadigarı olan qardaşımı şəraitsiz, soyuq evə aparmayım. Maştağada həkimlər dedilər ki, ciyərləri də xəstədi, güclü müalicə olunmalıdır. Mənə dedilər ki, Ağ Ciyər İnstitutuna müraciət edin, bəlkə götürdülər, bizdə onu müalicə eləmək üçün dərmanların hamısı yoxdur. Bildiyimə görə, Ağ Ciyər İnstitutunda psixoloji xəstələri qəbul etmirlər ki, başqa xəstələrə zərər yetirər. İndi çarəsizəm... Hökumətimizdən, xeyirxah insanlardan qardaşıma kömək əllərini uzatmalarını xahiş edirəm. Qardaşım ayaq üstə dura bilmir. Dünən görüşünə getmişdim, pis vəziyyətdədir. Hər dəfə onu belə görəndə intihar etmək istəyirəm ki, həyatda qalıb onun bu halına şahid olmayım. Artıq bu dünya mənə dar gəlir. Digər tərəfdən ailəmi, 4 uşağımı düşünürəm. Onları necə yaşadacağımı fikirləşirəm. Qardaşımın qəyyumluğu üçün hökumətdən 70 manat müavinət alıram. Onun xəstəliyi üçün isə 70 manat pensiya verirlər. Bu pul heç onun dərmanlarını ödəmir. 130 manat isə uşaq pulu alıram. Ailənin aylıq gördüyü pul elə budur”.
Rafiq Əhmədov çətinlikdən çıxacağı, həyatının dəyişəcəyi günü möcüzə kimi gözləyir.
Məğrur Mərd
Musavat.com
Fotolar müəllifindir






