İnsanlara hürriyət, millətlərə istiqlal!

Rövşən Ağayev: “Parlamentin büdcə səlahiyyətləri maksimum artırılmalıdır”

1581 18.12.2019 10:10 İqtisadiyyat A A

Gələn ilin büdcəsi - hansı sahəyə nə qədər ayrılıb...

Ötən gün prezident İlham Əliyev “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Qanununu imzalayıb. Qanuna əsasən, Azərbaycanın 2020-ci il dövlət büdcəsinin gəlirləri 24 milyard 134,5 milyon manat, xərcləri 26 milyard 894,7 milyon manat (o cümlədən mərkəzləşdirilmiş gəlirləri 23 milyard 336,95 milyon manat, yerli gəlirləri 797 milyon 550 min manat, mərkəzləşdirilmiş xərcləri 26 milyard 44 milyon 596 min manat, yerli xərcləri 850 milyon 104 min manat) məbləğində təsdiq edilib.

Gələn ilin dövlət büdcəsini dəyərləndirən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlının sözlərinə görə, 2020-ci il və sonrakı üç ilin icmal və dövlət büdcələri yeni büdcə qaydalarına əsasən hazırlanıb: “Yəni büdcə xərcləri bir ildə 3 faizdən çox arta bilməz. Azərbaycan infrastruktur, orta təbəqə və ordu quruculuğu sahəsində nailiyyətlər əldə etdikdən sonra büdcə qaydalarını tətbiq etməklə fiskal dayanıqlılığa üstünlük verir. Beləliklə, növbəti ildə 4,6 faizlik inflyasiya proqnozu nəzərə alınmaqla icmal büdcə bu illə müqayisədə 2 117 milyon manat və ya 7,7 faiz artmaqla 29 488 milyon manata çatır. Fiskal dayanıqlılığın daha bir əlaməti odur ki, icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbəti növbəti ildə daha 1 faiz azalaraq 29,1 faizə endiriləcək. Bu o deməkdir ki, icmal büdcə getdikcə neftdən daha az asılı olur. Xüsusən də nəzərə almaq lazımdır ki, gələn il sosialyönlü xərclər 2,6 milyard manat və ya 33,5 faiz çox proqnozlaşdırılıb. Bir tərəfdən neft qiymətlərinin hər barelə görə növbəti ilin büdcəsində 5 dollar və ya 8,3 faiz az götürülməsi, digər tərəfdən isə sosial xərclərin 33,5 faizlik artımı fonunda büdcə qaydalarının pozulmaması fiskal dayanıqlığın güclənməsi anlamına gəlir. Gələn il Dövlət Neft Fondundan büdcəyə transferin və hasilatın pay bölgüsü üzrə mənfəət vergisinin azalan həcmini qeyri-neft sektoru kompensasiya edəcək”.

Mərkəz rəhbəri qeyd edir ki, fiskal dayanıqlığın artmasına iki amil təsir göstərir: qeyri-neft sektorunun inkişafı və “kölgə iqtisadiyyat”ından leqallaşmaya sürətli keçid: “Gələn il qeyri-neft sektorunun artımı 3,8 faiz olacağı halda, qeyri-neft sektorundan büdcə daxilolmaları  3,2 dəfə üstün templə - 12 faiz, qeyri-neft sektoru üzrə ixrac isə 4,8 dəfə üstün templə - 18,1 faiz artacaq. Burada bir amili də nəzərə almaq lazımdır ki, həm 2019-cu, həm də 2020-ci illərdə ”Vergi Məcəlləsi"nə edilən dəyişikliklər orta vergi dərəcəsini aşağı salır. 2020-ci ildəki vergi islahatlarında əsas məqsəd hamıya bərabər şəraitin yaradılması, vergi inzibatçılığının təkmilləşdirilməsi və vergi yükünün yüngülləşdirilməsidir.

Bu il ərzində Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsinin xətti ilə aparılan islahatlar nəticəsində büdcə daxilolmalarının plandan təxminən 1 milyard manat çox olması proqnozlaşdırılır. Gəlirlərin artmasında qeyri-neft sənayesi, xidmət, ictimai iaşə, tikinti, habelə idxal əməliyyatları aparıcı rol oynayır. Beləliklə, qeyri-neft sektorunun barını görürük, bu sahədən yığım əmsalı artır".

Xarici borc səviyyəsinə görə dünyada ön yerlərdəyik   

2017-ci ildə cəmi xarici borca xidmət dövlət büdcəsinin xərclərinin 11 faizini təşkil etdiyi halda, 2025-ci ildə bu hədd 6,2 faizə endiriləcək. V.Qasımlı deyir ki, prioritet layihələr maliyyələşdirildikdən sonra xarici dövlət borcunun ÜDM-ə nisbəti ən yuxarı həddə çataraq geri dönməyə başlayıb: «Növbəti illərdə mövcud xarici dövlət borcunun azalması, cəlb olunan yeni borclardan çox olacaq və tədricən xarici dövlət borcunun ÜDM-ə nisbəti 2025-ci ildə 12,0 faizə endiriləcək. Azərbaycan xarici borcun ÜDM-ə nisbətinə görə dünyada ən yaxşı vəziyyətdə olan ölkələrin sırasındadır. Hazırda strateji valyuta ehtiyatlarımız xarici borcu 6 dəfə üstələyir".

Büdcənin manata təsiri necə olacaq?

Mərkəz rəhbərinin sözlərinə görə, bu suala tədiyyə balansına və icmal büdcənin balansına baxmaqla cavab vermək olar: «Gələn il ticarət balansında ixracın 3,8 faiz, idxalın isə 1,5 faiz artması proqnozlaşdırılır. Ümumilikdə, ticarət balansında olan profisit 2020-ci ildə maliyyənin hərəkəti balansındakı kəsiri bağlayacaq və beləliklə, tədiyyə balansı tarazlaşdırılacaq. İcmal büdcənin kəsirinin də maliyyələşdirilmə mənbələri müəyyənləşdirildiyindən manata təzyiq yaranmayacaq. Pul bazası artsa da, fiskal stimulların, o cümlədən sosial paketin qiymətlərə təsirini tənzimləmək üçün Mərkəzi Bank pul siyasəti alətlərindən istifadə edir".

Vüsal Qasımlı: ile ilgili görsel sonucu

Vüsal Qasımlı: “Özəl sektorun drayver olduğu sürətli iqtisadi artım modelinə keçilməlidir”

V.Qasımlı hesab edir ki, Azərbaycanda yalnız dövlət sərmayələri hesabına iqtisadi artımın stimullaşdırılması imkanları getdikcə məhdudlaşır: “Yaradılmış əlverişli biznes mühiti və təşviq siyasətilə özəl sektorun drayver olduğu sürətli iqtisadi artım modelinə keçilməlidir.  Əhali artımını da nəzərə alanda biz ən azı 5-6 faizlik iqtisadi artım tempinə çıxmalıyıq”.

Büdcə qanunvericiliyi ile ilgili görsel sonucu

Azərbaycandakı icbari tibbi sığorta haqqı dünyada ən aşağılardandır

Gələn ildən ölkədə mərhələli şəkildə icbari tibbi sığorta tətbiqi olunacaq və bunun üçün də 2020-ci ilin dövlət büdcəsində səhiyyə xərcləri 1 milyard 369 milyon manata yüksəlib. Yəni 2020-ci ilin dövlət büdcəsində icbari tibbi sığortanın tətbiqi ilə bağlı xərclər də nəzərə alınmaqla səhiyyə xərcləri bu illə müqayisədə 326, 5 milyon manat və ya 31, 3 faiz artırılıb: “Burada diqqət yetirməli olduğumuz əsas məqamlardan biri ”Tibbi sığorta haqqında" Qanuna təklif edilən dəyişikliklərin Milli Məclis tərəfindən qəbul edilməsidir. Dəyişikliyə əsasən, 2020-ci ilin yanvar ayının 1-dən etibarən mərhələlərə bölünməklə dövlət büdcəsinin vəsaiti hesabına bütün əhali üzrə təqvim ili üçün adambaşına 90 manat icbari tibbi sığorta haqqı ayrılacaq. Qanuna əsasən bütün əhali sığortaolunan hesab edilir və xidmətlər zərfində nəzərdə tutulmuş tibbi xidmətlərdən yararlanmaqla bərabər hüquqa malik olacaq. Göründüyü kimi, icbari tibbi sığortanın tətbiqi ilə bağlı xərclərin əhəmiyyətli hissəsi dövlət tərəfindən qarşılanacaq və əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində böyük islahat tədbirləri həyata keçiriləcək.

Büdcə qanunvericiliyi ile ilgili görsel sonucu

Buradakı digər mühüm məqam isə ondan ibarətdir dünyanın bir çox ölkəsi ilə müqayisədə Azərbaycanda aşağı faizlə icbari tibbi sığorta haqları toplanacaq. Belə ki, 1 aprel 2020-ci il tarixindən qeyri-dövlət və qeyri-neft sektorunda çalışan işəgötürən və işçilərdən isə aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 1 faiz, 8000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz miqdarında icbari tibbi sığorta haqqı ödəniləcək. Dövlət və neft sektorunda çalışan işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 2 faiz, 8000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz miqdarında icbari tibbi sığorta haqqı tutulacaq.

Xarici təcrübəyə baxdıqda isə məlum olur ki, Türkiyədə bu, 12,5 faiz, Rusiyada 5,1 faiz, Estoniyada 13 faiz, Almaniyada 14,6 faiz, Çex Respublikasında 13,5 faiz təşkil edir. Bu siyahını kifayət qədər uzatmaq olar. Ümumiyyətlə, bəzi ölkələrdə icbari tibbi sığorta haqqı yalnız işçi və ya yalnız işəgötürən tərəfindən ödənilir. Azərbaycanda isə dövlət büdcəsinin icbari tibbi sığorta ilə bağlı yükün böyük bir hissəsini üzərinə götürməsi də büdcənin sosialyönlü olmasının göstəricisidir".

2020-2023-cü illərdə ən yüksək sürətlə inkişaf edən sahələr xidmət sektorunda olacaq: məsələn, informasiya və rabitə xidmətlərinin bu dövrdə 30,1 faiz və turistlərin yerləşdirilməsi və ictimai iaşənin isə 24,9 faiz artacağı proqnozlaşdırılır: «Hansı ki, sənaye bu dövrdə Azərbaycanda 14,2 faiz artacaq. Azərbaycan de-industrializasiya dövrünə keçir. De-industrializasiya sənaye və aqrardan imtina demək deyil, sadəcə, xidmət sektorunun üstün artım tempinin təmin edilməsidir. Azərbaycan bir sıra tibb xidmətləri, təhsil, elm, nəqliyyat, logistika, İKT, maliyyə texnologiyaları, turizm kimi sahələrdə regional haba çevrilə bilər. Dünyada bir daha yeni “Silikon vadisi” yaranmayacaq. Amma dünyada sub-sektorlar və regionlar üzrə 30 yeni start-up habının yaranması proqnozlaşdırılır. Dördüncü sənaye inqilabı tələblərinə uyğun olaraq Azərbaycan məhz innovativ iqtisadiyyatın inkişafı istiqamətində getməlidir".

Büdcə qanunvericiliyi ile ilgili görsel sonucu

Büdcə qanunvericiliyi təkmilləşməlidir

İqtisadçı-ekspert Rövşən Ağayevin fikrincə, Azərbaycanda büdcə qanunvericiliyi təkmilləşdirilməlidir: “Növbədənkənar seçkilərdən sonra yeni parlamentin dərhal görməli olduğu ilk işlərdən biri büdcə qanunvericiliyinin təkmilləşdirilməsi olmalıdır. Prezident fərmanına görə, artıq 2021-ci ildən nəticə əsaslı büdcəyə keçidə start verilir. Hazırkı büdcə qanunvericiliyi isə yeni sistemə keçid üçün təkmil vəziyyətdə deyil. Büdcə qanunvericiliyində islahatların əsas istiqamətlərindən biri parlamentin büdcə səlahiyyətlərinin maksimum artırılması, icra hakimiyyətinin büdcə səlahiyyətlərinin məhdudlaşdırılması olmalıdır.

İcra hakimiyyəti parlamentin təsdiqlədiyi büdcə göstəricilərini dəyişdirə bilməməlidir, istənilən dəyişiklik parlamentin müzakirəsi ilə baş verməlidir".

Ekspertə görə, ehtiyat fondlarının ikisinin birlikdə xərclərdə payı maksimum 2 faizdən çox (hazırda 7 faizdir) olmamalıdır: “Əgər fövqəladə vəziyyətlər üçün əlavə maliyyəyə ehtiyac olarsa, parlament dərhal yığışıb büdcəni dəyişməklə icra hakmiyyəti üçün vəsait ayırmalıdır.

Büdcənin parlament müzakirələrinin vaxtı ən azı 15 gün artırılmalı, parlamentə büdcə qanununun təqdimi oktyabrın 1-dən gec olmayaraq baş verməli, büdcə müzakirləri ilə bağlı ayrıca prosedur müəyyən edilməlidir (hazırda bunu çox ümumi şəkildə Milli Məclisin daxili nizamnaməsi müəyyən edir)".

Rövşən Ağayev: ile ilgili görsel sonucu

R.Ağayevin fikrincə, Azərbaycanda büdcə təsnifatı da təkmilləşdirilməlidir: “Xüsusilə də beynəlxalq dövlət maliyyə statistikasında nəzərdə tutulmayan, şəffaflıq prinsiplərini pozan xərc bölmələri ləğv edilməlidir. Bura ilk növbədə ”əsas bölmələrə aid olmayan xidmətlər" kimi qeyri-müəyyən istiqamət daxildir. Bu cür təsnifat nəticə əsaslı büdcə sisteminə keçid mexanizmi ilə ziddiyyət təşkil edir.

Nəhayət, büdcənin ən böyük xərc maddəsi olan investisiya xərclərinin bölgüsü səlahiyyəti parlamentə keçməlidir.

Bu ölkədə parlamentin real hakimiyyət qoluna çevrilməsi üçün başlanğıc addım onun büdcə səlahiyyətlərinin genişləndirilməsi ilə başlanmalıdır".

Dünya SAKİT,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR