İnsanlara hürriyət, millətlərə istiqlal!

“ROYALBANK”ın QANUNSUZ PUL KÖÇÜRMƏLƏRİ HAQDA ƏN SON MƏLUMATLAR

8891 02.03.2012 09:16 İqtisadiyyat A A
Məlum olub ki, qruplaşma üzvləri iki il ərzində hər həftə Bakı aeroportundan Bakı-Moskva aviareysi ilə kisələrə doldurulmuş vəziyyətdə 22-25 milyon dollar arası nağd pul daşıyıblar. Pullar Azərbaycan və Türkiyədən olan zənginlərə məxsus olub, çirkli pulların yuyulmasını həyata keçirənlər özlərini ərəb şeyxlərinin adamları kimi təqdim ediblər.
Qəzetimizin araşdırmasına əsasən, Bakıdan çirkli pulların Rusiya paytaxtına daşınması ilə əsasən “Zamin Bank” məşğul olur. “Royal Bank” isə Gömrük Komitəsinin qara əməliyyatlarını tənzimləyir.
Bank sektorundakı mənbələrdən “Yeni Müsavat”a daxil olan məlumata görə, qeyri-leqal pul köçürmələrində “Royal Bank”ın İran vətəndaşı olan işçilərindən daha çox istifadə edilir. Xəbər verdiyimiz kimi, “Royal Bank”ın Müşahidə Şurasının sədri və ən böyük səhmdarı əslən iranlı olan Əli Camdır.
Qaynağın verdiyi məlumata görə, “Royal Bank”ın Nəsimi rayon filialının rəhbəri də Cahanbəxş adlı İran vətəndaşıdır. Bankın Nəsimi filialı qanunsuz pul köçürmələrinin əsas mərkəzlərindən biridir. Ümumiyyətlə, bankda qeyri-leqal pul köçürmələri ilə əsasən İran vətəndaşları məşğul olur.
Mənbə deyir ki, qanunsuz pul köçürmələri ilə təkcə banklar deyil, fiziki şəxslər də məşğul olur. Ölkədən nağd pul daşınması ilə Bahadur və Ramin adlı şəxslər (soyadlarını dəqiqləşdirə bilmədik - red.) məşğul olur və Bakı aeroportunda onlara “yaşıl işıq” yandırılır. Bahadur adlı şəxs təkcə “pul köçürmələri” ilə yox, həmçinin zinət əşyalarının ölkədən çıxarılması ilə də məşğuldur.
Xatırladaq ki, ötən saylarımızda bildirmişdik ki, “Royal Bank”ın işini Milli Təhlükəsizlik Nazirliyi (MTN) nəzarətə götürüb. Məlumatlı mənbənin redaksiyamıza ötürdüyü bilgilərə istinadən yazmışdıq ki, bu bankın qanunsuz əməliyyatları haqda ABŞ xüsusi xidmət orqanları Azərbaycan tərəfini məlumatlandırdıqdan sonra MTN “Royal Bank” ətrafında araşdırmalara başlayıb. Və bu zaman məlum olub ki, Amerikanın İrana qarşı son aylar tətbiq etdiyi bank və digər maliyyə sanksiyalarından sonra “Royal Bank” 100 mindən çox İran vətəndaşına müxtəlif təyinatlı kreditlər verib. Bu isə üst-üstə milyonlarla dollar vəsait deməkdir. Hətta bəzi təsdiqlənməmiş məlumatlara görə, ABŞ xüsusi xidmət orqanlarında İran vətəndaşlarının Azərbaycandan çıxartdığı pulların terror təşkilatlarına yönəldilməsi ilə bağlı faktlar da var. Yəni bu məsələdə Azərbaycanın təhlükəsizlik sisteminə təhdidlər var.
Yazıda adları çəkilən bankların və şəxslərin mövqeyini dərc etməyə hazırıq.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR